Beynəlxalq aləm Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun martın 2-də Bakıda keçirilmiş Zirvə görüşündən danışır. Dünyanın ayrı-ayrı media orqanlarının, eləcə də ekspert dairələrinin mövzuya yanaşmasındakı fikirlərini təhlil edərkən üç məqamın üzərində dayanmaq mümkündür: 1. Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi keyfiyyətlərinin qabardılması, onun QH-ni beynəlxalq ədalətin yüksək səslə bəyan edildiyi tribunaya çevirməsi. 2. Zirvə görüşünün yüksək səviyyədə təşkili ilə Qoşulmama Hərəkatının beynəlxalq miqyasdakı nüfuzunun artması. 3. Azərbaycanın QH-yə dünya üzrə əlahiddə təşkilat statusu qazandırması.
Əlbəttə, dövlətimizin başçısının zirvə görüşündəki anti-Fransa tezisləri də kifayət qədər yüksək səslə tirajlanmaqdadır. Bu fonda dünya mediası Fransanın müxtəlif illərdə Afrika ölkələrində həyata keçirdiyi soyqırımı cinayətlərinə də diqqət ayırmaqdadır. Bakı zirvəsi mövcud xüsusda, bir növ, katalizator rolunu oynadı desək, yanılmarıq.
Məsələn, Moldovanın “Noi” xəbər portalındakı “Əliyev: Fransa qanlı müstəmləkə cinayətlərinə görə üzr istəməlidir” sərlövhəli məqalədə qeyd olunub ki, Qoşulmama Hərəkatı Qəmər Adaları İttifaqının Fransanın müstəmləkə hakimiyyəti altında qalmaqda davam edən Mayot adası üzərində şəksiz suverenliyini həmişə dəstəkləyib. Məqalədə Prezident İlham Əliyevə istinadla yazılıb ki, Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. “Biz, həmçinin Fransanı Afrika, Cənub–Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırırıq”, – deyə dövlətimizin başçısının söylədikləri olduğu kimi verilib.
Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakı Zirvəsi, bu xüsusda Azərbaycan Prezidentinin tədbirdəki çıxışı Rusiyanın media vasitələrinin də geniş işıqlandırdığı mövzulardandır. Söhbət, konkret olaraq, “TASS” agentliyinin, “Lenta.ru” saytının, “Moskovski komsomolets” və “Profil” nəşrlərinin təqdimatlarından gedir. Bu media qurumları dövlətimizin başçısının çıxışındakı ayrı-ayrı məqamları qabardıblar. Mövcud xüsusda Prezidentin Azərbaycan hökumətinin 2021-2022-ci illərdə Qarabağın bərpasına 4 milyard dollar ayırdığına, ölkəmizin bu bərpa işlərini öz vəsaiti hesabına həyata keçirdiyinə, eləcə də bu il həmin məqsədlərə daha 1,7 milyon dollar vəsait ayrılacağına dair fikirləri önə çəkib.
Dövlətimizin başçısının Qarabağda kənd və şəhərlərin sıfırdan, “ağıllı kənd” və “ağıllı şəhər” prinsipi ilə tikildiyi ilə bağlı səsləndirdikləri məqamların vurğulandığı təqdimatlarda ölkəmizin liderinin Qoşulmama Hərəkatının ehtiyacı olan üzv ölkələrinə maliyyə və humanitar yardım göstərməyə davam edəcəyinə, Afrikanın və inkişaf edən kiçik ada dövlətlərinin pandemiyadan sonrakı bərpasını dəstəkləmək məqsədilə vəsait ayırması barədə bəyanatından bəhs edilib. Bundan başqa, Azərbaycan Prezidentinin QH-nin digər üzvlərini də bu təşəbbüsü dəstəkləməyə çağırdığı, eləcə də BMT-nin COVID-19-dan sonra Qlobal Bərpa üzrə Yüksək Səviyyəli panelinin yaradılmasını təklif etdiyi vurğulanıb. Dövlətimizin başçısının Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılması təklifi də Rusiya KİV-inin önə çıxardığı məsələlərdəndir.
***
Türkiyə mediasının Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakı Zirvə görüşünə yer verməsinə gəlincə, burada da kifayət qədər dolğun məqamların vurğulanması diqqət çəkib. Qardaş ölkənin Anadolu agentliyində, “TRT Haber” telekanalında, “Yeni Şafak”, “Milad”, qəzetlərində, həmçinin, “Ensonhaber.com”, “Sondakika.com” saytlarında yayımlanmış materiallarda Prezident Əliyevin Fransanın müstəmləkəçilik siyasətini davam etdirməsinə sərt etirazı, dövlətimizin başçısının dünyada neokolonializm meyillərinin artdığını vurğulaması, beynəlxalq miqyasda suverenlik və ərazi bütövlüyünün pozulmasını, dövlətlərin daxili işlərinə müdaxilə hallarının çoxalmasını, beynəlxalq təşkilatların qərarlarının yerinə yetirilmədiyini, yaxud ikili standartlarla həyata keçirildiyini bildirməsi üzərində dayanılıb. Mövcud xüsusda Azərbaycan torpaqlarının otuz ilə yaxın müddətdə davam etmiş işğalına, işğal dövründə Fransanın Ermənistana açıq şəkildə dəstək göstərdiyi vurğulanıb.
