Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 140 Bakı şəhəri, 13 mart 2024-cü il

“Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında baka­lavrların hazırlanmasına çəkilmiş xərclərin hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında

“Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası­nın daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1010-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respub­likasının daxili işlər orqanlarında xidmət keç­mə haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanunu­nun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyul tarixli 535 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 dekabr tarixli 2375 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respub­likasının Nazirlər Kabineti qərara alır:

“Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında baka­lavrların hazırlanmasına çəkilmiş xərclərin hesablanması Qaydası” təsdiq edilsin (əlavə olunur).

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 13 mart 

tarixli 140 nömrəli Qərarı ilə 

təsdiq edilmişdir.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında bakalavrların hazırlanmasına 

çəkilmiş xərclərin hesablanması

QAYDASI

1. Ümumi müddəalar

1.1. Bu Qayda Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin (bundan sonra – Əsasnamə) 10-7-ci maddəsinə  uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında (bundan sonra – Akademiya) bakalavrların hazırlanmasına çəkilmiş xərclərin hesablanması qaydasını müəyyən edir.

1.2. Əsasnamənin 10-5-ci və 10-6-cı maddələrinə uyğun olaraq, tam orta təhsil və ya orta ixtisas təhsili əsasında ali təhsilin bakalavriat səviyyəsinə əyani təhsilalma formasında qəbul ediləcək şəxslərlə daxili işlər orqanlarında xidmət keçmə haqqında müqavilə bağlanılır. Daxili işlər orqanlarında xidmət keçmə haqqında müqavilədə bu şəxslərin daxili işlər orqanlarına xidmətə könüllü daxil olması, təhsili başa vurduqdan sonra 7 (yeddi) il müddətində daxili işlər orqanlarında xidmət keçmək vəzifəsi, habelə təhsili başa vurduqdan sonra daxili işlər orqanlarında xidmət keçmək istəməyən, yaxud həmin müddətdə öz arzusu ilə daxili işlər orqanlarında xidmətdən çıxan şəxslərin Akademiyada onların hazırlanmasına çəkilmiş xərclərin əvəzini ödəmək öhdəliyi nəzərdə tutulur.

2. Əvəzi ödənilməli olan xərclərin təsnifatı

2.1. Akademiyada bakalavrların hazırlanmasına çəkilmiş əvəzi ödənilməli olan xərclər birbaşa və dolayı xərclər olmaqla aşağıdakılardan ibarətdir:

2.1.1. birbaşa xərclər:

2.1.1.1. rütbə maaşının məbləği;

2.1.1.2. rütbə maaşı üzrə Akademiya tərəfindən aidiyyəti üzrə ödənilən məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və digər icbari ödənişlərin məbləği;

2.1.1.3. tələbə təqaüdlərinin məbləği;

2.1.1.4. ərzaq təminatı xərcləri;

2.1.1.5. xüsusi geyim forması xərcləri;

2.1.1.6. yataq və yumşaq inventar xərcləri;

2.1.2. dolayı xərclər:

2.1.2.1.  bir kursant üzrə müəllimlərin əməyin ödənişi xərcləri və digər müavinətlər;

2.1.2.2. digər dolayı xərclər (dəftərxana və təsərrüfat, mətbəə, kommunal, telekommunikasiya və poçt rabitəsi, istehlakyönümlü müxtəlif xidmətlərin, maşın və avadanlıqların alınması xərcləri).

2.2. Akademiyada bakalavrların hazırlanmasına çəkilmiş əvəzi ödənilməli olan xərc hər tədris ili bakalavrın hazırlanmasına çəkilmiş xərclərin məcmusunu təşkil edir:

ƏÖX = ÇX1 + ÇX2 + ÇX3 + ÇX4

burada:

ƏÖX – əvəzi ödənilməli xərc;

ÇX – çəkilmiş xərc (tədris illəri üzrə).

3.  Əvəzi ödənilməli olan xərclərin hesablanması qaydası

3.1. Akademiyada bakalavrların hazırlanmasına çəkilmiş xərclər bu Qaydanın 2-ci hissəsi ilə müəyyən edilmiş xərc istiqamətləri üzrə hər ilin sentyabr ayında ötən tədris ili üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təsdiq edilmiş xərc kalkulyasiyası əsasında müəyyən edilir.

3.2. Akademiyada bakalavrların hazırlanmasına çəkilmiş xərclərin hesablanması bilavasitə həmin şəxsin təhsil aldığı illər üzrə bu Qaydanın 3.1-ci bəndinə əsasən təsdiq edilmiş xərc kalkulyasiyası əsasında aşağıdakı düstur üzrə aparılır:

ÇX = RMX + İÖX + TTX + (ƏTX+XGFX+YYİX)/BKS + (MƏÖXDM+DDX)/TAS x Ə

burada:

ÇX – çəkilmiş xərc;

RMX – rütbə maaşı xərci;

İÖX – rütbə maaşı üzrə Akademiya tərəfindən aidiyyəti üzrə ödənilən məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və digər icbari ödənişlərin məbləği;

TTX – tələbə təqaüdlərinin məbləği;

ƏTX – ərzaq təminatı xərci;

XGFX – xüsusi geyim forması xərci;

YYİX – yataq və yumşaq inventar xərcləri;

MƏÖXDM – müəllimlərin əməyin ödənişi xərcləri və digər müavinətlər;

DDX – digər dolayı xərclər;

BKS – bakalavr təhsili alan kursantların sayı;

TAS – təhsil alanların cəmi sayı;

Ə – əmsal.  Ə = bakalavr təhsili üzrə müəllimlərin akademik saatlarının miqdarı / müəllimlərin akademik saatlarının cəmi miqdarı.

3.3. Ötən tədris ili üzrə xərclərin hesablanmasında tədris ilinə düşən aylar üzrə müvafiq illərin büdcə göstəriciləri və faktiki xərclər əsas götürülür.

4. Yekun müddəalar

4.1. Əsasnamənin 10-5-ci maddəsində göstərilən şəxs təhsilini başa vurduqdan sonra daxili işlər orqanlarında xidmət keçmək istəmədiyi halda, yaxud təhsili başa vurduqdan sonra 7 (yeddi) il müddətində öz arzusu ilə daxili işlər orqanlarında xidmətdən çıxdıqda həmin şəxsə xidmətin sonuncu günü 30 (otuz) gün müddətində onun hazırlanmasına çəkilmiş xərclərin ödənilməsi öhdəliyi barədə yazılı bildiriş təqdim olunur.

4.2. Yazılı bildirişdə  tutulmalı olan xərclərin tərkibi və məbləği, habelə bu məbləğin ödənilməsi üçün xəzinə (bank) hesabının nömrəsi göstərilməlidir.

 

Nazirlər kabinetinin qərarları