Dünya Şərqlə Qərb arasında qarşıdurmaya şahidlik edir. Qarşıdurma son vaxtlar daha da kəskinləşərək çoxvektorlu xarakter alıb. Ziddiyyətlərin nüvəsində isə sözsüz ki, Rusiya–Ukrayna müharibəsi dayanır. Yəni ilk baxışdan da anlaşılan elə budur.
Amma məsələ yalnız Rusiya-Qərb qarşıdurmasında deyil. Çin–ABŞ, hələlik gizli şəkildə gedən ABŞ–Avropa İttifaqı qarşıdurması da diqqətdən yayınmır. Bəzi ekspertlər müxtəlif geosiyasi qüvvələr arasındakı siyasi və hərbi gərginliyi ikinci “soyuq müharibə” və ya yeni “soyuq müharibə” kimi dəyərləndirirlər. Hesab edilir ki, bir blok Çin, Şanxay Əməkdaşlıq Təşkilatı və Rusiya, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Avrasiya İqtisadi İttifaqı, ikinci blok isə ABŞ, Avropa İttifaqı və NATO-dan ibarətdir. Bunu, birinci “soyuq müharibə” hadisələri – ABŞ-ın rəhbərlik etdiyi Qərb bloku ilə Sovet İttifaqının rəhbərlik etdiyi Şərq bloku arasındakı qarşıdurma ilə eyniləşdirmək mümkündür.
Yeni dünya düzəni yenidən formalaşmaqdadır. İndi dünya “Soyuq müharibə”nin sona çatmasından bəri baş verən ən ciddi Şərq–Qərb qarşıdurmasının şahididir ki, onun fəsadları dünyanın qalan hissəsində də hiss olunur. Qoşulmama Hərəkatı beynəlxalq arenada daha nəzərəçarpan və səmərəli rol oynamalı, yeni dünya düzəninin yenidən formalaşmasında fəal iştirak etməlidir.
Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının Bakıda keçirilmiş Zirvə görüşündəki çıxışından
Yeni “soyuq müharibə”nin formal tətikcisi 2013-2014-cü illərdə Ukraynada baş verən siyasi böhran oldu. Əgər 1946-cı ildən 1980-ci illərin sonunadək yaşanan birinci “soyuq müharibə”nin elementləri hərbi və iqtisadi birliklər sisteminin yaradılması, xarici dövlətlərin ərazisində ABŞ və SSRİ-nin geniş hərbi bazaları şəbəkəsinin qurulması, hərbi xərclərin kəskin artması, təkrarlanan beynəlxalq böhranlar (Berlin böhranı, Karib böhranı, Koreya müharibəsi, Vyetnam müharibəsi, Əfqanıstan müharibəsi), SSRİ-nin Macarıstana, Çexoslovakiyaya hərbi müdaxiləsi, ABŞ-ın Qvatemalada təşkil etdiyi dövlət çevrilişi, müstəmləkə və asılı ölkələrdə və ərazilərdə milli-azadlıq hərəkatının yüksəlişi (qismən SSRİ-dən ilhamlanaraq), bu ölkələrin müstəmləkəsizləşməsi, “üçüncü dünya”nın, Qoşulmama Hərəkatının, neokolonializmin formalaşması idisə, yeni “soyuq müharibə” 2013-2014-cü illərdə Ukraynada baş verən hadisələr, ABŞ-Çin qarşıdurması (ticarət münaqişəsi, Tayvan problemi), Suriyadakı münaqişə və İŞİD-ə qarşı müharibə, Şimali Koreya, Venesuela və İran böhranı kimi özünü nümayiş etdirir. Ancaq 2022-ci ildə başlanan Rusiya–Ukrayna müharibəsi bu qarşıdurmanın daha kəskin fazasına qədəm qoymasına səbəb oldu.
Qərb və Şərq heç vaxt görüşməyəcək
İngilis ədəbiyyatının görkəmli nümayəndəsi, Nobel mükafatı laureatı Redyard Kiplinq özünün “Qərb və Şərq haqqında ballada”sında yazırdı:
Ah, Qərb Qərbdir, Şərq Şərqdir, onlar heç vaxt görüşməzlər,
Nə qədər ki, Səma və Yer Allah onları yaratdığı kimidir.
Ancaq Qərb və Şərq yoxdur, millətlər və maneələr yoxdur,
İki güclü və cəsur kişi bir-birinin gözlərinə baxanda.
Bəlkə də məşhur ədib öz qənaətində haqlıdır. Ancaq bu fikir də yayğındır ki, “Şərq” sözünün sonu “Qərb”in ilk hərfi ilə başlayır. Bu baxımdan, Şərq–Qərb qarşıdurması hər zaman diqqətlə izlənilir.
İndi gəlin, bu günün dəyişən mühitində bəzi dərin tendensiyalara diqqət yetirək.
Birincisi, uzun illər ABŞ-ın eyni vaxtda iki müharibə (Moskva və Pekinlə) aparmaq iqtidarında olmadığı barədə populyar fikir var idi. Lakin görünən odur ki, Vaşinqton Ukraynanı dəstəkləməklə Rusiyanı zəiflətmək cəhdindən əl çəkməyəcək və paralel olaraq Çinə əsas rəqib kimi baxacaq.
ABŞ həm Çini, həm də Rusiyanı özünə düşmən elan etsə, o zaman Qərb təkcə Çin–Rusiya bloku ilə üz-üzə qalmalı olmayacaq.
