Konfransın məqsədi region həkimlərinin inkişafına dəstək olmaqdır

post-img

Akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunmuş Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin Xll Regional Konfransı Naxçıvanda keçirilib. Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə təşkil edilən konfransın keçirilməsində əsas məqsəd oftalmologiyada daim baş verən yenilikləri, aktual məsələri müzakirə etmək, region həkimlərinin iştirakına və inkişafına dəstək olmaqdır.

Konfransda “Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi”nin sədri Ləman İbrahimova çıxış edib. 

Beləliklə Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri, Milli Oftalmologiya Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, professor Elmar Qasımov iştirakçıları salamlayaraq konfransı açıq elan edib. O, Zərifə Əliyevanın zəngin elmi irsinin dünya oftalmologiyasına verdiyi mühüm töhfələrdən, misilsiz xidmətləri və oftalmologiya elminin inkişafındakı müstəsna rolundan geniş bəhs edib. Eyni zamanda, mərkəzin əhaliyə göstərdiyi geniş miqyaslı xidmətlərdən, Səyyar klinikanın bölgələrdəki əhəmiyyətindən və “WETLAB” kurslarının (müasir cərrahiyyə tədrisi laboratoriyası) rolundan söz açıb.

Mərasimdə, həmçinin oftalmologiya mərkəzinin direktor müavini tibb elmləri doktoru Hicran Namazova, Naxçıvan Muxtar Respublikası Xəstəxanasının direktoru Fəhruz Zehirov da çıxış edib konfransın region səhiyyəsinin gələcək inkişafına müsbət təsirindən söz açıblar. 

Panel iclaslar tibb elmləri doktoru Hicran Namazova, tibb üzrə fəlsəfə doktorları Rühəngiz Balayeva, Yazgül Abdıyeva, Rəfadar Xəlilov, Polad Məhərrəmov, həmçinin həkimlər Ceyhun Nəzərli, Emin Əlihüseynli, Kəmalə Əliyevanın moderatorluqları ilə həyata keçirilib. Mərasimdə “Oftalmologiyada onkoloji sayıqlıq”, “Eksimer Lazer cərrahiyyəsinin oftalmotonometrik göstəricilərinə təsiri”, “Gənc oftalmoloqların professional inkişafında perspektivlər, beynəlxalq resurslar, problemlər və həll yollarının axtarışı”, “Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin 2023-cü il üzrə illik fəaliyyət proqramı”, “Neft sənayəsi işçilərində göz xəstəlikərinin yayılması və klinik-immonoloji xüsusiyyətləri”, “Azerbaycanda qohum nikahlardan doğulmuş uşaqlarda piqmentli retinit xəstəliyinin xüsusiyyətləri”, “Naxçıvan MR da Diabetik retinopatiyanın yayılma tezliyi” və s. mövzularda məruzələr dinlənilib.

Məruzələr ətrafında müzakirələrdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb və maraqlı təkliflər səsləndirilib.

Konfransın sonunda mərkəzin Elmi-məlumat, tədris və təşkilati-metodiki bölməsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva mərasimlə bağlı Naxçıvan Televiziyasına müsahibə verib.

Zərifə HÜSEYNOVA
XQ





Səhiyyə