Emal sənayesi ixracı genişləndirir

post-img

Prezident İlham Əliyev tərəfindən prioritet istiqamətlərdən biri elan olunan aqrar sahədə görülən tədbirlər nəticəsində bu sektorun davamlı inkişafı təmin edilib, artım tempinin qorunub saxlanılması reallaşdırılıb. Buna görə də təkcə ötən il kənd təsərrüfatında 3,4 faiz artım qeydə alınıb. Bu gün emal sənayesinin inkişaf etdirilməsi də diqqət mərkəzində saxlanılır, bununla əlaqədar müxtəlif layihələr gerçəkləşdirilir, Kənd Təsərrüfatı və İqtisadiyyat nazirlikləri tərəfindən aqrar sahədə istehsalın və emal sənayesinin inkişafına dair birgə tədbirlər planı həyata keçirilir. Həmin planda kənd təsərrüfatı təyinatlı ərazilərin səmərəli istifadəsi məqsədilə həmin torpaqların icarəyə və istifadəyə verilməsi mexanizmi təkmilləşdirilir. Eyni zamanda, yaxın gələcəkdə kənd təsərrüfatı məhsullarının ixracı üzrə prosedurların sadələşdirilməsi, ixracyönümlü aqrar istehsal mallarına gömrük və vergi güzəştlərinin tətbiqi nəzərdə tutulur.

İşğal altında olan torpaqlarımızın er­məni faşizmindən azad edilməsi Qara­bağ və Şərqi Zəngəzur iqtisadi rayonla­rında kənd təsərrüfatının bərpası, habelə yenidən inkişafı üçün əlverişli imkanlar yaradıb. Əkin dövriyyəsinə yeni ərazilərin daxil olunması məhsul istehsalının artırıl­masını şərtləndirib.

Ümumiyyətlə, Qarabağ bölgəsinin münbit torpaqları taxıl, tərəvəz və mey­və istehsalını artıracaq, heyvandarlığın inkişafına təkan verəcək. Hazırda həmin ərazilərdə həyata keçirilən mühüm infrastruktur layihələri kənd təsərrüfatının inkişafına dəstək olacaq. Aqrar emal müəssisələrinin inşası bölgədə aqrar sektorun yeni tərəqqi mərhələsinə daxil olmasına əsaslı təsir göstərəcək.

Qeyd edildiyi kimi, kənd təsərrüfatı­nın inkişafı istiqamətində reallaşdırılan islahatlar, bu sahədə məhsul istehsal­çılarına edilən güzəşt və yardımlar ölkə iqtisadiyyatında mövcud sektorun inkişa­fına əhəmiyyətli dərəcədə zəmin yaradıb. Aqrobiznes sahəsində torpaq sahələrin­dən və su resurslarından səmərəli isti­fadə olunması, əlavə dəyər yaradacaq istehsal sahələrinin qurulması, o cümlə­dən, aqrar sektorda müasir texnologiya­ların təbiqi, həmçinin elmi yanaşma yolu ilə emal prosesinin gücləndirilməsi ixrac imkanlarını artırıb. Bütün bunlarla yana­şı, dövlət-özəl tərəfdaşlığı imkanlarından istifadə genişləndirilib, klasterləşmənin tətbiqinə, sahibkarlığın inkişafına xüsu­si önəm verilib. 

Kənd təsərrüfatı məhsulları isteh­salında su ehtiyatları potensialından səmərəli istifadə də bu gün mühüm önəm daşıyır. Yeri gəlmişkən, Prezident İlham Əliyevin “Su ehtiyatlarından səmərəli isti­fadənin təmin edilməsi ilə bağlı əlavə təd­birlər haqqında” Sərəncamına əsasən, ölkədə 20 ədəd suvarma kanalının,10 ədəd su anbarının tikintisi nəzərdə tu­tulur. Bu tədbirlərin həyata keçirilməsi əlavə su ehtiyatlarının yaradılmasına, su ehtiyatlarının düzgün idarə edilməsinə səbəb olacaq.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Mehman İsmayılov bu günlərdə Bakıda keçirilən “Agro Business Forum Azerbaijan–2023” tədbirində bildirib ki, Azərbaycanda emal sənayesinin böyük perspektivləri var. Bu, kənd təsərrüfatı istehsalında, o cümlədən, daxili istehlak və ixrac potensialında özünü qabarıq bü­ruzə verir. Məsələn, 1 hektar sahədən, təqribən, müəyyən həcmdə iri kalibrli və bazarda sərfəli qiymətə satıla biləcək meyvə yığılırsa, müəyyən həcmdə kiçik kalibrli meyvə də toplanılır və onun baza­ra çıxışı istehsalçı üçün rentabelli olmur. Yəni, həmin məhsulun satış gəliri bazara çıxarılması xərclərinə yaxın olduğundan fermer məhsulun satışını reallaşdırmaq­da maraqlı olmur. Bu halda, ən yaxşı yol məhsulu emal üçün təqdim etməkdir.

