Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Laçın–Xankəndi yolunda keçirilən etiraz aksiyasına diqqət getdikcə artmaqdadır..
Məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Xarici işlər nazirinin müavini Elnur Məmmədov Cenevrə şəhərinə səfəri çərçivəsində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) prezidenti Miryana Spolyariç Egger ilə görüşündə Laçın yolu ətrafında vəziyyət də müzakirə olunub.
Nazir müavini Laçın yolundan sui-istifadə də daxil olmaqla, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyətə qarşı həyata keçirilən etirazlar dövründə BQXK ilə əməkdaşlıqdan məmnunluqla bəhs edib. BQXK əməkdaşlarının da şahid olduğu kimi, Laçın yolunun, guya, Azərbaycan tərəfindən bağlanması, erməni sakinlərinə qarşı tətbiq edilən “blokada” və “humanitar fəlakət”lə bağlı irəli sürülən iddiaların heç bir əsasının olmadığını vurğulayıb. BQXK-nın ərazidə fəaliyyət göstərməsinin, avtomobillərinin yoldan mütəmadi istifadə etməsinin buna sübut olduğu bildirilib. Vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin yol boyu hərəkət rejiminin dəyişməz olaraq qaldığı, Azərbaycan tərəfinin birbaşa və ya BQXK vasitəsilə yerli əhaliyə hər bir yardım göstərməyə hazır olduğu Elnur Məmmədov tərəfindən diqqətə çatdırılıb.
Ağ Evin və “Ami Magazine” jurnalının baş müxbiri, aksiya yerində olmuş jurnalist Ceyk Törks “Newsmax” telekanalına müsahibəsində bildirib ki, Laçın–Xankəndi yolundakı etirazçılar mina çirklənməsindən, həmçinin Qarabağdakı ekologiya və ətraf mühitin vəziyyətindən narahatdırlar: “İki aydan çoxdur ki, Laçın yolunda etirazların keçirildiyinin şahidi oluruq. Bu da narahatlıq yaradır. Rusiya Ermənistanla hərbi sahədə müttəfiqdir. Amma 2020-ci ildə müharibə başladıqdan sonra Rusiya öz müttəfiqinə hərbi yardım göstərilməsi nöqteyi-nəzərdən gözə dəymədi. Azərbaycan 44 gün ərzində 1990-cı illərdə baş vermiş Birinci Qarabağ müharibəsi zamanı əlindən alınmış ərazilərini azad edə bilib. Beləliklə, rusiyalı sülhməramlılar bölgəyə sülhün dəstəklənməsi üçün yerləşdirilib. Amma bu məsələ ilə bağlı hər iki tərəf narahatlığını bildirib. Məsələn, Azərbaycan tərəfi iddia edib ki, müharibə başa çatdıqdan sonra Rusiya sülhməramlılarının nəzarəti altındakı yol vasitəsilə qaçaqmalçılıq yolu ilə minalar gətirilib və həmin ərazilərdə basdırılıb. Minaların partlaması nəticəsində 2 jurnalist daxil olmaqla, 50 mülki şəxs həyatını itirib”.
Jurnalist deyib ki, Laçın yolu bağlanmayıb, orada heç bir blokada görməyib: “Mən Laçın yolunda avtomobillərin maneəsiz keçdiyinin şahidi oldum”. C.Törks əlavə edib ki, hətta bir qədər məyusluq da hiss edir, çünki belə uzun məsafə gedib, lakin iddia olunduğu kimi, hazırda Laçın yolunda baş verən “blokadanı” görə bilməyib.
Azərbaycanın azad edilmiş ərazilərində müvəqqəti yerləşdirilən rusiyalı sülhməramlılardan danışan C.Törks deyib ki, həm Bakı, həm də İrəvan onların bu ərazidə yerləşdirməsindən bir qədər narahatdır.
Fevralın 27-də Laçın–Xankəndi yolunda keçirilən etiraz aksiyası yerinə gedən bir qrup xarici media orqanının əməkdaşları gördükləri mənzərəni təmsil etdikləri mətbuat orqanında işıqlandırırlar.
Azərbaycanlı ekologiya fəallarının etirazını işıqlandıran "The Travel Magazine" jurnalının əməkdaşı Robert Parker deyib ki, bu onun Qarabağa ilk səfəridir: “Laçın–Xankəndi yolunda ətraf mühitin çirklənməsinə, təbii sərvətlərin qanunsuz istismarına etiraz edən ekoloqların tələbləri çox önəmlidir. Gənclərin ekoloji cinayətlərə qarşı etirazını görməkdən çox xoşbəxtəm və qürur duyuram. Təbiətin gözəlliyini qorumaq Yer kürəsinin hər bir sakininin borcudur. Qarabağda çox gözəl dağlar var. Düşünürəm ki, ekofəalların çirklənməni dayandırmaq üçün etdikləri çox önəmlidir".
İspaniyalı jurnalist Beya Ximenes xatırladıb ki, ekofəalların etiraz aksiyasının bu gün də davam etdiyi Xankəndi-Laçın yolunda heç bir blokada yoxdur, humanitar yardım daşıyan avtomobillər bu yoldan sərbəst keçirlər: “Bu yolda etirazçılar təbii sərvətlərin istismarı, ərazilərin minalanmasına son qoyulmasına tələb edirlər. Bu, çox yaxşı təşəbbüsdür. Aksiya dinc xarakter daşıyır”.
Kanadalı bloger Qreqori Lipovetski jurnalistlərə deyib ki, azərbaycanlı ekologiya fəallarının məqsədlərinə çatmasını arzu edirəm. O, təəssüflə qeyd edib ki, ekologiya fəallarının Laçın–Xankəndi yolunda keçirdikləri etirazlar xaricdə geniş işıqlandırılmır: "Təəssüf ki, dünyanın o tayında bu barədə məlumatımız yoxdur. Bu barədə yazmırlar, televiziyada yayımlamırlar. Bu barədə məlumat almaq yaxşı olardı". Qreqori Lipovetski Azərbaycana ilk dəfədir səfər etdiyini və buranın gözəlliyinə, tarixinə və Azərbaycan xalqının qonaqpərvərliyinə heyran qaldığını vurğulayıb.
Laçın–Xankəndi yolunda keçirilən dinc aksiya yerinə gələn İspaniyanın “Expansion” qəzetinin müxbiri İqnasio Faes Reyna söyləyib ki, burada gənclərin ətraf mühitin qorunması üçün etiraz aksiyası keçirdiklərini görürük: “Ümid edirəm ki, problem tezliklə öz həllini tapacaq. Biz buradakı ekoloji problem haqqında daha çox məlumat almaq istərdik”.
Qeyd edək ki, Qarabağda ekoloji istismara qarşı ötən il dekabrın 12-dən başlayan aksiya 80 gündür davam edir. Dünən Laçın–Xankəndi yolundan, ümumilikdə, 70-dən çox humanitar təyinatlı avtomobilin keçidi təmin edilib. Bu, bir daha onu göstərir ki, ərazidə hərəkət sərbəstdir.
Rizvan FİKRƏTOĞLU, “Xalq qəzeti”