Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə “Heydər Əliyev İli” çərçivəsində muxtar respublikada ilk dəfə aqrofestival keçirilib. Ölkəmizin digər regionlarından və xaricdən gələn mütəxəssislər, iş adamları, elmi-tədqiqat institutlarının əməkdaşları festivalda fəal iştirak ediblər.
Naxçıvan Dövlət Milli Dram Teatrında aqrar festivalın iştiraklarının da qatıldığı “Heydər Əliyevin kənd təsərrüfatının inkişafında rolu” mövzusunda konfrans keçirilib. Əvvəlcə ümummilli lider Heydər Əliyevin aqrar islahatlarından bəhs edən videoçarx nümayiş etdirilib.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli konfransın və Naxçıvanda ilk dəfə təşkil olunmuş aqrofestivalın önəmini qeyd edib və iştirakçılara uğurlar arzulayıb. Səlahiyyətli nümayəndə vurğulayıb ki, müstəqillik illərində ölkəmizdə ilk dəfə torpaq islahatına ulu öndərin rəhbərliyi ilə Naxçıvanda başlanıb, özəl mülkiyyətə əsaslanan aqrar münasibətlərin təməli qoyulub. Prezident İlham Əliyevin kənd təsərrüfatını yerli sektorun prioritet istiqamət elan etməsindən sonra ölkəmizdə aqrar sahə sürətlə inkişaf edib və biz bu uğurları Naxçıvan Muxtar Respublikasında da aydın görürük.
Muxtar respublikanın kənd təsərrüfatının iqtisadiyyatın və əhalinin məşğulluğunun əsas sahəsi olduğunu diqqətə çatdıran Fuad Nəcəfli bildirib ki, ötən 30 ildə Naxçıvanda digər sahələr kimi kənd təsərrüfatı sahəsində də dövlətin yaratdığı imkanlardan və göstərdiyi dəstəkdən səmərəli istifadə olunmayıb, sui-istifadə hallarına yol verilib. Cari ilin ötən dövründə bu sahədəki mövcud vəziyyət təhlil edilib, problemlərin həllinə başlanılıb, torpaqların su təminatı ilə bağlı məsələlər diqqətdə saxlanılıb.
Milli Məclisin deputatı, Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev “Heydər Əliyev İli” çərçivəsində keçirilən tədbiri ulu öndərin əziz xatirəsinə göstərilən dərin hörmət və ehtiram, onun aqrar siyasətinin öyrənilməsinə zəruri maraq kimi dəyərləndirib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi idarə heyətinin sədri Orxan Məmmədov KOBİA xətti ilə muxtar respublikada həyata keçirilən tədbirləri diqqətə çatdırıb.
Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini Xəyalə Dadaşova muxtar respublikada aqrar sahədə aparılan islahatlardan bəhs edib, həyata keçiriləcək layihələrdən danışıb. Türkiyə Respublikasının Naxçıvan Muxtar Respublikasındakı baş konsulu Asip Kaya türkiyəli investorların orqanik Naxçıvan məhsullarının istehsalına və ixracına xüsusi dəstək göstərməyə maraqlı olduqlarını diqqətə çatdırıb.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının idarəetmə mütəxəssisi Namiq Məmmədov isə bildirib ki, təmsil etdiyi ofis növbəti ildən Naxçıvanda fermerlərə dəstək layihələri icra edəcək. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin sektor müdiri Ləman Əlizadə orqanik Naxçıvan məhsullarının brendləşdirmə fəaliyyəti barədə məlumat verib.
Sonra “Orqanik Naxçıvan” loqotipi təqdim olunub, “Orqanik Naxçıvan” məhsulları ilə bağlı animasiyalı video nümayiş etdirilib. Naxçıvanda qablaşdırılmış orqanik məhsullara baxış keçirilib.
***
“Sahil parkı”nda festivalın açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini Xəyalə Dadaşova qonaqları salamlayıb, ulu öndərin ölkəmizdə kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirdiyi tarixi tədbirlərdən danışıb. Sonra qonaqlar aqrofestival münasibətilə təşkil edilən sərgi ilə maraqla tanış olublar.
Aqrofestival günlərində 45 şirkətin və 55 ailə təsərrüfatını əhatə edən müxtəlif kənd təsərrüfatı texnikası, toxum, gübrə, pestisid və digər istehsal vasitələrinin, o cümlədən, kənd təsərrüfatı məhsullarının nümayişi və satışı həyata keçirilib.
***
Festival çərçivəsində “Orqanik aqromədəniyyə baxış: siyasət, çağırışlar və gələcək trendlər” və “Orqanik kənd təsərrüfatı və ekoloji tarazlıq” mövzularında panel iclasları təşkil olunub.
Festivalda muxtar respublikanın kənd təsərrüfatı mütəxəssisləri, dövlət qurumlarının əməkdaşları, yerli və xarici sahibkarlar iştirak ediblər.
Səbuhi HƏSƏNOV
Naxçıvan