Tibb müəssisələrində optik şəbəkə infrastrukturu yaradılır

post-img

Davamlı və sürətli data mübadiləsinin aparılması üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən və Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan tibb müəssisələrinə optik xətlər çəkilir, müasir elektron tələblərə cavab verən tam yeni infrastruktur qurulur.

Sənədləşmə işləri rəqəmsallaşdırılır 

Bakı Baş Səhiyyə Mərkəzindən al­dığımız məlumata görə, ilkin mərhələdə artıq 30-dan çox tibb müəssisəsində bu proses yekunlaşıb və növbəti mərhələdə 70-ə yaxın tibb müəssisəsində işlərin da­vam etdirilməsi nəzərdə tutulur. 

Görülən bu tədbirlərin əsas məqsədi TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində kağız daşıyıcılar üzərində olan bütün sənədləşmə işlərinin rəqəmsallaşdırılmasıdır.

Vətəndaşların işi asanlaşır 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi ilə həyata keçi­rilən bu prosesin sonunda tabeli tibb müəssisələri agentliyin İnformasiya Texnologiyaları və İnnovasiyalar İdarəsi­nin vahid bazası ilə davamlı data müba­diləsi, müəssisələrarası şəbəkə əlaqəsi və kəsintisiz internetlə tam təmin edilə­cək.

Proses yalnız optik xətlərin çəkilmə­si ilə yekunlaşmır, sonrakı mərhələdə müəssisələrin daxili şəbəkə infrastruktu­ru da tam yenidən qurulacaq və bu da, öz növbəsində, həm müəssisələrin əmək­daşlarının, həm də vətəndaşların işlərini xeyli asanlaşdıracaq.

Etibarlı nəzarət imkanı

Mərkəzdən o da bildirilib ki, optik xətlərin çəkilməsinin digər üstün cəhət­lərindən biri də asan idarəetmənin hə­yata keçirilməsidir. Belə ki, bütün tibb müəssisələrində optik infrastruktur qurul­duqdan sonra məlumat təhlükəsizliyinin qorunması məqsədilə onların elektron sistemlərə giriş-çıxışına və eləcə də data məlumatlara nəzarətin həyata keçirilmə­sinə etibarlı imkan yaradılacaq.

Vaxt itkisi azalır

Ölkə əhalisinin tibbi xidmətlərə əlça­tanlığının təmin edilməsi, göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə həyata keçirilən bu tədbirlər il­kin səhiyyə xidmətlərinin göstərilməsində əlavə vaxt itkisinin qarşısının alınmasına, habelə, vətəndaş məmnunluğunun təmin olunmasına imkan verəcək.

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

Səhiyyə