105 yaşın mübarək, Azərbaycan Ordusu!

post-img

105 yaşın mübarək, Azərbaycan Ordusu! 

Səninlə fəxr edən milyonlardan biri olmaqdan  xoşbəxtəm...

Sən geridə qalan bütün illərdə ümidgahımız, inam yerimiz olsan da, bu yüz beş ilin hamısı ilə fəxr edə bilməmişik. Tarixin çox səhifələri amansızlıqla yazılmış, çox illər, qərinələr bizim əksimizə işləmiş, çox sular bulandırılmışdır. Həmin acı həqiqətlərin hamısını yaşasaq da, həmişə sənə inanmışıq. 

Dünyanın riyakarlıqları ötən əsrin 90-cı illərində səni məğlub kimi qələmə versə də, milyonlarla azərbaycanlı inanırdı ki, əsgərimiz nə zamansa həmin adı öz üstündən silib atacaq. Fəxr edirik ki, yeni əsrin ikinci onilliyinin son aylarında sən yeni tarix yazdın, on milyonlarla azərbaycanlının daim sızıltı ilə xatırladığı “məğlub xalq”, “məğlub ordu”, “məğlub dövlət” ifadələrini bədxahlarımızın leksikonundan birdəfəlik sildin. 

20 Yanvar faciəsi zamanı, Xocalı soyqırımı törədiləndə, Ağdam yerlə-yeksan ediləndə, Şuşa işğal olunanda, Laçın, Kəlbəcər və digər rayonlarımız əldən gedəndə biz hansı hissləri yaşamışdıqsa, xalqımız kimi ordumuz da bilirdi. Ancaq zaman çox ağır idi. Dözməli və səbr etməli idik. Dözdük və səbr etdik. 

...Ulu öndər Heydər Əliyev bir mərkəzdən idarə olunan qüdrətli, peşəkar, müasir Azərbaycan Ordusu yaradanda sabaha olan inamımız nə qədər artmışdısa, Ali Baş komandanımız İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrini dünyanın ən yaxşıları sırasına qaldıranda torpaqlarımızın işğaldan azad ediləcəyinə olan ümidimiz də  o qədər artdı. 

Sən – Azərbaycan Ordusu , 2016-cı ilin Aprel döyüşlərindəki uğurlarınla  tarixi Zəfərimizin təməlini qoydun. Biz onda demişdik ki, geridə qalan illərdəki ağrılarımızın bir hissəsinin qisasını aldıq. 2020-ci ilin payızında isə sən günahsız yerə öldürülən mülki şəxslərimizin də, çoxminli şəhidlərimizin də, deportasiyalar və soyqırımları zamanı itkin düşənlərimizin də, viran qoyulan şəhər və kəndlərimizin də, təhqir edilən ibadət yerlərimizin də, dağıdılan tarixi abidələrimizin də, qarət edilən mənəvi sərvətlərimizin də, vəhşicəsinə istismar edilən təbii sərvətlərimizin də, dağımızın, daşımızın, bağımızın, tarlamızın da qisasını aldın. Maşallah! Allah qorusun!

Mən səninlə Bakıda Zəfər paradı keçiriləndə də fəxr etmişdim, Qənimətlər parkı açılanda da. Füzulidə Beynəxalq Hava Limanı açılanda da ilk sözüm “Eşq olsun Azərbaycan Ordusuna və Ali Baş Komandanıçıza!” olmuşdu, Şuşada “Xarı bülbül” festivalı keçiriləndə də. 

Ancaq elə bilirəm ki, Azərbaycan Ordusunun mənə bəxş etdiyi ən böyük sevinc işğalçı ölkənin primitiv baş nazirinin dediyi “Qarabağ Azərbaycandır!” –ifadəsi oldu. 

Allah Ordumuzu, Ali Baş Komandanımızı, əsgər və zabitlərimizi qorusun! Bayramın mübarək, xalqın ümidgahı!

Hansısa hərbçimizin dövlət başçımıza “ Cənab Ali Baş Komandan, Azərbaycan Bayrağı Xankəndidə dalğalanır! “ – hesabatını eşitmək arzusuyla:

İttifaq MİRZƏBƏYLİ, 

“Xalq qəzeti” 

Əməkdar jurnalist 



Ordu