ÜST “Eris”in yayılmasından narahatdır
COVID-19-un yeni variantları olan “Eris” (EG.5) və BA.2.86-nın yayılması bir çox ölkədə koronavirus narahatlığını yenidən gündəmə gətirib. Pandemiya keçmişdə qalmış kimi görünsə də, reallıq budur ki, son mutasiyaya uğramış ştamlar səbəbindən yeni yoluxma halları artmaqdadır.
“Eris” ölümcül virus olmasa da, daha sürətlə yayılması və yoluxuculuğunun digər ştamlara nisbətən artıq olması səbəbindən Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ciddi narahat edir. Hazırki vəziyyətlə bağlı təşkilat bütün dünya dövlətlərini erkən və ciddi tədbirlər görməyə çağırıb.
ÜST tərəfindən COVID-19 virusunun yeni ştamı (EG.5) “nəzarətdə saxlanılan variantlar” siyahısından çıxarılaraq “diqqət tələb edən”lər sırasına daxil edilib. Bu dəyişikliyə səbəb “Eris” olaraq adlandırılan EG.5 ştamının rastgəlmə tezliyinin dünya miqyasında gün keçdikcə artmasıdır. ÜST-nın məlumatına görə hazırda virus surətlə yayılmaqda davam edir.
Təşkilat, xüsusilə, ABŞ başda olmaqla, Avropa və Asiya ölkələrində geniş yayılan “Eris” ştammı ilə bağlı yeni hesabat dərc edib. Hesabatda bildirilir ki, EG.5 (“Eris”) COVID-19-un omikron variantının alt növüdür və bütün dünyada yayılan digər variantlarla sıx bağlıdır. Statistikaya nəzər salsaq, avqust ayında 51 ölkədən 7 minə yaxın şəxsin məhz sözügedən varianta yoluxduğu bildirilir. Lakin quruma görə, bu ştamın ictimai sağlamlıq riski çox böyük deyil. Bu da özündən əvvəlki ştamlara bənzərliyi ilə bağlıdır.
Cons Hopkins Universitetinin Molekulyar Mikrobiologiya və İmmunologiya Departamentinin professoru Endryu Pekoş bildirib ki, EG.5 ştamı simptomlarına görə digər variantlara bənzəyir. Bura qızdırma, öskürək, ümumi halsızlıq, həmçinin burun axması, baş ağrısı və əzələ ağrıları daxildir. Bu varianta yoluxanlar xəstəliyi soyuqdəymə, qrip və ya pnevmoniya kimi keçirirlər.
ÜST-nın koronavirusla mübarizə komandasının rəhbəri Maria Van Kerkhove verdiyi açıqlamada digər omikron alt seriyaları ilə müqayisədə EG.5-in şiddətində heç bir dəyişiklik müşahidə edilmədiyini qeyd edib.
Qeyd edək ki, ÜST-nın son bəyanatında qurumun hazırda 3 “izlənməli olan” və 7 “nəzarət altında saxlanılmalı olan” COVID-19 variantlarını diqqətdə saxladığı bildirilib. Buna baxmayaraq qeyd olunan ştam hazırda ABŞ-da dominant ştam olaraq elan edilib. Aşkarlanmış xəstələrin 17 faizi Amerika, 15 faizi isə İngiltərənin payına düşür.
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov ölkəmizdə virusa yoluxma hallarının artması səbəbindən insanlar arasında yaranan narahatlıqla bağlı dedi:
– Hazırda dünyanın bir çox ölkələrində koronavirusun yeni altnövünə yoluxma hallarının sayı artmaqdadır. Azərbaycanda bu mutant variantın dövr etməsinin sübutu olmasa da vaxt keçdikcə ölkəmizdə yayılacağı istisna deyil. Ümumiyyətlə koronavirus dalğalarla yayılan infeksiyadır. Havaların soyuması insanların bağlı məkanlarda daha çox toplanması və sıx təmasların artması və s. kimi faktorlar bütün hava-damcı infeksiyaları kimi koronavirusun da yayılması üçün münbit şərait yaradır.
Hazırda ölkədə epidemioloji durum yoluxma hallarında cüzi, əhəmiyyətsiz artımın olmasına baxmayaraq stabildir. Koronavirusun bütün növlərindən, o cümlədən, sonuncu mutant altnövlərdən qorunmaq tədbirləri eynidir. Yəni pandemiya dönəmində əhalinin riayət etdiyi qaydalara yoluxma halları əhəmiyyətli artdıqca əməl olunmalıdır. Risk qrupuna daxil olan insanların isə növbəti profilaktikası, həm aşkarlanması, həm də müalicəsi üçün bütün imkanlar vardır və müvafiq qurumlar epidemioloji prosesləri diqqətlə izləməkdədirlər.
Hər kəs, xüsusilə, immun sistemi zəif insanlar sağlamlıqlarına daha ciddi yanaşmalıdırlar. 65-dən yuxarı yaşı olanlar həmişəki kimi risk qrupuna daxildir. Verilən məlumatlara görə, həmin ştama yoluxanlar arasında 65 yaşdan yuxarı olanların sayı daha çoxdur. Bu da immun sisteminin zəif olması ilə bağlıdır. Doğrudur, “Eris” variantının ölkəmizdə aşkarlanmadığına dair rəsmi açıqlama verilsə də, infeksiyalar sərhəd tanımır. Digər yandan, qarşıdan payız mövsümü gəlir. Məlum məsələdir ki, həmin mövsüm respirator infeksiyaların baş qaldırdığı və daha sürətlə yayıldığı dövrdür. Odur ki, hər kəsə üç ildir tövsiyə edilən gigiyena qaydalarına əməl edilməsi, özündə əlamətlər hiss edənlərin təcrid olunması və test verərək yoluxub-yoluxmadığını müəyyənləşdirməsi, vaksinasiyadan keçməyənlərin isə peyvənd olunması məsləhət görülür.
Bir sözlə, əvvəla, yoluxmamaq, iş-işdən keçəndən, yəni yoluxandan sonra xəstəliyi daha ağır keçirməmək üçün vaxtında tədbirlər görmək daha məsləhətlidir. Sözügedən xəstəlikdən qorunmaq üçün ilkin olaraq COVID-19-un buster dozası vurulmalıdır. Daha sonra şəxsi gigiyena qaydalarına əməl etmək, təmas olunan yerlərin tez-tez dezinfeksiyası olunması məsləhət görülür. İmmun sistemini yüksəltmək üçün sağlam qidalanmaq, təmiz havada gəzmək, idmanla məşğul olmaq lazımdır. Əhalinin sıx olduğu yerlər, qapalı məkanlardan ehtiyac olmadığı təqdirdə uzaq durulmalı, məcburiyyət varsa, tibbi maskadan istifadə edilməlidir.
Zərifə BƏŞİRQIZI
XQ