Məhəbbət və mərhəmət ünvanı

post-img

2004-cü ildən bu günə qədər Mehriban Əliyeva ulu öndərin adını daşıyan Heydər Əliyev Fondunun prezidentidir. Heydər Əliyev Fondu onun rəhbərliyi ilə nəinki Azərbaycanın, hesab edirəm ki, regionun ən böyük və nüfuzlu ictimai təşkilatına çevrilmişdir. Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. Fondun təşəbbüsü ilə bir çox önəmli layihələrə, proqramlara start verilmişdir. Onların arasında “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı xüsusi qeyd edilməlidir.

Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasında Birinci vitse-prezidenti təqdim edərkən söylədiyi fikirlərdən 
Bakı, 21 fevral 2017-ci il.

 

Elmi-texniki tərəqqi, xüsusən, informasiya texnologiyalarının inkişafı elə bir səviyyəyə çatıb ki, beynəlxalq aləmdə baş verən prosesləri hamımız, həm də dərhal izləyə bilirik. Xüsusən, üzdə olan liderlər, siyasətçi və diplomatlar barədə olan məlumatlar, hətta zəif inkişaf etmiş, ən kiçik texniki imkanlara malik ölkələrdə də öyrənilir və izlənilir. Azərbaycan kimi qısa müddətdə dünyanın mühüm aktorlarından birinə çevrilmiş ölkənin siyasətçilərinin “fəaliyyətini izləmək” isə daha asandır. Çünki Heydər Əliyev siyasi kursu ölkəmizi bütün dünyanın üzünə açıq elan etmişdir. 


İndi haqqında söz açmaq istədiyimiz tarixi fakt – Prezident İlham Əliyevin Mehriban Arif qızı Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi barədə Sərəncamını da aparıcı kütləvi informasiya vasitələri bir neçə saat ərzində dünyanın hər yerində yaymışdılar. Politoloq və ekspertlərin bir çoxunun fikrincə, həmin sənəd təkcə yeni xəbər, maraqlı fakt kimi deyil, həm də bir siyasətçinin fəaliyyətinin yüksək qiymətləndirilməsi, eləcə də, dövlət başçısının ədalətli qərar verməsinin növbəti təsdiqi kimi qiymətləndirilirdi. 


Məhz bu məqamları nəzərə alaraq yazının əvvəlində ikinci sərlövhəyə ehtiyac olduğunu düşündük: “O, yaxından da, uzaqdan da belə görünür”. 


Fikrimizi əsaslandırmaq üçün əvvəlcə yaxından olan baxışı yada salaq. Dövlət başçımız yeni təyin olunmuş Birinci vitse-prezidenti ölkənin Təhlükəsizlik Şurası üzvlərinə təqdim edərkən demişdi: 


“Mehriban Əliyeva Milli Olimpiya Komitəsinin və İcraiyyə Komitəsinin üzvüdür və onun bu fəaliyyəti də təqdirəlayiqdir. Ölkəmizdə keçirilmiş bir neçə qlobal tədbirin təşkilində Mehriban Əliyeva xüsusi rol oynamışdır. 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsinin yüksək səviyyədə keçirilməsi məhz onun təşkilatçılığı ilə mümkün olmuşdur. 2015-ci ildə birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi də Təşkilat Komitəsinin və onun rəhbəri Mehriban Əliyevanın fəaliyyəti nəticəsində mümkün olmuşdur. İki il yarım ərzində bu Oyunları Yay Olimpiya Oyunları səviyyəsində keçirmək, əlbəttə ki, böyük nailiyyət idi. Birinci Avropa Oyunları tarixdə ən yüksək səviyyədə keçirilmiş mötəbər idman tədbiri kimi qalacaqdır”.


