Səhiyyə naziri Teymur Musayev İndoneziyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Berlian Helmini ilə görüşüb.
Səhiyyə Nazirliyindən XQ-yə verilən məlumata görə, görüşdə Azərbaycan və İndoneziya arasında ikitərəfli münasibətlərin inkişafı kontekstində səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub.
Nazir qeyd edib ki, Azərbaycan ilə İndoneziya arasında mövcud dostluq və tərəfdaşlıq münasibətləri müxtəlif istiqamətlərdə, o cümlədən səhiyyə sahəsində uğurla inkişaf edir. Görüşdə Prezident İlham Əliyevin İndoneziya Prezidenti ilə Davos və Şarm Əl-Şeyx şəhərlərindəki görüşləri xatırladılıb və həmin təmasların ikitərəfli əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verdiyi qeyd edilib.
Ölkəmizdə səhiyyə sisteminin modernləşdirilməsi sahəsində həyata keçirilən islahatlar, yeni tibb müəssisələrinin inşası və yüksək texnologiyalı tibbi xidmətlərin tətbiqi barədə məlumat verilib.
İndoneziya səfiri ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətlərinin yüksək səviyyəsini qeyd edərək, səhiyyə sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi üçün səylər göstərəcəyini bildirib. O, İndoneziyanın əhali sağlamlığının qorunması təcrübələrini Azərbaycan tərəfi ilə bölüşməyə hazır olduğunu qeyd edib.
Görüşdə səhiyyə sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivləri və qarşılıqlı maraq doğuran təşəbbüslərin dəstəklənməsi ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər tibb təhsili, səhiyyə sisteminin idarəolunması, ictimai səhiyyə, əczaçılıq sənayesi, tibbi texnologiyalar və təcrübə mübadiləsi sahələrində birgə layihələrin həyata keçirilməsinin mümkünlüyünü müzakirə ediblər.


