Ulu öndər və Qərbi Azərbaycan

post-img

Bəlli olduğu kimi, XIX əsrin 30-cu illərindən etibarən kütləvi şəkildə köçürülərək tarixi Azərbaycan torpaqlarında, o cümlədən, İrəvanda və ətraf bölgələrdə məskunlaşdırılan ermənilər tədricən bu ərazidə möhkəmlənmiş, özlərinin terror-siyasi təşkilatlarını qurmuş, müxtəlif vasitələrlə azərbaycanlı – müsəlman-türk əhalisinin fiziki məhvinə çalışmışlar. Bütün mənbələr və statistik sənədlər aydın şəkildə təsdiq edir ki, XIX əsrə qədər ermənilər heç vaxt Qafqazda, o cümlədən, Qarabağ bölgəsində kütləvi icma kimi yaşamamış, heç bir sahədə say üstünlüyünə malik olmamışlar. Nəhayət, tarixən azərbaycanlıların yaşadıqları ərazilər hesabına ermənilər özlərinə Cənubi Qafqazda dövlət qurmağa nail olmuşlar. Bundan sonrakı dövrdə isə azərbaycanlı əhalinin fiziki məhvi ilə yanaşı, deportasiyası həyata keçirilmiş, ən nəhayət, XX əsrin 90-cı illərində indi Ermənistan adlandırılan Qərbi Azərbaycan torpaqlarında əhalisi azərbaycanlılardan ibarət olan sonuncu kənd və şəhərlər də boşaldılmışdır. 

Ermənistan paralel olaraq Azərbaycan Respublikasının əra­zilərini qəsb etmiş, uzun illər işğal prosesini davam etdirməklə həm də Qərbi Azərbaycandan depor­tasiya olunan azərbaycanlılar məsələsini diqqətdən yayındır­mağa çalışmışdır. Aparılan təhlil­lər onu göstərir ki, Azərbaycanın böyük işğal problemi ilə qarşılaş­masına, ölkənin dərin sosial-iq­tisadi böhranlarla üzləşməsinə baxmayaraq, ümummilli lider Heydər Əliyev müxtəlif çıxışların­da, nitq və bəyanatlarında Qərbi Azərbaycan məsələsinə toxun­muş, tarixən xalqımıza məxsus bu ərazilərin taleyi ilə bağlı fikirlərini ifadə etmişdir. Birmənalı şəkildə demək olar ki, İrəvanın, Zəngə­zurun, Dərələyəzin, Göyçənin və digər ərazilərin tarixinin öyrənil­məsi, bu tarixin unudulmaması, gələcək nəsillərə çatdırılması ulu öndərin başlıca hədəflərindən biri olmuşdur. 

Hələ 1998-ci ildə Azərbaycan Respublikası Konstitusiya Ko­missiyasının iclasında ümummilli lider indiki Ermənistan adlandırı­lan ərazilərin tarixən Azərbaycana mənsubluğu məsələsinə toxun­muşdur. Həmin ilin dekabrında “İslam sivilizasiyası Qafqazda” mövzusunda beynəlxalq simpo­ziumun iştirakçılarının bir qrupu ilə görüşdə çıxış edən ulu öndər Heydər Əliyev bir daha Qərbi Azərbaycan məsələsindən bəhs etmiş, Qafqazın müxtəlif ölkələrin­dən olan nümayəndələrin qarşı­sında açıq şəkildə mövqeyini belə ifadə etmişdi: “İndi Ermənistan ad­lanan ərazi, Qərbi Azərbaycan – İrəvan mahalı, Göyçə mahalı, Zəngibasar mahalı, Zəngəzur ma­halı – bunlar hamısı müsəlmanlar, azərbaycanlılar yaşayan diyarlar olubdur. Təəssüf ki, bu ərazilər­dən, diyarlardan müsəlmanlar çıxarılıblar, indi bu ərazilərdə bir nəfər də olsun müsəlman yox­dur. Bu da Ermənistan millətçi­liyi, erməni ekstremizmi, erməni şovinizmi siyasətinin nəticəsidir. Əgər Qafqazda İslam sivilizasiya­sı haqqında danışırıqsa, həqiqəti demək lazımdır”. 