İndi isə xalqımızın bu fədakar xanımına uzaqdan olan baxışa nəzər salaq. Birləşmiş Ərəb Əmirliklərinin geniş oxucu kütləsinə malik gündəlik "Əl-Fəcr” qəzetinin 24 avqust 2017-ci il tarixli nömrəsinin bütöv bir səhifəsi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya həsr olunmuşdu. Dövlət başçımızın məlum sərəncamından cəmi beş ay sonra ərsəyə gələn həmin yazıda oxuyuruq: 


“Göstərdiyi səylərə görə Mehriban xanım Əliyeva bir sıra ölkələrin və beynəlxalq təşkilatların, o cümlədən Fransanın "Şərəf Legionu Ordeni”, Pakistanın "Hilal-e Pakistan” ali ordeni, Serbiya və Macarıstanın dövlət mükafatları, Rusiya Beynəlxalq Xeyriyyə Təşkilatının "Yaqut xaç” mükafatı, Dünya Səhiyyə Təşkilatı mükafatı, Avropa Olimpiya Komitəsinin fərqlənmə ordeni, beynəlxalq "Qızıl ürək” fəxri nişanı, Polşanın ali fərqlənmə ordeni, UNESCO-nun "Qızıl Motsart” medalı, Kanadanın "Dünyanın qızılgülü” mükafatı, Küveytin fəxri diplomu ilə və digər yüksək orden və medallarla təltif olunub”.


“Əl-Fəcr”dən olan həmkarlarımız əlavə edirlər ki, Mehriban Əliyevanın qeyd olunanlarla yanaşı, yüksək insani keyfiyyətləri, ölkəsinin inkişafı istiqamətində göstərdiyi səyləri, beynəlxalq humanitar yardım missiyalarına verdiyi töhfələr istər ölkə daxilində, istərsə də beynəlxalq miqyasda birinci xanımın yüksək imicinin formalaşmasına böyük təsir edib və onun ən yüksək vəzifəyə layiq görülməsinə yol açıb. Ona görə Prezident İlham Əliyevin 2017-ci il 21 fevral tarixli Sərəncamı ona böyük sevgi, hörmət və ehtiram hissi bəsləyən Azərbaycan xalqı tərəfindən rəğbətlə qarşılanıb.


Yaxından və uzaqdan baxış prinsipimizi bir az da dəqiqləşdirək. Əvvəlcə yaxından baxış. Mehriban xanımın Heydər Əliyev Fondunun xətti ilə mədəniyyət sahəsində irimiqyaslı layihələr həyata keçirməsi, Azərbaycan musiqi mədəniyyətinin, xüsusən, xalqımızn milli musiqi növü olan muğamın təşviqində əvəzsiz xidmətlər göstərməsi, paytaxt Bakıda Muğam Mərkəzinin inşa etdirilməsi, muğam janrının bir çox ölkələrdə təbliğinə və tanıdılmasına nail olunması hamıya məlumdur. Bu faktı mədəniyyət xadimlərinin hər biri qiymətləndirib. Ancaq muğam sənətimizin kamil bilicilərindən olan Xalq artisti, görkəmli kaman ustası Habil Əliyev həmin məsələyə özünəməxsus qiymət vermişdi: “Mehriban xanım mənim qızım, bəlkə də nəvəm yaşında olar. Ancaq elə bilirəm ki, o, Azərbaycan muğamına göstərdiyi misilsiz qayğı ilə biz muğam ustalarına analıq etdi”. Habil Əliyevin böyük zalda səsləndirdiyi bu cümlələrin necə alqışlandığını mən – əlli ilin jurnalisti ifadə edə bilmirəm. 


İndi isə uzaqdan baxış. Hamının yadındadır. Mehriban Əliyeva ötən il noyabrın 15-də BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) xoşməramlı səfiri kimi fəaliyyətinə xitam verilməsi məqsədilə UNESCO-nun baş direktoru Odri Azulaya məktub ünvanlamışdı. Məktubda Azərbaycanla UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi, UNESCO-nun dəyər və prinsiplərinin irəlilədilməsi sahəsində 2004-cü ildən xoşməramlı səfir kimi fəaliyyəti dövründə təşkilatla çoxsaylı birgə layihələrin əhəmiyyəti diqqətə çatdırılır 2013-cü ildə Azərbaycanla UNESCO arasında imzalanmış Çərçivə Sazişi, müvafiq olaraq Azərbaycan – UNESCO Etimad Fondu, mədəni irsin qorunması, qızların təhsili, gender bərabərliyi kimi sahələrdə bir sıra ölkələrdə həyata keçirilən layihələrə dəstək və digər tədbirlər qeyd olunurdu. 


