Prezident İlham Əliyev Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub YENİLƏNİB

post-img

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub.

AZƏRTAC xəbər verir ki, Prezidentin İşlər müdiri Ramin Quluzadə dövlətimizin başçısına kompleksdə yaradılacaq şərait barədə məlumat verdi.

Qeyd edək ki, Zəngilanın bərpası konsepsiyasında şəhərin turizm potensialı da nəzərə alınaraq ona uyğun infrastruktur yaradılır. Kompleksdəki hotel binasının təməli 2023-cü il mayın 4-də Prezident İlham Əliyev tərəfindən qoyulub.

Hotel binasında 111 nömrə, konfrans, iclas və ziyafət zalları, fitnes və spa mərkəzləri, qapalı və açıq hovuzlar, restoran və uşaq əyləncə mərkəzləri yaradılacaq. İstirahət kompleksinin ərazisində, həmçinin 10 kottec də qonaqların istifadəsinə veriləcək.

Hoteldə 70 nəfərdən çox işçinin fəaliyyət göstərməsi nəzərdə tutulub.

Kompleksin ərazisində üzüm və digər meyvə bağları salınacaq.

Bir sözlə, müxtəlif çeşidli yüksək xidmətlərin göstəriləcəyi hotel kompleksi müasir standartlar səviyyəsində inşa olunur. Rayona səfərə gələnlərin rahatlığı üçün burada hər cür şərait yaradılacaq.







Rəsmi xronika