Suqovuşan su anbarı təmir-bərpadan sonra istifadəyə verilib

post-img

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Tərtər rayonunda Suqovuşan su anbarının təmir-bərpadan sonra istifadəyə verilməsi mərasimində iştirak edib.

AZƏRTAC xəbər verir ki, Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Azərbaycan Prezidentinə görülən işlər barədə məlumat verdi.

Qeyd edək ki, Suqovuşan su anbarı və magistral kanallar 1976-cı ildə istismara verilib. Su anbarının ümumi su tutumu 5,86 milyon kubmetrdir. Bəndin üstdən uzunluğu 630 metr, hündürlüyü 28 metr, eni isə 10 metrdir.

Dövlətimizin başçısı su anbarında görülən işlərə dair videoçarxa baxdı.

Su anbarının yerləşdiyi ərazi 28 il işğal altında olduğundan Tərtər rayonunda 24,5 min, Ağdərə ərazisində 14,4 min, Goranboy rayonunda 7 min, Yevlax rayonunda 5,9 min, Bərdə rayonunda 12,6 min, Ağdam rayonunda 30 min, Ağcabədi rayonunda 2 min hektar olmaqla, ümumilikdə, 96 min hektardan çox torpaq sahəsinin su təminatında ciddi çətinliklər yaranmışdı. Su anbarında aparılan təmir-bərpa işləri həmin torpaq sahələrinin suvarılması işinin yaxşılaşdırılmasını təmin edəcək.

Prezident İlham Əliyev Suqovuşan su anbarını işə saldı.

Qeyd edildi ki, Tərtərçay və Turağayçay çaylarından daxil olan sular su anbarında tənzimlənərək, ümumi suburaxma qabiliyyəti saniyədə 70 kubmetr olan əsas magistral kanala, başlanğıcdan 5,2 kilometr sonra isə hər birinin suburaxma qabiliyyəti saniyədə 50 və 20 kubmetr olan sağ sahil və sol sahil magistral kanallarına verilir.

Bildirilib ki, su anbarında yeni inzibati bina və gözətçi binası, təmir emalatxanası və nasosxana tikilib.

















Rəsmi xronika