Məktubda, həmçinin 30 ilə yaxın işğal dövründə Ermənistan tərəfindən Azərbaycanın mədəni irsinə və tarixi abidələrinə qarşı həyata keçirilmiş siyasət və vandallıq barədə məlumat verilib. İndiki mərhələdə, Vətən müharibəsi nəticəsində ərazilərimizin uzunmüddətli işğaldan azad edilməsindən sonra genişmiqyaslı bərpa və bölgənin dirçəldilməsi işlərinə Birinci vitse-prezidentin aktiv cəlb olunduğu və xüsusi rolu nəzərə alınaraq, onun UNESCO-nun xoşməramlı səfiri vəzifəsini yerinə yetirməsinin imkan xaricində olduğu vurğulanırdı.


Birinci vitse-prezidentimizin bu qürurverici addımı barədə xəbər dünya ictimaiyyətinin diqqətinə çatan kimi çoxsaylı əks-sədaların şahidi olduq. Rusiyanın cameəsinə daxil olan şəxslər həmin məktubu üç sözlə ifadə etmişdilər: “Olduqca təmiz diplomatiya”. Türkiyəli həmkarımız Əli Bulac isə daha da dərinə getmişdi: “Tomrislər heç zaman ölmürlər”. 


Fikrimizi daha bir nümunə ilə davam etdirək. Azərbaycanın Xalq rəssamı Arif Hüseynov demişdir ki, milli mədəniyyətimizin bütün sahələrini təmsil edən yaradıcı gənclər kimi bu sahəyə yeni başlayan rəssamlar da Heydər Əliyev Fondunun, xüsusən, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qayğısını daim görürlər. 


2012-ci il aprelin 2-də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adından Parisdə “Bakıya uçuş” sərgisində iştirak edən qonaqların şərəfinə verilən ziyafətdə Fransanın mədəniyyət və kommunikasiya naziri Frederik Mitteran isə demişdi: “Sizin simanızda biz Azərbaycanın mədəni həyatının görkəmli şəxsiyyətini, ölkəmizin dostunu görürük. Azərbaycanda keçirilmiş “Fransa inciləri” sərgisi bizim üçün xüsusi əhəmiyyət kəsb edirdi. Bilirik ki, bu işdə Sizin böyük əməyiniz olmuşdur. Bundan əlavə, Bakıdakı Müasir İncəsənət Muzeyi mədəni tədbirlərin təşkil edilməsində də çox fəaldır... Bu gün keçirilən “Bakıya uçuş” sərgisinin əsas məqsədi gənc rəssamlar nəslinin yaratdığı əsərləri nümayiş etdirməkdir. Bu sərgi öz xüsusiyyətləri ilə seçilən incəsənətə xüsusi marağı olan Paris ictimaiyyəti üçün təşkil olunmuşdur. Bu təşəbbüsə və sərginin keçirilməsinə verdiyiniz dəstəyə görə, Sizə öz həmkarlarım və Fransa hökuməti adından dərin təşəkkürümü bildirirəm”.


Bu qəbildən olan faktları və ya sitatları çox sadalamaq olar. Çünki Azərbaycanın Birinci-vitse-prezidentinin fəaliyyəti təkcə ölkə miqyasında deyil, dünyanın hər yerində yüksək qiymətləndirilir. Biz onun fəaliyyətinə Asiyada verilən qiyməti də yada saldıq, Avropadakı nüfuzunu da. Ancaq bütün bunların Mehriban Arif qızının xalq və milli dövlətçilik baxımından həyata keçirdiyi layihələrin çox cüzi bir hissəsi olduğunu da xatırlatmağa ehtiyac var. Biz fəxr edirik ki, möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandanımızın siyasətdə, diplomatiyada və hərb sahəsində qazandığı nailiyyətləri onun ən yaxın silahdaşı olan Mehriban xanım Əliyeva cəmiyyətin digər istiqamətlərində – sosial həyatda, elm, təhsil, mədəniyyət və idman sahələrində də uğurla davam etdirir. 
Yolun açıq olsun, gənc müstəqil Azərbaycan!

 

İttifaq MİRZƏBƏYLİ, 
“Xalq qəzeti”, 
Əməkdar jurnalist

 









Siyasət