Azərbaycan regionda sabitliyin istinadgahıdır

post-img

Qlobal güc mərkəzləri arasında yaşanan kəskin qarşıdurmalar, xüsusilə Yaxın Şərq və Cənubi Qafqaz regionunda cərəyan edən geosiyasi təlatümlər ənənəvi diplomatiya metodlarının yetərsiz qaldığını, daha praqmatik və regional reallıqlara əsaslanan yanaşmaların zəruriliyini diktə edir. Məhz belə dönəmdə, İran İslam Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında uzun illər davam edən, zaman-zaman hərbi toqquşma həddinə çatan gərginliyin aradan qaldırılması istiqamətində atılan addımlar Avrasiya məkanı üçün həlledici əhəmiyyət daşıyır. 

İran Prezidenti Məsud Pezeşkianın sosial şəbəkələr vasitəsilə bəyan etdiyi dialoq mesajları və rəsmi Tehranın sülh yolu ilə həll strategiyasına sadiqliyi regionda yeni nəfəs, siyasi iqlimin formalaşması ümidlərini artırır. Yaşanan proseslərin ən diqqətçəkən və əvvəlki illərdən fərqlənən tərəfi, bu dialoqun, sadəcə, Vaşinqton və Tehran arasında qapalı qapılar arxasında deyil, bilavasitə region dövlətlərinin, xüsusilə Azərbaycanın fəal iştirakı və dəstəyi ilə həyata keçirilməsidir. 

İranın xarici işlər naziri Abbas Arakçının yerli mətbuata verdiyi açıqlama pərdəarxasında gedən nəhəng işin miqyasını ortaya qoyur. Nazir tərəfindən səsləndirilən və ABŞ-la İran arasında aparılan nüvə danışıqları ərəfəsində regionun 7 liderinin rəsmi Tehranla təmasda olması faktı diplomatiya tarixində nadir rast gəlinən həmrəylik nümunəsidir. Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Misir və Azərbaycan liderlərinin prosesə birbaşa müdaxiləsi, məsləhətləşmələr aparması və İranın müsbət cavab verməsini xahiş etməsi 2013-2015-ci illərdəki nüvə danışıqlarından fərqli mənzərə yaradır. Həmin dövrdə danışıqlar əsasən “P5+1” formatında, yəni qlobal güclərin inhisarında idisə, hazırkı mərhələdə regional mülkiyyət prinsipi ön plana çıxır. Bölgə ölkələri artıq kənar liderlərin diktəsini gözləmək niyyətində deyil. Onlar öz taleyüklü məsələlərini həll etmək iqtidarındadır. Azərbaycan Prezidenti İlham Əliyev ilə iranlı həmkarı Məsud Pezeşkian arasında baş tutan telefon danışığı rəsmi Bakının prosesdəki həlledici rolunu və diplomatik çəkisini nümayiş etdirir. İlham Əliyevin regiondakı vəziyyətdən narahatlığını ifadə etməsi və Azərbaycanın gərginliyin aradan qaldırılmasına töhfə verməyə hazır olduğunu bildirməsi Cənubi Qafqazın lider dövlətinin qlobal təhlükəsizlik sistemindəki məsuliyyətinin təzahürüdür. Dövlət başçısının rəsmi Bakının bu kimi məsələlərin danışıqlar və qarşılıqlı anlaşma yolu ilə həllini dəstəklədiyini vurğulaması Azərbaycanın xarici siyasət kursunun sülhməramlı mahiyyətini bir daha təsdiqləyir. Prezident Pezeşkianın Prezident İlham Əliyevə minnətdarlığı isə Tehranın Bakının vasitəçilik missiyasına və səmimiyyətinə duyduğu etimadın göstəricisidir. 

***

Azərbaycanın İran və ABŞ münasibətlərində tutduğu mövqe, sadəcə coğrafi yaxınlıqla izah edilə bilməz. Rəsmi Bakı Qərblə Şərq arasında körpü rolunu oynayan, həm İslam dünyasının, həm də Avropa institutlarının tərkib hissəsi olan nadir ölkələrdəndir. Azərbaycanın İsraillə strateji tərəfdaşlığı, o cümlədən də İranla tarixi qonşuluq əlaqələrini eyni vaxtda idarə edə bilməsi İlham Əliyevin milli maraqlara əsaslanan müstəqil siyasət kursunun uğurudur. Məhz həmin unikal status Vaşinqton üçün Bakını əvəzolunmaz tərəfdaşa çevirir. ABŞ administrasiyası yaxşı anlayır ki, Tehranla birbaşa dialoqun qurulmasında etibar ediləcək, mesajları təhrifsiz çatdıracaq və prosesi sabotaj etməyəcək tərəfdaşa ehtiyac duyulur. 

Proseslərin bundan sonrakı inkişaf ssenariləri region üçün böyük perspektivlər vəd edir. Birinci növbədə, İran–ABŞ gərginliyinin azalması Cənubi Qafqazda iqtisadi layihələrin reallaşmasına təkan verəcək. Şimal–Cənub Nəqliyyat Dəhlizinin əsas halqası olan Azərbaycan üçün İranın sanksiyalardan azad olması və ya ən azından iqtisadi blokadanın zəifləməsi tranzit gəlirlərinin artması və logistik imkanların genişlənməsi deməkdir. Rəsmi Bakı İran ərazisindən keçərək Naxçıvana və oradan Türkiyəyə uzanan kommunikasiya xətlərinin işə düşməsində maraqlıdır. Vaşinqton və Tehran arasında əldə olunacaq istənilən razılaşma bu layihələrin maliyyələşdirilməsi və texniki icrası qarşısındakı maneələri aradan qaldıracaq. 

