Vətən müharibəsinin xronikası: 28 sentyabr

post-img

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.

Zəfər marafonunun 2-ci günü BMT-nin Baş katibi Antonio Quterreşin təşəbbüsü ilə onunla Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında videokonfrans formatında görüş keçirildi. Dövlətimizin başçısı ötən gün Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi təxribatla bağlı hadisələrin gedişinə dair məlumat verdi. Ölkə rəhbəri qeyd etdi ki, sentyabrın 27-də Ermənistan təmas xətti boyunca Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və yaşayış məntəqələrimizi ağır artilleriyadan atəşə tutub və bunun nəticəsində mülki şəxslərimiz və hərbi qulluqçularımız həlak olublar. Azərbaycan tərəfi özünümüdafiə məqsədilə uğurlu əks-hücum əməliyyatları həyata keçirir.

Dövlətimizin başçısı daha sonra vurğuladı ki, Ermənistan tərəfi birinci dəfə deyil belə hərbi təxribatlar törədir. Belə ki, işğalçı ölkə 2020-ci ilin iyul ayında Azərbaycan–Ermənistan dövlət sərhədində buna oxşar təxribat həyata keçirib, avqust ayında isə erməni diversiya dəstəsi təmas xəttini keçməyə cəhd edib. Eyni zamanda, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərinə başqa ölkələrdən xarici vətəndaşların qanunsuz məskunlaşmasını həyata keçirir ki, bu da Cenevrə Konvensiyasına görə beynəlxalq hüququn ciddi pozulmasıdır.

Prezident İlham Əliyev onu da bildirdi ki, Ermənistanın baş naziri Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməyə məcbur ediləcək on minlərlə mülki vətəndaşdan ibarət silahlandırılmış mülki könüllülər dəstələri yaradıb.

Dövlətimizin başçısı söhbət zamanı diqqətə çatdırdı ki, o, Ermənistanın yeni müharibəyə hazırlaşmasını BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında çıxışında vurğulamışdır.

Prezident İlham Əliyev dedi ki, Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həll olunmalıdır.

Müdafiə Nazirliyi Ermənistan ordusunun üç silah-sursat anbarının, onlarla texnikasının və 550-dən çox canlı qüvvəsinin məhv edildiyi barədə məlumat yayıb. Bildirilib ki, Ermənistan Müdafiə Nazirliyinin rəsmilərinin Azərbaycan Ordusundakı itkilərin sayı ilə bağlı yaydığı məlumatların heç bir əsası yoxdur və reallığı əks etdirmir. Bu, Azərbaycan Ordusunun uğurları qarşısında erməni əhalisi arasında hökm sürən təşviş və ordularında yaranmış xaosu bir qədər azaltmaq məqsədi güdür.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən daxil olan informasiyaya görə, əməliyyat gününün sonuna əldə edilən kəşfiyyat məlumatlarına əsasən, Ermənistan ordusu döyüşlər nəticəsində ciddi itkilərə məruz qalıb. Belə ki, düşmənin 22 tankı və digər zirehli texnikası, 15 “OSA” zenit-raket kompleksi, 18 pilotsuz uçuş aparatı (PUA), 8 artilleriya qurğusu məhv edilib, ölən və yaralı olmaqla canlı qüvvə baxımından 550 nəfərdən artıq itkisi var. Müxtəlif istiqamətlərdə düşmənin 3 silah-sursat anbarı məhv edilib.

Məlumata görə, Talış kəndi istiqamətində gedən döyüşlərdə Ermənistan ordusunun desant həmlə taborunun komandiri, podpolkovnik Lernik Babayan məhv edilib. Onun komandiri olduğu hərbi hissənin şəxsi heyəti isə ağır itkilərə məruz qalıb. Düşmən ordusundakı yaralıların say çoxluğu səbəbindən hərbi hospital və mülki xəstəxanalarda yer qıtlığı yaranıb, qan bankında isə ehtiyat qan çatışmazlığı mövcuddur. Ermənistan tərəfi ordusundakı döyüş itkilərinin real sayını hər zaman olduğu kimi yenə də ictimaiyyətdən gizlədir.

Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər düşməndən təmizlənib, Ermənistan Ordusunun xeyli sayda canlı qüvvəsi məhv edilib.

 

Ordu