Hərbi Tibb Fakültəsində feldşerlərin buraxılış mərasimi keçirilib

post-img

Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində Hərbi feldşer işi ixtisası üzrə təhsil alan kursantların buraxılış mərasimi keçirilib.

Tədbirdə Müdafiə Nazirliyinin nümayəndələri, Milli Müdafiə Universitetinin və fakültənin rəhbərliyi, professor-müəllim heyəti və kursantlar iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Hərbi Tibb Fakültəsinin rəisi tibb xidməti polkovniki Çingiz Əlləzov tədbiri açıq elan edərək gələn qonaqları salamlayıb. Fakültə rəisi Azərbaycan Ordusunda hərbi tibb sahəsində görülən işlərdən və yeniliklərdən söz açaraq gənc feldşerlerə xidmət edəcəkləri hərbi hissələrdə bu yenilikləri tətbiq etmələrinin vacibliyini vurğulayıb.

Sonra Milli Müdafiə Universitetinin rektoru polkovnik Gündüz Əbdülov mərasimdə çıxış edərək məzunları təbrik edib, onlara gələcək xidmətlərində müvəffəqiyyətlər arzulayıb. Rektor bildirib ki, Azərbaycan Ordusu üçün müasir tibb elminin tələblərinə cavab verən hərbi kadrların hazırlanması da ordumuzun səhiyyə sahəsində görülən işlərin bariz nümunəsidir.

Tibb İdarəsinin rəisi vəzifəsini icra edən tibb xidməti polkovnik-leytenantı Anar İsmayılov da məzunları təbrik edib, Azərbaycanın gələcəyi, ordumuzun, dövlətçiliyimizin müdafiə qüdrətinin daha da artırılması naminə xidmətlərində uğurlar arzulayıb.

Rəsmi hissə başa çatdıqdan sonra fakültənin kursant heyətinin ifa etdiyi fakültə marşı və vətənpərvərliyi tərənnüm edən şeirlər tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Sonda yüksək nizam-intizamına və təhsildə fərqləndiyinə görə bir qrup hərbi qulluqçu fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunub.







Ordu