Ona görə də hazırda quru meyvə istehsalı, meyve konservasiyası sahələ­rinin təşviqinə ehtiyac var. Məhsulun satışını həm ixrac, həm də emal imkan­ları fonunda genişləndirmək lazımdır. Bu baxımdan, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və digər qurumlarla birgə son dövrlərdə bir sıra kənd təsər­rüfatı texnikalarının və onların ehtiyat hissələrinin vergidən azad olunması is­tiqamətində ardıcıl addımlar atılması mü­hüm önəm daşıyır. 

Yeri gəlmişkən, vergidən azad edil­miş kənd təsərrüfatı texnikalarının ayrıca siyahısı təsdiqlənib. Emal avadanlıqları­nın da iqtisadiyyatda yaradılan dəyərdə əhəmiyyətli perspektivləri təsdiqlənib. Bu sahədə tədbirlərin bundan sonra da davam etdirilməsi emal sənayesinin da­vamlı inkişafını və müsbət göstəricilərin əldə olunmasını şərtləndirəcək.

İqtisadi İslahatların Təhlili və Kommu­nikasiya Mərkəzinin “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin rəhbəri Nicat Hacı­zadənin sözlərinə görə, aqrar və emal sənayesi məhsullarının birgə ixracı qey­ri-neft ixracının 30,4 faiz təşkil edir. Tək­cə aqrar-sənaye məhsulları isə qeyri-nef­tin 6,5 faiz həcmindədir. Azərbaycanın aqrar məhsullarının əksər hissəsi Rusiya bazarlarına ixrac olunur. 

Aqrar-sənaye ixracının strukturuna nəzər saldıqda əsas hərəkətverici mallar şəkər və qənnadı məhsulları, heyvan və bitki mənşəli yağlar və emal edilməyən meyvə-tərəvəzdir. Bu üç mal qrupunun ümumi ixracı isə 96,3 milyon ABŞ dolları təşkil edir. 

Nicat Hacızadə ixrac statistikamıza əsaslanaraq bildirir ki, Azərbaycanın ix­rac etdiyi məhsulların 60-65 faizi xam­mal, yəni aralıq məhsullardır. Təxminən, 25-26 faiz məhsullar isə hazır şəkildə ixrac olunur. Cəmi 1-2 faiz məhsul var ki, onlar kapital tutumlu məhsullar sayı­lır. Bura da əsasən texnologiya məhsul­ları aiddir. Halbuki, ölkəmiz orta texno­loji məhsulların ixracını həyata keçirir. Amma İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələri ilə müqayisədə bizim bu sahədə ixracımız çox aşağıdır. Lakin “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda orta və yüksək texnoloji məhsulların istehsal və ixrac olunması ilə bağlı müddəalar var. Həmin müddəaların həyata keçirilməsi üçün isə tədbirlər planı mövcuddur.

Ötən il ərzində ixrac edilmiş aqrar məhsulların dəyəri 717,5 milyon ABŞ dolları, emal sənayesi məhsullarının dəyəri isə 190,8 milyon ABŞ dolları olub. Bu, bir daha ixracımızın diversifikasi­yasının daha çox artırılması zərurətini göstərir. Eyni zamanda, belə bir hal xa­rici tərəfdaşların Azərbaycandan daha çox sənayeləşmiş aqrar məhsulların ixracı istəyində də özünü büruzə verir. Məsələn, meyvə-tərəvəz məhsullarının faraş halında ixracı dayanıqsızdır, amma onu emal sənayesi məhsulu kimi qəbul etmək tərəfdaşlar üçün daha əlverişlidir.

 

Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”

İqtisadiyyat