Azərbaycan Daşkənd kinofestivalında təmsil olunacaq

post-img

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Özbəkistanın Kinematoqrafiya Agentliyinin baş direktoru Firdavs Abduhalikovla görüşüb.

Söhbətdə Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun Daşkənd filialının direktoru Eldor Yuldashev, Agentlik yanında Beynəlxalq münasibətlər şöbəsinin müdiri Sayera Xudayberdiyeva, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, səfirliyin birinci katibi Samir Abbasov iştirak ediblər.

Görüş zamanı Azərbaycan və Özbəkistan kino sahəsində əməkdaşlıq, iki ölkə kinematoqrafçılarının birgə layihəsinin reallaşdırılması, təcrübə mübadiləsinin aparılması, hər il Özbəkistanda keçirilən ənənəvi “İpək Yolunun incisi” adlı Daşkənd Beynəlxalq
Kino Festivalında Azərbaycan tərəfinin daha geniş təmsil olunması məsələləri müzakirə olunub.

Firdavs Abduhalikov Azərbaycanla kino sahəsində əməkdaşlığa daim böyük önəm verdiklərini qeyd edib, Özbəkistanda kino sahəsində həyata keçirilən islahatlardan danışıb.
Hüseyn Quliyev səmimi qəbula görə təşəkkür edərək bildirib ki, yüksək səviyyəli müntəzəm və səmərəli dialoq sayəsində Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq və çoxsahəli əməkdaşlıq münasibətləri bütün istiqamətlər üzrə dinamik inkişaf edir, dövlət başçılarının qarşılıqlı səfərləri, imzalanan çoxsaylı sənədlər buna gözəl əsas yaradır. O, kino sahəsində də əməkdaşlığın mühüm və vacib olduğunu vurğulayaraq, ötən illərdə bu sahədə əldə olunan nailiyyətləri yüksək qiymətləndirib.

Səfir yaranmış imkanlardan geniş istifadə edərək gələcəkdə səfirlik tərəfindən birgə layihələrin həyata keçirilməsinə dəstək göstərməyə hazır olduğunu ifadə edib.


Qulu KƏNGƏRLİ
Daşkənd

Son xəbərlər