ABŞ-nin paytaxtı Vaşinqton şəhərində Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunan LED ekranlı avtomobillərin iştirakı ilə genişmiqyaslı maarifləndirici aksiya keçirilib.
XQ xəbər verir ki, aksiya Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Amerika-Azərbaycan Gənclər və İdman Assosiasiyasının təşkilatçılığı ilə baş tutub.
Aksiyada Xocalı ilə bağlı dolğun məlumatları əks etdirən LED ekranlı avtomobillər şəhərin mərkəzi küçələrində hərəkət edib. Avtomobillər Kapitoli binası (ABŞ Konqresinin binası), Ağ Ev (ABŞ Prezidentinin iqamətgahı), Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti, Pentaqon (ABŞ Müdafiə Nazirliyinin qərargahı) və digər dövlət əhəmiyyətli obyektlərin önündən keçərək yerli ictimaiyyətin diqqətini 1992-ci il fevralın 26-da baş verən Xocalı faciəsinə yönəldib.
Ekranlarda soyqırımı qurbanlarının fotoları, faciənin dəhşətlərini göstərən təsvirlər, ədalətə çağırış mesajları, eləcə də Xocalı həqiqətləri barədə tarixi faktları əldə etməyə imkan verən QR kodlar nümayiş olunub.
"Xatırla, hörmət et, düşün - Xocalı 1992", "34 il sonra, biz hər bir ruhu xatırlayırıq", "Xocalı 1992 faciəsi - dünya bunu unutmamalıdır", "Xocalı - onların cəsarəti və ağrısı bizimlədir", "Xocalı qurbanları anır, xatirələrini əziz tuturuq", "Xocalı soyqırımını unutma", "Maarifləndir, ədalət tələb et və həmrəylik göstər", "Birlikdə xatırlayırıq, birlikdə yas tuturuq, birlikdə müdafiə edirik", "Xocalı üçün ədalət", "Faciədən xatirəyə - Xocalı yaşayır", "Günahsızlar üçün xatırla, ədalət üçün danış", "Bir soyuq gecə - minlərlə itki", "34 il sonra da Xocalı danışır" şüarları şəhər sakinlərinin diqqətinə çatdırılıb.
Aksiyada beynəlxalq ictimaiyyətə Xocalı faciəsini unutmamağa, qurbanların xatirəsini hörmətlə anmağa və ədalətin bərqərar olunmasına dəstək verməyə çağırış edilib.
Qeyd edək ki, eyni vaxtda ABŞ-nin Nyu York və Boston şəhərlərində də bu cür məlumatlandırıcı aksiyalar keçirilib.