Çarlz Kapçan, Corctaun Universitetinin professoru
Corctaun Universitetinin professoru, ABŞ Xarici Əlaqələr Şurasının baş elmi işçisi Çarlz Kapçan bu xüsusda qeyd edib ki, düşmən tapmaq təcrübəsi çoxdan öz faydalılığını itirib. Onun sözlərinə görə, əgər Birləşmiş Ştatlar həm Çini, həm də Rusiyanı özünə düşmən elan etsə, o zaman Qərb təkcə Çin–Rusiya bloku ilə üz-üzə qalmalı olmayacaq, həm də öz maraqlarını müdafiə etmək və dünya nizamını yenidən qurmaq üçün birləşəcək daha çox sayda ölkə ilə qarşılaşacaq. Professor fikrini gücləndirmək üçün diqqəti İndoneziya Prezidenti Coko Vidodonun “qruplaşma”dan imtina edərək, Rusiyanı G20 sammitinə qətiyyətlə dəvət etməsinə yönəldir: “Üstəlik, yarım əsrdən çox təcrübə ilə sübut edilmiş ASEAN mexanizmi Asiyada fəaliyyət göstərir. Bu prosesdə neytrallıq və tərəf seçməkdən imtina onlar üçün effektiv prinsipial mövqelərə çevrildi. Faktlar sübut edir ki, “ASEAN modeli” Asiya üçün “NATO modeli”ndən daha faydalıdır”.
İkincisi, ABŞ bir tərəfdən uzunmüddətli strateji rəqibin müqavimətini qırmaq ümidilə Rusiyaya hərbi təzyiq göstərir, digər tərəfdən, son iki ayda Vaşinqton dəfələrlə qalib gəlməyə deyil, problemi sülh danışıqları yolu ilə həll etməyə çalışdığına işarə edib. Müxtəlif mənbələrin gündəlik təhlili onu deməyə əsas verir ki, informasiya məkanı Amerikanın özündə böyük anti-müharibə təzyiqini qiymətləndirmir. Ukrayna ətrafında vəziyyəti qızışdırmağı dayandırmaq çağırışları tez-tez eşidilir. Bundan əlavə, demokratlar aralıq seçkilərdə uduzublar, əgər 2024-cü ildə respublikaçılar hakimiyyətə gəlsələr, Rusiya-Ukrayna müharibəsi əsaslı şəkildə fərqli istiqamət ala bilər. Oxşar dəyişikliklər Avropada da baş verir.
Üçüncüsü, Ukraynada hərbi əməliyyatı davam etdirən Rusiya Qərbə qarşı çıxmaq üçün enerji və maliyyə alətlərindən yararlanır. Reallıq budur ki, Rusiya Qərblə qarşıdurmada məğlub olmayıb, əksinə, böyük dövlət kimi regional və beynəlxalq proseslərin inkişafına təsirini davam etdirir.
Rusiyanın Asiyaya daha çox açılmasına, həmçinin, Çinin artan qüdrətinə paralel olaraq ABŞ Asiya–Sakit okean regionunda varlığını gücləndirməyə davam edir. ABŞ, Böyük Britaniya və Avstraliyadan ibarət AUKUS alyansı, Hind-Sakit okean dördlüyü (Hindistan, ABŞ, Yaponiya və Avstraliya) kimi təşkilatlar yaratmaq cəhdlərinin güclənməsi bunun göstəriciləri sayıla bilər. Bu mənada, Şərqlə Qərb arasında müxtəlif regionlarda gərginliyin yeni mərhələsinin başlanacağını proqnozlaşdırmaq mümkündür.
İlyas HÜSEYNOV,
politoloq
Hazırda Şərqlə Qərb arasında toqquşma baş verir. Biz bunun nəzəri formalarını müəyyən qədər amerikalı sosioloq Samuel Hantinqtonun “Sivilizasiyaların toqquşması” əsərində də rast gəlirik. Doğrudur, nəzəriyyəçi kimi tanınan Hantinqton öz əsərində tamamilə başqa yanaşmaları qeyd edib. Lakin hazırda Şərqdə baş verən texnoloji inqilablar, irəliləyişlər həm də Qərb ilə müəyyən mübarizə müstəvisini formalaşdırır. Eyni zamanda biz, Rusiya–Ukrayna müharibəsində ayrı-ayrı dövlətlərin Ukraynanın ərazi bütövlüyünün müdafiəçisi kimi çıxış etməklə, ona siyasi, iqtisadi, enerji, maliyyə, hərbi, logistik dəstək göstərdiklərini görürük. Rusiyanı da hansısa formada dəstəkləyən dövlətlər də bunu açıq və ya gizli şəkildə bəyan edirlər.
Eyni zamanda, qeyd etmək lazımdır ki, bu qarşıdurma əvvəllər də mövcud idi. Müəyyən müqayisələr aparılır, komparativ analizlər irəli sürülürdü. Bu gün isə açıq mübarizənin şahidiyik. Bu mübarizədə kim qalib gələcəksə, onun üzərində də dünya düzəni formalaşacaq. Təbii ki, Qərb koalisiyası təkqütblü dünyanın tərəfindədir. Rusiya isə çoxtərəfliliyin, çoxqütblülüyün mübarizəsini aparır. Görürük ki, Rusiya-Ukrayna müharibəsi lokal müharibə deyil, onun miqyası, ora cəlb olunan dövlətlərin maraqları, geosiyasi ambisiyalar və texnoloji korporasiyalar arasında mübarizə də özünü göstərir. Heç şübhəsiz ki, bu gün süni intellekt və hibrid savaş gedir. Ona görə ən müasir mübarizə metodlarını müşahidə edirik. Bizim üçün də, bu, bir təcrübədir ki, hansı dövlətin silahı, döyüş taktikası, asimmetrik savaş aparmaq qabiliyyəti üstündürsə, ona uyğun da öz müdafiə potensialımızı, təhlükəsizlik seqmentimizi daha da inkişaf etdirək.
Səxavət HƏMİD, “Xalq qəzeti”