Erməni lobbisinə xidmət edənlər ATƏT PA-da Azərbaycanın daxili işlərinə qarışmamağa çağırılıb

post-img

Bu gün Avstriyanın paytaxtı Vyanada ATƏT Parlament Assambleyasının (PA) qış sessiyasının ümumi komitələrinin birgə iclası keçirilib. İclasda Azərbaycanın İrandakı səfirliyinə hücum edən terrorçunun cəzalandırılması tələb edilib.

AZƏRTAC xəbər verir ki, çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri Azay Quliyev ölkəmizin İrandakı səfirliyinə edilən terror hücumunu qəti şəkildə pisləyən ATƏT üzvlərinə, beynəlxalq təşkilatlara, o cümlədən ATƏT PA-nın prezidenti Marqarete Sederfeltə təşəkkür edib. Azay Quliyev bildirib ki, İran Azərbaycan səfirliyinə ölümlə nəticələnən terror hücumuna görə birbaşa məsuliyyət daşıyır.

“Azərbaycan terror aktını hazırlayan və törədənlərin qısa müddətdə ədalət mühakiməsinə cəlb olunmasını və cəzalanmasını gözləyir”, - deyə deputat vurğulayıb.

Həmçinin ATƏT PA-da erməni lobbisinə xidmət edən siyasətçilər və ölkələr Azərbaycanın daxili işlərinə qarışmamağa çağırılıb.

Bildirilib ki, Azərbaycan və Ermənistan qarşılıqlı olaraq BMT Nizamnaməsi və 1991-ci il Almatı Bəyannaməsi çərçivəsində bir-birlərinin ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığı prinsipini qəbul edib. Brüssel, Praqa və Soçidə bu prinsiplər, o cümlədən Azərbaycanın təklif etdiyi 5 baza prinsipləri əsasında sülh müqaviləsinin imzalanması haqqında razılıq əldə olunub. Azərbaycan qısa müddətdə sülh sazişini imzalamağa, sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə başlamağa, bütün kommunikasiyaları açmağa hazırdır.

Bununla yanaşı, Azay Quliyev vurğulayıb ki, erməni lobbisinin təsiri altında olan siyasətçilər və ölkələr Azərbaycanın daxili işlərinə, o cümlədən Qarabağda yaşayan erməni vətəndaşlarla münasibətin qurulmasına müdaxilə etməkdən çəkinməlidir. Belə qanunsuz müdaxilə ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlik kimi qiymətləndirilir və qətiyyən qəbul edilməzdir.

Siyasət