Tanınmış cərrah-uroloq, transplantoloq, Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb Baş İdarəsinin Elmi-Təcrübə Mərkəzinin rəisi, Böyrək Transplantasiyası sahəsində Mütəxəssislər Assosiasiyasının İdarə Heyətinin sədri, tibb elmləri doktoru Rəşad Şolan tibb elmi və praktikası sahəsində mühüm beynəlxalq əməkdaşlıq əlaqələri qurub.
Bu barədə XQ-yə Assosiasiyadan məlumat verilib.
Bildirilib ki, Rəşad Şolanın rəhbərliyi ilə iki il əvvəl interstisial sistit diaqnozu olan xəstəyə tibb dünyası üçün nadir hadisə hesab olunan bağırsaqdan süni sidik kisəsi yaradılması əməliyyatı icra edilib. Eyni zamanda, böyrək transplantasiyası həyata keçirilib. Bu unikal və kompleks cərrahi yanaşmanı əks etdirən elmi-tədqiqat işi “PubMed” və “Web of Science” beynəlxalq elmi bazalarında indekslənən nüfuzlu jurnalda dərc olunub.
Rəşad Şolan bu istiqamətdə tədqiqatların müəllifi olan Çin Xalq Respublikasının tanınmış alimi, professor Chen Binshenlə görüşüb. Görüş çərçivəsində professor Chen Binshen doktor Rəşad Şolana Çində fəaliyyət göstərdiyi tibb müəssisəsində tətbiq etdiyi müasir cərrahi yanaşmalar və metodikalar haqqında məlumat verib. R.Şolan Çinə dəvət alıb, eləcə də birgə tədqiqatların aparılmasına dair ilkin razılıq əldə olunub.