Ulu öndərin nitqlərində və çıxışlarında İrəvanın ermənilərə verilməsi, bu tarixi şəhərin Azər­baycana məxsus olması məsələsi xüsusi yer tuturdu. Heydər Əliyev həmin dövrdə cərəyan edən tarixi prosesləri ən müxtəlif arxivlərdə, hətta məxfi arxivlərdə saxlanı­lan bir çox sənədlər əsasında bir çox tədqiqatçı və tarixçilərdən daha öncə təhlil edə bilmiş, bu məsələnin hansı şərtlər altın­da baş verməsinə, Cümhuriyyət qurucularının məktublarında bu barədə bildirdikləri fikirlərə yaxın­dan bələd olmuşdur. 1998-ci ildə çıxışlarından birində bu məsələyə toxunan ulu öndər demişdi: “Mə­lumdur ki, o vaxtlar Azərbaycan Demokratik Respublikasını yara­danlar Azərbaycan torpaqlarının bir hissəsinin, o cümlədən İrəva­nın Ermənistana verilməsinə razı olmuşlar. Azərbaycan Demokratik Respublikasının Baş naziri Fətəli xan Xoyskinin Tiflisdən xarici işlər naziri Həsən Hacınskiyə teleqra­mı bizim arxivlərimizdə var. ...O, eyni zamanda, xəbər verir ki, biz artıq ermənilərlə mübahisələri sona çatdırdıq, çünki biz İrəvanı ermənilərə verməyə razılaşdıq. Teleqram rus dilində yazılıb. Ora­da deyilir: “Mы уступили Йереван армянам”. 

Ümummilli lider çıxışında vur­ğulayırdı ki, həmin dövr tarixinin dəqiq şəkildə öyrənilməsi, o dövrdə baş verən proseslərdən, tarixi ha­disələrdən dərs çıxarılması zəruri­dir. Ulu öndər 1999-cu ilin fevralın 9-da Naxçıvan Muxtar Respubli­kasının 75 illik yubileyi üzrə dövlət komissiyasının iclasında bir daha İrəvanın Ermənistana verilməsi məsələsinə toxunmuş, eyni zaman­da, sovetləşmədən sonra Zəngəzur mahalının Ermənistana verilməsinə diqqəti cəlb etmişdi. 

Ümumiyyətlə qeyd etmək la­zımdır ki, Heydər Əliyevin nitq və çıxışlarında İrəvan məsələsi qədər Zəngəzur məsələsi də əhə­miyyətli yer tutmuşdur. O, Zəngə­zurun Ermənistana verilməsinin ağır fəsadlarını zamanında çox doğru şəkildə qiymətləndirmiş, məhz bu prosesin Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Nax­çıvanı Azərbaycanda fiziki baxım­dan ayrı saldığını qeyd etmişdi. Heydər Əliyev 1998-ci ildə çıxış­larından birində bu ağrılı məqama toxunaraq demişdi: “Zəngəzur mahalının, o cümlədən onun bir hissəsi olan Mehri, Qafan rayon­larının – Azərbaycan torpaqlarının 1920-ci ildə Ermənistana verilmə­si bizim tariximizdə Azərbaycan torpaqlarının əldən getməsinin çox ağır bir hadisəsidir”. Diqqət yetirdiyimiz zaman ümummilli lide­rin bu tarixi Azərbaycan ərazilərini adlandırarkən məhz onların tarixi adlarından istifadə etməsidir. Ulu öndər Meğrinin, Qafanın tarixini, həmin ərazilərin Azərbaycan döv­lət və imperiyalarının tərkibində olduqlarını gözəl bilirdi. 

Tarixi qaynaqlardan bəllidir ki, hələ XII-XIII əsrlərdə yaşa­mış Yaqut Həməvi öz əsərində Kabban (Qafan), Qiran (Kiran), Naxcuvan, Naşava şəhərlərinin Azərbaycan vilayətinin ərazisində və yaxud Azərbaycanla Baylakan arasında yerləşdiyini göstərmiş­dir. Hülakülər dövlətində vəzir vəzifəsində çalışmış Fəzlullah Rəşidəddinin verdiyi məlumatlara görə, bu dövrdə Qapan ərazisi də Naxçıvan tüməninə daxil olmuş­dur. Əfşarların idarəçiliyi dövrün­də Naxçıvan ölkəsinin tərkibinə 11 mahal daxil olmuşdur. Həmin dövrdə Meğri, Qafan, və Qara­kilsə (Sisyan), Tatef əraziləri də məhz Naxçıvan ölkəsinin tərkibin­də olmuşdu. Yuxarıda tarixi qay­naqlardan gətirilən bütün faktları nəzərə aldıqda, ölkənin Ana Qa­nunun hazırlandığı bir toplantıda ümummilli lider Heydər Əliyevin Zəngəzur məsələsinə toxunması, Azərbaycanın strateji əhəmiyyətə malik hissəsi ilə bağlı fikirlər səs­ləndirməsi həm tarixi, həm siyasi baxımdan xüsusi hadisələr kimi qeyd olunmalıdır. 

