Xalq yazıçısı Anar Özbəkistanın “Dostluq” ordeninə layiq görüldü

post-img

Özbəkistan Yazıçılar İttifaqı, ölkənin Mədəniyyət və Turizm Nazirliyi, Nəvai vilayət hakimiyyətinin birgə təşkilatçılığı ilə Nəvai şəhərində “Mumtoz she’riyat” beynəlxalq klassik poeziya festivalı keçirilib.

“Ədəbi dostluq, əbədi dostluq” devizi ilə keçirilən poeziya bayramında bütün türk dövlətlərindən qonaqlar, həmçinin Özbəkistanın şair və yazıçıları, mədəniyyət və incəsənət xadimləri iştirak edib.

Poeziya bayramında ölkəmizi Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar təmsil edib.

Açılış mərasimində Özbəkistan Prezidentinin müşaviri Xayriddin Sultanov iştirakçıları salamlayıb, Türk dünyasının şair və yazıçıları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi vacibliyindən danışıb. Sonra Azərbaycanın Xalq yazıçısı Anara “Dostluq” ordeni verilməsi ilə bağlı Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin sərəncamını oxuyub və mükafatı ona təqdim edib.

Anar yüksək mükafata görə minnətdarlığını bildirib. Türk dünyasının şair və yazıçıları arasında əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində görüləcək işlərdən danışıb.

Özbəkistan Yazıçılar İttifaqının sədri Siracəddin Səyyid son illərdə qurumun xətti ilə həyata keçirilən layihələrdən danışıb. O, 100 cildlik “Türk ədəbiyyatı inciləri” kitablarının, “İstiqlal
dövrü özbək nəvaişünaslığı” 30 cildliyinin, Əlişir Nəvainin “Xəmsə”sinin qazax dilində çap edildiyini diqqətə çatdırıb.

Sonra bu layihələrin təqdimatı keçirilib. Bildirilib ki, çoxcildliyin 16 kitabı Azərbaycan
ədəbiyyatına həsr olunub.

Digər Türk dövlətlərindən gələn yazıçı və şairlər də çıxış edərək belə ədəbi tədbirlərin daha çox keçirilməsini arzu ediblər.

Sonra “Mumtoz she’riyat” beynəlxalq klassik poeziya festivalı çərçivəsində TÜRKSOY Yazıçılar Birliyinin birinci yığıncağı keçirilib və əməkdaşlıq məsələləri müzakirə olunub.


Qulu KƏNGƏRLİ
Nəvai

Image_007.png

Sosial həyat