Ümumən, sadaladığımız KİV-də mövzuya dair məqalələrin diqqət çəkən başlıqları “Azərbaycan Prezidenti İlham Əliyev qanlı müstəmləkə cinayətləri və soyqırımı əməllərinə görə Fransaya çağırış etdi”, “Prezident Əliyevdən Fransaya ultimatum: Soyqırımlar üçün üzr istə, o adalardan çıx!” şəklində olub. “Ensonhaber.com” saytı Prezident İlham Əliyevin Fransanın müstəmləkə cinayətləri və soyqırımı əməllərinə görə üzr istəməsi barədə tələbinin bu ölkənin Prezidenti Emmanuel Makronun Afrika ölkələrinə səfərə başladığı dövrə təsadüf etməsinə diqqət çəkib.
Qardaş ölkə mətbuatında dərc olunan məqalələrdə Azərbaycan Prezidentinin dünya düzəninin yenidən formalaşmaqda olması, “Soyuq müharibə”nin sona çatmasından bəri beynəlxalq aləmdə ən ciddi Şərq–Qərb qarşıdurmasının yaşanması, habelə BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasının vacibliyi və Qoşulmama Hərəkatının Təhlükəsizlik Şurasında təmsil olunması barədə fikirlərinə də geniş yer verilib.
***
COVID-19 pandemiyasından ən çox zərər görmüş beşinci ölkə olan Braziliyanın Dövlət Televiziya və Radio Agentliyi Qoşulmama Hərəkatının martın 2-də Bakıda keçirilmiş Zirvə görüşünü birbaşa yayımlayıb. Ölkənin tamaşaçı auditoriyasına Azərbaycanın bu mötəbər təşkilatda sədrliyindən və fikir ayrılıqlarına baxmayaraq, dünyanın bir çox ölkələrini bir gündə Bakıda toplamasından bəhs edilib. Telekanalın təqdimatında Prezident İlham Əliyevin nümunəvi lider obrazı yaradılıb, habelə, onun COVID-19 pandemiyasının ağır fəsadlarını aradan qaldırmaq üçün yorulmadan çalışdığı, təşəbbüslər irəli sürdüyü vurğulanıb. Braziliyanın dövlət televiziyası xəbərlərində, eyni zamanda, zirvə görüşünün Afrika ölkələrinə xüsusi diqqət və qayğının göstərilməsi aktuallığından söz açıb.
***
Misirin “Cairo24” informasiya portalı Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycan Prezidenti İlham Əliyevin çıxışından əsas məqamları dərc edib. Materialda diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev QH-nin son bir neçə ildə beynəlxalq münasibətlərdə mühüm aktorlardan birinə çevrildiyini, pandemiyanın başlamasından dərhal sonra COVID-19-a qarşı qlobal səyləri səfərbər etmək təşəbbüsü ilə çıxış etdiyini bildirib.
Liviyanın LANA agentliyinin xəbərində Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi vurğulanıb, bu münasibətlə Liviya Prezident Şurasının sədri Məhəmməd Yunis Əl-Mənfinin Prezident İlham Əliyevə təşəkkür etdiyi qeyd edilib. Xəbərdə diqqətə çatdırılıb ki, Liviya Prezident Şurasının sədri COVID-19 pandemiyasının bəşəriyyətə silahlı münaqişələrdən də çox ziyan vurduğunu deyib, bütün dövlətləri öz ölkəsində münaqişənin həllinə və sabitliyə kömək etməyə çağırıb.
İraqın INA agentliyinin xəbərində qeyd edilib ki, Azərbaycan Qoşulmama Hərəkatının tarixində ən uğurlu sədrlik edən ölkə olub və bəşəriyyət üçün ən ağır bir zamanda – COVID-19 pandemiyası dövründə mühüm və faydalı təşəbbüslərlə çıxış edib. Materialda İraq Prezidenti Əbdüllətif Camal Rəşidin zirvə görüşündə çıxışına geniş yer verilib. Qeyd olunub ki, İraqın dövlət başçısı pandemiya ilə əlaqədar ölkəsində hələ də mövcud olan problemlərdən, iqlim dəyişikliyi ilə bağlı görülən işlərdən ətraflı bəhs edib.
Əlcəzairin APS informasiya agentliyinin xəbərində də Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatına uğurlu sədrliyi dövründə irəli sürülən təşəbbüslərdən, COVID-19-a qarşı mübarizədə ölkəmizin lider mövqeyindən bəhs olunub. Materialda Əlcəzairin Baş naziri Ayman Benabderrahmanın sammitdəki çıxışından əsas məqamlar yer alıb.
Birləşmiş Ərəb Əmirliklərinin “AL24” telekanalı, “Şarjah24” və “Əl İttihad” portalları BƏƏ-nin Ali Şurasının üzvü, Ras əl-Xeymə Əmirliyinin hakimi Şeyx Saud Bin Saqr Al Qasiminin zirvə görüşündə iştirakından bəhs olunub, Qoşulmama Hərəkatının Azərbaycanın sədrliyi altında yeni məzmun və nüfuz qazandığı qeyd edilib.
Küveytin KUNA agentliyi də öz saytında Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü haqqında xəbər və fotoşəkillər yerləşdirib.
Ə.CAHANGİROĞLU,
“Xalq qəzeti”
P.S. Yazının hazırlanmasında AZƏRTAC-ın materiallarından istifadə edilib.