Rusiyalı ekspert: Qərbi azərbaycanlılar əzəli torpaqlarına qayıtmayınca sülh müqaviləsinin bağlanması qeyri-mümkündür

post-img

Səkkiz sərhədyanı kənd Azərbaycanın ağuşuna qaytarılmayınca və Qərbi azərbaycanlılar öz əzəli torpaqlarında “reinstalyasiya” olunmayınca Azərbaycanla Ermənistan arasında sülh barədə danışmağa dəyməz.

“Zvezda” telekanalının hərbi icmalçısı, Rusiya-Azərbaycan Ekspert Şurasının üzvü Aleksandr Artamonov bu fikri AZƏRTAC-a müsahibəsində söyləyib.

Agentliyin müsahibi deyib: “Cari ildə Bakı ilə İrəvan arasında sülh müqaviləsi imzalana biləcəyini düşünmürəm. Qafqazda ümumi vəziyyət buna əngəl törədir. Təəssüf ki, burada ab-havanı idarə edənlər yerli aktorlar deyil, onların uzaqda yaşayan tərəfdaşları və himayədarlarıdır. Belə bir müqavilə Devid Urkvart üslubunda Böyük Oyunu təzələmiş britaniyalıları maraqlandırmır. Böyük “şahmat taxtası” üzərində həm Azərbaycan ilə Ermənistan arasında münaqişəyə, həm də, məsələn Gürcüstanda baş verən iğtişaşlara yer ayrılıb. Aşkar görünür ki, səkkiz sərhədyanı kənd Azərbaycanın ağuşuna (Zəngəzura – red.) qaytarılmayınca və Qərbi azərbaycanlılar öz əzəli torpaqlarında “reinstalyasiya” olunmayınca sülh barədə danışmağa dəyməz. Rusiyanın vasitəçiliyi çox şeyi dəyişdirə bilməz. Ola bilsin ki, Moskva üçün ən yaxşı çıxış yolu Ermənistanla Azərbaycan arasında şərti sərhəddə vəziyyətin nizamlanmasına qarışmamaq olacaq, çünki Azərbaycan cəmiyyətində artıq indidən sülhməramlıların hər hansı manevrlərinə ehtiyatla yanaşırlar”.

Rusiya sülhməramlı kontingentinin iki ildən artıq müddətdə bu regionda olmasına, yaxın vaxtlarda isə Avropa İttifaqı missiyasının da regiona gəlməsinə baxmayaraq, nə üçün silahlı toqquşmalar baş verir? Ekspert bu sualın cavabında deyib ki, belə insidentlərin qarşısını almaq mümkün deyil.

A.Artamonov vurğulayıb: “Dənizi qaşıqla boşaltmaq cəhdi uğursuz olduğu kimi, silahlı münaqişələrin də öhdəsindən gəlmək mümkün deyil. Avropa İttifaqının missiyası rəsmən bəyan edilmiş vəzifənin tamamilə əksi olan məqsəd güdür. Əslində onun məqsədi qarşıdurmanın yeni dövrəsini hazırlamaq və rusiyalıları Cənubi Qafqaz regionundan - əvvəlcə Azərbaycan ərazisindən, sonra isə Ermənistandan da çıxarmaqdır. Daha sonra əhalisinin sayı 50 mindən bir qədər çox olan Cənubi Osetiya rayonunda “partlayış” gözlənilir. Bunun həqiqi səbəbi odur ki, NATO bloku regionda yeni hərbi əməliyyatlar meydanı üçün əlverişli şərait yaratmaq istəyir. Qərb alyansının hərbçiləri Rusiyanın nəzarəti altında olan ərazini “ayı yuvası” adlandırmağı xoşlayırlar. Hazırda həmin “ayı yuvası” planlı şəkildə mühasirəyə alınır”.

Siyasət