Ermənistanın mina təxribatları gizli hərbi təcavüzdür

post-img

Azərbaycan ərazilərində ermənilərin həyata keçirdiyi mina terroru davam etməkdədir. Son məlumata görə, bügünlərdə daha 2 nəfər günahsız vətəndaşımız mina qurbanı olub. Hadisə Ağdam rayonunun Yusifcanlı kəndində baş verib. 


Respublika Baş Prokurorluğunun mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, rayonun Səfərli köçkün qəsəbəsində məskunlaşmış 1999-cu il təvəllüdlü İsrail Həsənovun və 1987-ci il təvəllüdlü Amid Həsənovun rayonun işğaldan azad edilmiş Yusifcanlı kəndi ərazisində mina partlayışı nəticəsində ölmələri faktı üzrə prokurorluq əməkdaşları hadisə yerinə baxış keçirib, digər zəruri istintaq hərəkətləri aparıblar. Hazırda Ağdam rayon prokurorluğunda araşdırma davam etdirilir.
Məlumatda qeyd olunur: “2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan bu günə qədər Ermənistan silahlı qüvvələrinin basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçu və mülki şəxs olmaqla ümumilikdə 49 nəfər həlak olub, 234 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb”.
Xatırladaq ki, Ermənistanın işğalı dövründə Azərbaycan ərazilərində küllü miqdarda mina basdırılması ilə bağlı Prezident İlham Əliyev dəfələrlə ən yüksək beynəlxalq tribunalardan bəyanatlar səsləndirib. Lakin indiyədək Ermənistanın Azərbaycana qarşı başladığı işğalçılıq müharibəsinin nizamlanması üzrə vasitəçi olmuş ölkələr, eləcə də beynəlxalq təşkilatlar bununla bağlı Ermənistana hansısa irad bildirməyib. 
Bu barədə keçən il oktyabrın 13-də Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısındakı çıxışında da Azərbaycan lideri açıq bildirmişdi: “Təəssüf ki, 30 il ərzində biz erməni cəmiyyətinin bu cür vandalizmə qarşı heç bir etirazını eşitmədik, əksinə, hətta bu dağıntılar, erməni vandallar və hərbi cinayətkarlar təqdir edilir və qəhrəmanlaşdırılırdı”.
Prezident İlham Əliyev çıxışında onu da qeyd etmişdi ki, Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələr sırasındadır. İlkin hesablamalara görə, Ermənistan işğal zamanı bir milyondan çox mina basdırıb. “İkinci Qarabağ müharibəsinin başa çatmasından keçən iki il ərzində 250-dən çox Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub və ya ağır yaralanıb. Beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Azərbaycana ərazilərin minalardan təmizlənməsi məsələsini həll etmək üçün təxminən 30 il və 25 milyard ABŞ dolları lazımdır”.
Bununla belə, Ermənistan yenə də Azərbaycan ərazilərinə gizli yollarla minalar daşımaqda və onları ən təhlükəli yerlərdə, xüsusən hazırda Azərbaycan inşaatçılarının “Böyük qayıdış” üçün tikinti işləri ilə məşğul olduqları ərazilərdə basdırırlar. Bununla da, Ermənistan təkcə sülh yaradılması işinə mane olmur, həm də işğaldan azad edilmiş ərazilərimizdə bərpa işlərini və məcburi köçkün insanlarımızın öz yurdlarına qayıdışını gecikdirməyə çalışır. Ermənistanın mina təxribatları gizli hərbi təcavüz halını almaqla ciddi faciələrlə nəticələnir, Qarabağda dinc həyatı təhdid edir.
Hazırda bir qrup ekofəal Laçın–Xankəndi yolunda ermənilərin Qarabağdakı faydalı qazıntı yataqlarında həyata keçirdikləri ekoloji terrora qarşı aksiyanı davam etdirir. Bu tədbir həm də ermənilərin həmin yolda Qarabağ separatçılarına silah-sursat və mina daşımasının qarşısını almış oldu. Ermənistan rəsmiləri və Qarabağ separatçıları aksiyanı “humanitar böhran” kimi qələmə verib dünya ictimaiyyətini növbəti dəfə aldatmağa çalışsa da, sonrakı günlərdə alternativ yollarla Qarabağa silah daşındığı üzə çıxdı. Hətta bunun qarşısının alınması məqamında hər iki tərəfdən ölənlər olsa da, ermənilər yenə dayanmadılar. Sonrakı günlərdə məlum oldu ki, Ermənistandan Qarabağa daşınan hərbi sursat və minaların yükləndiyi hərbi maşınları ərazidəki Rusiya sülhməramlıları müşayiət edir. 
Əlbəttə, Azərbaycanın dünyaya doğru informasiya verdiyi, Ermənistanın isə daim saxta və yalan məlumatlarla beynəlxalq ictimaiyyəti aldatdığı hamıya gün kimi aydın olsa da, hələ də Qərbin rəsmi İrəvana hər hansı təzyiqinin şahidi olmuruq. Əksinə, bəzi dövlətlərin birmənalı şəkildə islamofob, türkofob mövqe sərgiləyərək, Ermənistana dəstək verdiyini görürük. Fransa bu məsələdə xüsusilə seçilir. İstər rəsmi Paris, istərsə də digər Avropa təsisatları Ermənistana təxribatları dayandırması ilə bağlı təzyiqlər göstərmək əvəzinə, əksinə, onun Azərbaycana qarşı hərbi təxribatlarını ört-basdır etmək üçün müxtəlif riyakarlıqlara əl atırlar. 
Bu gün Avropa İttifaqının yarımhərbi-yarımmülki  missiyasının Ermənistanda yerləşdirilməsi də bu ölkənin təxribatçılıq səylərini pərdələmək məqsədi daşıyır. Yox, əgər belə deyilsə, o zaman məhz bu missiyanın gözü qarşısında, eyni zamanda, sülhməramlıların müşayiəti ilə Ermənistandan Qarabağa davamlı olaraq silah-sursat, mina daşınmasına nə ad verilməlidir?!
Bunun nəticəsidir ki, demək olar, hər gün Qarabağın bu və ya digər nöqtəsində mina partlayışının, günahsız insan ölümünün şahidi oluruq. Amma unutmaq lazım deyil ki, günlərin birində Azərbaycanın səbri tükənəcək, “Dəmir yumruq” yenidən işə düşəcək. Sülhməramlı da, Aİ missiyası da yaxasını kənara çəkəcək, ortada qalıb əzab-əziyyətə düşən ermənilər olacaq. Əvəzində, yenə şivən qoparacaqlar ki, Azərbaycan Ermənistanı əzir.  İkinci Qarabağ müharibəsində olduğu kimi. Ona görə havadarları bu gün hayları təxribata şirnikləndirmək deyil, sülhə həvəsləndirmək qayğısına qalmalıdırlar. 


Paşa ƏMİRCANOV,  
“Xalq qəzeti”

Siyasət