Tarixi tədqiqatlar sübut edir ki, hazırda Azərbaycan Respublika­sının tərkibində qalan Qərbi Azər­baycan coğrafiyasına aid ərazilər­dən biri Naxçıvan, digəri isə Şərqi Zəngəzurdur. Tarixən Qərbi Azər­baycanın iki başlıca mərkəzindən biri İrəvan şəhəri olmuşdursa, digəri Naxçıvan şəhəri idi. Heç də təsadüfi deyildir ki, Əfşarlar sü­laləsinin idarə etdiyi Böyük Azər­baycan dövlətinin parçalanma­sından sonra Qərbi Azərbaycan ərazilərində meydana çıxmış iki xanlıqdan biri İrəvan xanlığı idisə, digəri Naxçıvan xanlığı olmuşdur. 

Ümummilli lider XX əsrin 20-ci illərində regionda yaranmış ağır geosiyasi şəraitdə Naxçıvan ərazisinin Azərbaycanın ayrıl­maz tərkib hissəsi kimi qorunub saxlanılmasını tarixi nailiyyət he­sab edirdi. Heydər Əliyev hətta o zaman qəbul edilən bəzi rəsmi dövlət qərarlarına baxmayaraq, Naxçıvan əhalisinin buna qar­şı çıxmasını böyük qəhrəmanlıq kimi dəyərləndirirdi: “İndi biz bili­rik ki, dövlətlərarası işləri görmək nə qədər çətindir. Amma təsəvvür edin, 1920-21-ci illərdə nə indiki nəqliyyat, kommunikasiya va­sitələri var idi, nə də indiki başqa imkanlar var idi. Bunların heç biri olmadığı halda, Azərbaycanın o vaxtkı fədakar insanları Azərbay­canın qorunub saxlanılması üçün də nə qədər mübarizə aparıblar. Biz bunu heç vaxt unutmamalıyıq, qiymətləndirməliyik. Səhvlər də olubdur, həmin səhvlərə görə biz böyük itkilər də vermişik və indiyə qədər qaytara bilmədiyimiz itkilər vermişik. Ancaq böyük uğurlar da, nailiyyətlər də olubdur. Bunlardan biri də Naxçıvana aid olan həmin bu Moskva və Qars müqavilələri­dir və bunlar üçün çalışan, onları əldə edən Azərbaycan Respub­likasının o vaxtkı rəhbərləri olub­lar”.

Ümumiyyətlə, ümummilli li­der nəinki sovetləşməyə qədərki dövrdə və XX əsrin 20-ci illərinin əvvəllərində, sonrakı illərdə də Qərbi Azərbaycan ərazilərinin Er­mənistana hissə-hissə verilməsi ilə bağlı məsələlərə də toxunmuş­dur. Belə çıxışlarından birində ulu öndər 1929-cu ildə Naxçıvanın Er­mənistana verilən kəndləri, eləcə də Şərqi Zəngəzurun bəzi ərazilə­rinin verilməsindən bəhs edərkən demişdir: “Bəli, bu həqiqətdir ki, 1929-cu ildə Zaqafqaziya MİK-in qərarı ilə Naxçıvan Muxtar Res­publikasının burada adı çəkilən kəndləri, 657 kvadratkilometr tor­pağı Ermənistana verilmişdir. Bu həqiqətdir. Ancaq tək bu deyil. Bəhs etdiyimiz ərazi Naxçıvan Muxtar Respublikasından verilmiş ərazidir. Amma bu tərəfdən – in­diki Zəngilan, Qubadlı rayonları tərəfindən də torpaqlar verilibdir. Məsələn, məlumdur ki, Mehri ra­yonunda böyük bir Nüvədi kəndi var. O, çoxminlik əhalisi olan bir kənddir, sırf azərbaycanlı kən­didir. Nüvədi Arazın sahilində Naxçıvanla Azərbaycanın böyük torpağını ayıran, indi Ermənista­nın olan Meğri rayonunda, həmin məsafənin düz ortasında yerləşir. Həmin Nüvədi kəndi də 1929-cu ildə Azərbaycanın tərkibindən Er­mənistana verilibdir”. 