Qarşıdakı dövrdə Azərbaycanın rolu daha da aktivləşəcək. Nüvə danışıqlarının texniki detalları, monitorinq mexanizmləri və qarşılıqlı öhdəliklərin yerinə yetirilməsi prosesində tərəflər arasında etimad mühitinin qorunması üçün “təminatçı” və “müşahidəçi” qismində çıxış edən ölkələrə ehtiyac yaranacaq. Azərbaycan həm İranla, həm də ABŞ-la sahib olduğu işlək kommunikasiya kanalları sayəsində yarana biləcək anlaşılmazlıqların operativ həllində əvəzsiz rol oynaya bilər. Digər tərəfdən, İranın dünya iqtisadiyyatına reinteqrasiyası, Azərbaycanın enerji sektorunda yeni əməkdaşlıq formatlarını gündəmə gətirəcək. Xəzər dənizindəki yataqların birgə istismarı, qaz svop əməliyyatlarının genişləndirilmsi və elektrik enerjisi mübadiləsi sahəsində mövcud potensial siyasi maneələrin aradan qalxması ilə reallığa çevriləcək. Prezident Pezeşkianın “Nüvə silahlarının yayılmaması haqqında Müqavilə”yə istinad etməsi, rəsmi Bakının da maraqlarına tam uyğundur. Çünki, nüvə silahına malik qonşu Azərbaycan üçün arzuolunan ssenari deyil və regionda nüvə yarışının başlaması fəlakətli nəticələrə gətirib çıxara bilər. Buna görə də, ölkə başçısı İlham Əliyevin diplomatik səyləri həm də Azərbaycanın milli təhlükəsizliyinin uzunmüddətli təminatına xidmət edir. 

Məsələnin digər vacib aspekti region ölkələrinin, xüsusilə “yeddilər qrupu”nun nümayiş etdirdiyi həmrəyliyin gələcək institusional formata çevrilmə ehtimalıdır. Bu proses Yaxın Şərq və Qafqazda kənar qüvvələrin təsirini minimuma endirəcək yeni təhlükəsizlik platformasının əsasıdır. Əgər qeyd edilən ölkələr, İran–ABŞ gərginliyini yumşalda bilirlərsə, deməli, gələcəkdə digər regional münaqişələrin həllində də oxşar mexanizmdən istifadə etmək mümkündür. Region ölkələrinin məsələdə ciddi iştirakı Tehranın artıq təhlükəsizliyi Ankara, Bakı, Ər-Riyad və İslamabadda axtardığını göstərir. Bu, paradiqma dəyişikliyidir. İlham Əliyevin illərdir apardığı “regionun problemləri region ölkələri tərəfindən həll olunmalıdır” siyasətinin əhəmiyyətini sübut edən növbəti hadisədir.

Bundan əlavə, ABŞ-ın regiona baxışında ciddi dəyişikliklər müşahidə olunur. Vaşinqton anlayır ki, İrana qarşı tətbiq edilən maksimum təzyiq siyasəti regional tərəfdaşların dəstəyi olmadan arzuolunan nəticəni vermir. Əksinə, təcrid olunmuş İran daha radikal addımlara əl atır. Bu səbəbdən, Ağ Ev Azərbaycan kimi praqmatik tərəfdaşların vasitəçiliyinə “yaşıl işıq” yandırır. Azərbaycanın İsraillə sıx əlaqələrə malik olması rəsmi Bakını Tehranın gözündə “şübhəli” etmək əvəzinə, paradoksal şəkildə daha dəyərli həmsöhbətə çevirir. Çünki Tehran bilir ki, Bakı vasitəsilə verilən mesajlar Təl-Əviv və Vaşinqtonda diqqətlə dinlənilir. Prezident İlham Əliyevin bu incə diplomatik balansı qoruması onun yüksək siyasi ustalıq və strateji səbr nümayiş etdirməsindən xəbər verir. 

İran–ABŞ danışıqları prosesində dövlətimizn iştirakı müstəqil Azərbaycan dövlətinin beynəlxalq aləmdəki nüfuzunun zirvəsidir. Artıq dünya birliyi qəbul edir ki, Cənubi Qafqazda və Yaxın Şərqin şimal cinahında hər hansı ciddi siyasi proses Bakının rəyi və iştirakı olmadan həyata keçirilə bilməz. Əgər bu danışıqlar uğurla yekunlaşarsa, region yeni inkişaf mərhələsinə qədəm qoyacaq. Lakin mövcud əhval-ruhiyyə Pezeşkianın konstruktivliyi və region ölkələrinin, xüsusilə Azərbaycanın qətiyyətli dəstəyi nikbinlik üçün ciddi əsaslar yaradır. Rəsmi Bakı bu yolda öz üzərinə düşən missiyanı şərəflə yerinə yetirməyə davam edəcəkdir. Çünki sabit və firavan qonşuluq Azərbaycanın milli maraqlarının ali məqsədidir. Artıq dünya Cənubi Qafqaza “həll mərkəzi” kimi baxmağa məcburdur..

Yusif ŞƏRİFZADƏ

XQ

Siyasət