Prezidentin Mətbuat Xidmətinin məlumatı

post-img

Fevralın 8-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Şarl Mişel fevralın 7-də Azərbaycan Respublikasında keçirilmiş seçkilərdə qələbə münasibətilə Prezident İlham Əliyevi təbrik edib və yeni mandatın icrasında dövlətimizin başçısına uğurlar arzulayıb.

Telefon danışığı əsnasında Azərbaycan və Avropa İttifaqı arasında əlaqələrin müxtəlif aspektləri, xüsusilə energetika və nəqliyyat sahəsində əməkdaşlıq məsələləri geniş müzakirə olunub. Şarl Mişel nəqliyyat və bağlantılar sahəsində Avropa İttifaqının region ölkələri ilə əlaqələri inkişaf etdirmək üçün konkret layihələrlə çıxış etdiyini vurğulayıb.

Tərəflər COP29-un Azərbaycanda keçirilməsi və bu çərçivədə Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq məsələlərinə də toxunublar.

Şarl Mişel üçtərəfli formatda Brüsseldə Azərbaycan, Ermənistan və Avropa İttifaqı arasında görüşlərin bərpa edilməsi ilə bağlı Prezident İlham Əliyevdən mövqeyini bildirməsini xahiş edib.

Prezident İlham Əliyev Azərbaycanın həmişə Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə keçirilən üçtərəfli görüşləri dəstəklədiyini bildirib.

Söhbət zamanı Ermənistanla Azərbaycan arasında sülh danışıqları ilə bağlı fikir mübadiləsi aparılıb, Azərbaycan Respublikasının Prezidenti Administrasiyası və Ermənistanın baş nazirinin aparatı arasında dekabrın 7-də ikitərəfli əsasda qəbul edilmiş birgə bəyanatın irəliyə doğru mühüm addım olduğu vurğulanıb.

Rəsmi xronika