Milli Məclisin sədri BMT-nin yüksək səviyyəli iclasında çıxış edib

post-img

Milli Məclisin sədri Sahibə Qafarova Nyu-Yorka işgüzar səfəri çərçivəsində Birləşmiş Millətlər Təşkilatınln “Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında transformativ həll yolu kimi sıfır tullantıların rolu” mövzusunda keçirilən yüksək səviyyəli iclasında iştirak edib.

Parlamentin Mətbuat və ic­timaiyyətlə əlaqələr şöbəsindən redaksiyamıza bildirilib ki, iclas Türkiyənin birinci xanımı Əminə Ərdoğan tərəfindən irəli sürülmüş “Sıfır tullantı” təşəbbüsü əsasında qəbul olunmuş BMT Baş Assamb­leyasının qətnaməsinə həsr edilib. Məclisdə çıxış edən Əminə Ərdo­ğan qeyd edib ki, milyonlarla can­lıya ev sahibliyi edən Yer üzünün gələcək davamlılığına həssaslıqla yanaşmalıyıq. O diqqəti tullantılar, iqlim dəyişikliyi, ərzaq qıtlığı və bu kimi digər qlobal problemlərə cəlb edib.

Milli Məclisin sədri Sahibə Qa­farova isə bəşəriyyətin üzləşdiyi bütün ciddi problemlər sırasında ətraf mühitin qorunmasının çox bö­yük əhəmiyyət kəsb etdiyini deyib, Əminə Ərdoğan tərəfindən irəli sü­rülən “Sıfır tullantı” təşəbbüsünün önəmini qeyd edib. Parlamentin sədri 2017-ci ildə milli səviyyədə irəli sürülən bu təşəbbüsün ha­zırda BMT Baş Assambleyasının qətnaməsi kimi dünya miqyasında dəstək qazanmasını təqdir edib. O qeyd edib ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva “Ümumi evimiz olan Dünya üçün Sıfır Tul­lantı üzrə Qlobal öhdəliyə dair Bə­yannamə”ni imzalayıb.

Dayanıqlı İnkişaf Məqsədləri­nin Azərbaycan üçün də prioritet təşkil etdiyini bildirən Sahibə Qa­farova deyib ki, ölkəmizdə qəbul olunan milli plan və strategiyalar ətraf mühit məsələlərinə xüsusi diqqət yetirilməklə DİM-in priori­tet və hədəflərinə uyğunlaşdırılıb. Təmiz ətraf mühit və yaşıl inkişaf 2030-cu ilə qədər yeni inkişaf stra­tegiyasının beş prioritet sahəsin­dən biri kimi müəyyən edilib. 2022-2026-cı illər üçün sosial-iqtisadi inkişaf strategiyasında tullantıların səmərəli idarə edilməsi sisteminin daha da inkişafı nəzərdə tutulur.

Parlamentin sədri təəssüflə vurğulayıb ki, ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında saxlanılması həm də ekoloji terrorla müşayiət olunub. 

***

Martın 30-da Türkiyə Respub­likasının birinci xanımı Əminə Ər­doğan, Milli Məclisin sədri Sahibə Qafarova, Birləşmiş Millətlər Təş­kilatının Baş katibi Antonio Qutte­reş və digər rəsmi şəxslər BMT-nin mənzil qərargahında fevralın 6-da Türkiyədə baş vermiş zəlzələdə həyatını itirən insanların xatirəsinə həsr olunmuş guşəni ziyarət edib­lər. 

Ziyarətçilər həlak olanların xa­tirəsini yad edib, burada yaradıl­mış sərgi ilə tanış olublar, xatirə kitabını imzalayıblar.

 

“Xalq qəzeti”

Son xəbərlər