İranın təhdidləri Azərbaycanı qorxuda bilməz

post-img

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə İran XİN-in mətbuat katibi Nasir Kənani tərəfindən səslənmiş iddiaları şərh edib. A.Hacızadə deyib: 

"Xarici işlər naziri Ceyhun Bayramovun İsrail Dövlətinə səfəri çərçivəsində mətbuat brifinqinə istinadən İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənaninin martın 31-də açıqladığı iddialarla əlaqədar mətbuat kati­binə tövsiyə edirik ki, nazir Ceyhun Bayramovun səsləndirdiyi fikirlərə diqqətlə qulaq assın.

Məlum olduğu kimi, xarici işlər naziri Ceyhun Bayramov İsrail xarici işlər naziri ilə mətbuat bri­finqi zamanı İrana qarşı hər hansı bir mövqe səs­ləndirməyib. Bu xüsusda, İran tərəfindən verilən bu açıqlamanı növbəti anti-Azərbaycan addım kimi qiymətləndiririk.

Bildiririk ki, Azərbaycan öz ərazisindən üçüncü dövlətlərə qarşı istifadəyə heç zaman imkan ver­məyib.

Bunun əksinə, son zamanlar İran ərazisindən Azərbaycana qarşı təhdidlər səsləndirilir və təxri­batlara yol verilir. Bunlara misal olaraq, Azərbay­canın sərhədləri boyu İran tərəfindən hərbi təlimlə­rin keçirilməsini, sərhəd üzərindən hərbi uçuşların həyata keçirilməsini, İranın vəzifəli şəxsləri tərəfin­dən anti-Azərbaycan bəyanatların verilməsini, SE­PAH kimi İranın təhlükəsizlik strukturları tərəfindən hətta uşaqları cəlb etməklə və Xudafərin körpü­sünün yanında Azərbaycan əleyhinə təhdid dolu videoçarxların çəkilməsini və nümayişini, Azər­baycanın İrandakı səfirliyinə terror hücumunu, Milli Məclisin üzvü Fazil Mustafaya qarşı həyata keçi­rilmiş terror aktının istintaqının ilkin izlərinin İrana dəlalət etməsini göstərmək olar.

Bu gün İran-Ermənistan qardaşlığı bütövlükdə region üçün təhlükə olmaqda qalmaqdadır. Son 30 il ərzində İran faktiki olaraq səssiz razılığı ilə Ermənistanın Azərbaycan ərazilərinin işğalına göz yumub. 

Qeyd edilənlərlə əlaqədar mətbuat katibi Na­sir Kənaninin açıqlamasını qətiyyətlə pisləyirik. Bu açıqlama Azərbaycan-İran münasibətlərinin böh­ran vəziyyətinə salınmasında növbəti addımdır.

İran tərəfinin bu təhdidləri Azərbaycanı heç zaman qorxuda bilməz. İran ərazisindən Ermə­nistana göndərilən hərbi dəstəyə baxmayaraq, Azərbaycan Ordusu 2020-ci ildə işğalçı Ermənis­tan ordusunu darmadağın etdi. Bundan sonra da Azərbaycana qarşı hər hansı bir təcavüzün və təx­ribatın qarşısı qətiyyətlə alınacaq”.

 

Q.QASIMOV, “Xalq qəzeti”

Siyasət