Ulu öndər XX əsrin 60-cı il­lərinin sonlarında Ermənistanın Azərbaycana aid yeni torpaqları Azərbaycandan qopararaq, özünə qatmaq cəhdlərinin də birbaşa şahidi olmuş, 1968-ci ildə Azər­baycan SSR-də bu istiqamətdə qəbul edilmiş bəzi yanlış qərar­ların qarşısını 1969-cu ildə haki­miyyətə gəldikdən dərhal sonra almışdı. Qeyd etmək lazımdır ki, həmin dövrdə Sədərək, Ordubad, Gədəbəy, Qubadlı, Laçın rayonla­rının bəzi ərazilərinin və yaşayış məntəqələrinin Ermənistan SSR-ə verilməsi nəzərdə tutulurdu. Əs­lində, bu cür siyasət yürütmək­lə Sovet hakimiyyəti tarixi Qərbi Azərbaycan ərazilərinin Azərbay­can SSR-in ərazisində qalan digər hissələrini də qopararaq Ermənis­tan adlandırılan dövlətə birləşdir­mək məqsədi güdürdü. 

Heydər Əliyev Naxçıvanın qorunmasını, onun tarixinin, mə­dəniyyətinin öyrənilməsini həm də ona görə vacib hesab edirdi ki, ermənilərin bu əraziyə iddi­aları səngimək bilmirdi. Heydər Əliyev Naxçıvanla bağlı ermə­nilərin atdıqları addımları, ideoloji işi faktlarla ifşa edir, həmçinin bu istiqamətdə Azərbaycan Respub­likasının da öz konsepsiyasının olmasını vacib hesab edirdi. Nax­çıvan Muxtar Respublikasının 75 illik yubileyi ilə əlaqədar ya­radılmış komissiyanın üzvləri ilə görüşərkən bu məqama toxunan ümummilli lider vurğulamışdı: “Biz Naxçıvana aid iki mənfi meyillə rastlaşırıq. Birincisi, Ermənistanın Azərbaycana qarşı torpaq iddiası və xüsusən Naxçıvana qarşı son vaxtlar güclənmiş torpaq iddiası. Bu məlumdur. Bizim alimlərimiz də burada dedilər ki, bir çox er­məni alimləri, – indi təkcə alimləri deyil, adi insanlar da, siyasətçilər də, – Azərbaycanın torpaqlarının çoxunun guya Ermənistana məx­sus olduğunu sübut etməyə ça­lışırlar. İndi isə, görünür ki, onlar yeni bir hücuma, Naxçıvana qarşı hücuma başlayırlar” 

Tarixi həqiqətləri dərindən bilənlərə yaxşı məlumdur ki, ulu öndər Heydər Əliyevin özü əslən Qərbi Azərbaycanın Zəngəzur bölgəsinin Qarakilsə mahalının Comərdli kəndindəndir. Heydər Əliyevin Qərbi Azərbaycan tor­paqları ilə bağlı zəngin tarixi bil­giləri, azərbaycanlıların vaxtilə həmin torpaqlardan deportasiyası məsələsinə yanaşması həm də onun əcdadlarının həmin ərazilə­rin gerçək sahibləri olması hissin­dən irəli gəlirdi. Heç də təsadüfi deyildir ki, azərbaycanlılara qar­şı ermənilər tərəfindən XX əsrin əvvəllərində törədilən soyqırımı siyasətinə hüquqi siyasi qiyməti verən Azərbaycan Respublika­sının Prezidenti məhz Heydər Əliyev olmuşdur. Ulu öndər həm də Qərbi Azərbaycanın aborigen sakinlərinin həmin ərazilərdən de­portasiyası və bu prosesin ağrılı nəticələri ilə bağlı hüquqi sənəd imzalamış ilk dövlət başçısı kimi tarixə düşmüşdür. Ulu öndər azər­baycanlı əhaliyə qarşı törədilən soyqırımı və deportasiyalarla bağ­lı demişdi: 

