Endokrinologiya sahəsində ilk milli konfrans

post-img

Bakıda Ritz-Carlton otelində ilk Milli Endokrinologiya Konfransı təşkil edilib və yüksək səviyyədə yekunlaşıb. 

Yerli və xarici mütəxəssislərin və alimlərin iştirak etdiyi konfransın məqsədi endokrinologiya sahəsində elmi müzakirələr etmək, innovativ tibbi təcrübələri bölüşmək və bu sahədə maraqlı klinik hadisələri araşdırmaq olub.

Konfrans 3 gün davam edib. Hər 3 gündə konfrans iştirakçıları tərəfindən bu mövzuda fikir mübadiləsi və ən son tibbi nailiyyətlər araşdırılıb. 

Konfransın sonuncu günü moderatorlar “Sağlamlığın qorunması” İctimai Birliyinin sədri,  Yazgül Abdiyeva, həkim Gülay Məmmədova və professor Mustafa Sait Gönen, müxtəlif mövzularda məruzələrini iştirakçılara təqdim etmək üçün tribunaya dəvət ediblər. 

Professor Mustafa Sait Gönen tərəfindən “Graves orbitopatiyası panelində Graves Orbitopatiyası dəyərləndirilməsi : Nə zaman,necə müalicə edək?” adlı məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb. 

Konfransda İlhan Satman, Gülay Məmmədova, Nübar Rəsulova, Nurdan Gül, Zülfü Cabbarov, Səbinə Paşayeva, Mehtap Çakır, Camal Musayev, Azər Hümbətov, Zeynep Cantürk, Fuad Səmədov və digər mütəxəssislər təqdimatları ilə çıxış ediblər. 

“Sağlamlığın Qorunması” İB-nin rəhbəri  Yazgül Abdıyeva  Azərbaycan Endokrinoloqlar Cəmiyyətinin sədri vəzifəsinə təyin olunmağı və 1-ci Milli Endokrinologiya Konfransına uğurla ev sahibliyi etməsi münasibətilə Xəyyam Eyvazova təşəkkürnamə təqdim edib. 

Tədbir başa çatdıqdan sonra bütün iştirakçılara sertifikatlar təqdim olunub. 

Konfransın moderatorlarından Yazgül Abdıyeva XQ-yə müsahibəsində bildirib ki, 1-ci Milli Endokrinologiya Konfransının uğuru Azərbaycanın endokrinologiya sahəsində innovasiyaları təşviq etmək üçün zəmin yaradır.

Z.BƏŞİRQIZI
XQ





Səhiyyə