Xocalı soyqırımı: 32 ildir ki, həqiqət və beynəlxalq ədalət uğrunda mübarizə aparırıq

post-img

1992-ci il fevralın 26-sı Azərbaycan tarixinin ən faciəli səhifələrdən biri kimi, milyonlarla soydaşımızın yaddaşına həkk olunmuş bir hadisədir. Bu gün bütün Azərbaycan xalqı 32 il əvvəl Xocalıda baş vermiş, tarixin ən qəddar etnik təmizləmə və soyqırımı aktını yad edir. Xocalı soyqırımı bütün dünya ictimaiyyətinə müharibənin günahsız insanlar üçün necə əsl cəhənnəmə çevrilə biləcəyini xatırlatmaqla, dünyanın mənzərəsində qara ləkəyə çevrildi. Bu, sadəcə olaraq cinayətkar hərbi təcavüz aktı deyil, həm də ermənilərin dinc azərbaycanlı əhaliyə qarşı törətdiyi sırf vəhşilik, vandallıq aktı idi. Yüzlərlə qoca, qadın və uşaq vəhşicəsinə qətlə yetirilib, minlərlə insan öz evindən, ailəsindən məhrum edilib, qəddarlığın və qeyri-insaniliyin qurbanı olub. 

Bu fikirləri “XQ”-yə beynəlxalq münasibətlər üzrə analitik Masil Dəmirov deyib.

Analitik diqqətə çatdırıb ki, Xocalıda, eləcə də vaxtı ilə işğal olunmuş digər ərazilərdə törədilmiş zorakılıq və terrora heç cür haqq qazandırmaq olmaz. Bu, beynəlxalq hüququn bütün prinsiplərinə, o cümlədən “Soyqırım cinayətinin qarşısının alınması haqqında” Konvensiyaya, “İşgəncələrə qarşı” Konvensiyaya və “insan hüquq və ləyaqətini qoruyan” digər sənədlərə ziddir: “Xocalı soyqırımı ötəri bir hadisə deyil. Bu, Ermənistanın Azərbaycan ərazilərinin işğalı zamanı həyata keçirdiyi genişmiqyaslı etnik təmizləmə və soyqırımı siyasətinin tərkib hissəsi oldu. Bu, bəşəriyyətə qarşı cinayətdir, hər bir insanın yaşaması və təhlükəsizliyinin əsas hüquq və azadlıqlarına qəsddir. Hələ də öz yaxınlarının taleyi ilə bağlı həqiqəti öyrənmək imkanı olmayanların haqqını unutmaq olmaz. Biz beynəlxalq ictimaiyyət qarşısında ədalət uğrunda mübarizəni davam etdirmək və günahkarların cəzalanmdırılmasını tələb etmək məsuliyyəti daşıyırıq. Cəzasızlıq təcavüzkarları sülh və təhlükəsizliyə təhlükə yaradaraq yeni vəhşiliklər törətməyə sövq edir. Dünya ictimaiyyətinin bu hadisələrə reaksiyası təkcə qınama xarakteri daşımamalı, həm də konkret hərəkətlərlə müşayiət olunmalıdır. Beynəlxalq səviyyədə günahkarların məsuliyyətə cəlb edilməsi və qurbanların ədalətinin təmin edilməsi üçün bütün mümkün addımlar atılmalıdır”.

Masil Dəmirov bildirib ki, Vətənimizin tarixində bütün kədərli hadisələrə baxmayaraq, bu gün Azərbaycan qürurludur. İkinci Qarabağ müharibəsində Azərbaycanın parlaq qələbəsi xalqımızın əvvəlki şərəf və şöhrətini qaytaran tarixi məqam oldu. Bu qələbə nəinki torpaqlarımızın işğaldan azad edilməsini, həm də onilliklər əvvəl pozulmuş tarixi ədaləti bərpa etdi. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə xalqımızın milli iradəsi və birliyi ilə qeyri-mümkün görünən nailiyyətləri əldə etdik. Strateji əhəmiyyətli ərazilərin, o cümlədən, Şuşanın və Xocalının azad edilməsi təkcə hərbi qələbə deyil, həm də ruhun, ədalətin qələbəsi idi.

“Bayrağımızın bütün Azərbaycan ərazilərində ucaldılması ümidimizin, əzmimizin simvoluna çevrilib. Bu, erməni barbarları və onların himayədarları tərəfindən vəhşicəsinə məhv edilmiş qurbanların xatirəsinin yad edilməsi aktı, keçmişi heç vaxt unutmayacağımız, gələcəkdə təkrarlanmasına imkan verməyəcəyimiz vədlərinin nəticəsi idi. Bununla belə, qələbəmiz bizi daha da məsuliyyətli olmağa ruhlandırır. Erməni təcavüzünün və soyqırımının qurbanı olanları xatırlamalıyıq. Biz təkcə öz torpaqlarımızda deyil, bütün regionda ədalət və sülh üçün daha da çalışmalıyıq. Qələbəmiz ümumi gələcəyimizdə sülh və tərəqqi yaratmaq, səylərimizi davam etdirmək üçün ilham mənbəyi olmalıdır”, - deyə M.Dəmirov qeyd edib.

Analitik sonda tariximizin azadlıq, ədalət və sülh uğrunda mübarizə tarixi olduğunu diqqətə çatdırıb və əlavə edib ki, gücümüzü birləşdirdiyimiz zaman belə dəhşətlərin bir daha təkrarlanmamasını təmin edəcəyik. 

Rizvan FİKRƏTOĞLU

XQ

Qan yaddaşı