Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib - VİDEO

post-img

Azərbaycan Ordusunda Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib.

Anım mərasimlərində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların, eləcə də Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edənlər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə şəhərə hücum edərək, mülki əhaliyə misli görünməmiş vəhşiliklə divan tutmalarından danışıblar. Qeyd olunub ki, erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər həlak olub, 1275 dinc sakin əsir götürülüb, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu dəhşətli soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq valideynlərindən hər ikisini, 130 uşaq isə valideynlərindən birini itirib. 487 şəxs, o cümlədən 76 uşaq məruz qaldıqları ağır fiziki və psixoloji işgəncələrdən ömürlük əlilə çevrilib.

Keçirilən mərasimlərdə Ermənistanın təxribatlarına və hərbi təcavüzünə cavab olaraq Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan qələbədən və Azərbaycan Ordusu tərəfindən həyata keçirilən uğurlu antiterror əməliyyatından bəhs edilib. Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin, eləcə də Heydər Əliyev Fondunun həyata keçirdiyi məqsədyönlü fəaliyyətləri xüsusi qeyd olunub.

Silsilə tədbirlər zamanı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidələr ziyarət olunub, ictimai-siyasi hazırlıq dərslərində mövzuya dair mühazirələr oxunub, fotosərgilər, bədii-sənədli filmlər nümayiş etdirilib. Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzi, eləcə də Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin hazırladığı ədəbi-bədii kompozisiyalar maraqla qarşılanıb.
































Qan yaddaşı