“Ermənistanın Azərbaycana qarşı bu siyasəti XX əsrdə həmişə davam edibdir. Mən bu torpaqlar­la əlaqədar məsələni dedim. 50 il bundan əvvəl, 1948-1953-cü illər­də azərbaycanlılar Ermənistandan deportasiya olunublar. O, Azər­baycan torpaqları idi. Həmin tor­paqlardan, hansılar ki, o vaxtlar – 1918, 1919, 1920-ci illərdə mü­bahisə nəticəsində Ermənistanın əlinə keçdi, ondan sonra – 40-50 il yaşayandan sonra – 1948-ci ildə hesab elədilər ki, azərbaycanlıla­rı oradan tamamilə çıxartmaq la­zımdır, sonra heç kim deməsin ki, bunlar Azərbaycan torpağı olub­dur”. 

Heydər Əliyev İrəvan şəhəri­nin, ətraf bölgələrin etnodemoq­rafik tərkibinin necə dəyişdirilmə­sinə dair də zəngin biliklərə malik idi və Azərbaycan tarixçiləri ilə keçirdiyi ən müxtəlif görüşlərində bu faktları, tədqiqat istiqamətləri­ni qeyd edir, onlara yeni axtarış­lar üçün istiqamətlər verirdi. Belə görüşlərdən birində Heydər Əliyev arxiv sənədlərindəki faktların XX əsrin əvvəllərində, konkret olaraq 1918-1920-ci illərin özündə belə İrəvan şəhərində azərbaycanlı­ların əhalinin 50 faizdən artığını təşkil ediyini vurğulamışdı. O de­mişdi: “İndi Ermənistan yerləşən ərazi də Azərbaycan torpağıdır. Bəli, mənim imzaladığım fərman­da göstərilibdir. İrəvan xanlığının tarixi məlumdur. ...Zaqafqazi­ya statistikasının məlumatlarına görə, 1918-1919-cu illərdə həmin İrəvan şəhərində azərbaycanlılar 50 faizdən çox olmuşdur. Mənim dediyim bu rəqəm 1918-1919-cu illərə aiddir”. 

Ulu öndər Qərbi Azərbaycanın aborigen sakinlərinin – azərbay­canlıların düşüncəsinə xarakterik xüsusiyyətlərinə dərindən bələd idi. Ulu öndər bu baxımdan za­man-zaman, həm, ümumilikdə, Qərbi Azərbaycan əhalisinin, həm də orada yaşayan insanlar haqqında fikirlərini səsləndirmiş, onların dəyanətini, Azərbaycan sevgisini yüksək qiymətləndirmiş­di. 

Maraqlı məsələlərdən biri də ondan ibarətdir ki, ümummilli lide­rin nitqlərindən və çıxışlarında həm də bu gün aktual olan repatriasiya – Vətənə qayıdış məsələsi əksini tapmışdır. 1998-ci ilin dekabrın­da “İslam sivilizasiyası Qafqazda” mövzusunda beynəlxalq simpo­ziumun iştirakçıları ilə görüşdə Heydər Əliyev qayıdış prosesinin gələcəkdə reallaşacağına inamını ifadə edərək demişdi: “Mən buna inanıram. İnanıram ki, o yerlərin sahibləri – müsəlmanlar, azərbay­canlılar oraya qayıdacaqlar”. 

Bütün bu məqamları və gü­nümüzdə cərəyan edən pro­sesləri nəzərə aldıqda bir fikri qətiləşdirmək mümkündür. Azər­baycan Respublikasının Prezi­denti, müzəffər Ali Baş Komandan İlham Əliyev Konstitusiyamızdan irəli gələn vəzifələri yerinə ye­tirərək nəinki Azərbaycan döv­lətinə uğurla rəhbərlik edir, həm də Azərbaycan dövlətinin varislik əlaqəsini böyük müdrikliklə təmin edir. Prezident İlham Əliyev Azər­baycan dövlətinin qarşısındakı strateji hədəfləri tarixə, dövlətçilik prinsiplərinə və milli maraqlara əsaslanaraq reallaşdırır. Bu yol Heydər Əliyev yoludur, bu, Azər­baycan ümummilli liderin görmək istədiyi Azərbaycandır. 

 

Elnur KƏLBİZADƏ, 
AMEA Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

Siyasət