Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

post-img

№ 476 Bakı şəhəri, 25 dekabr 2023-cü il

“Dəmiryol nəqliyyatı infrastrukturunda hərəkətin təhlükəsizliyi və istismarı qaydaları­nın pozulması ilə əlaqədar hadisələrin araşdı­rılmasının təşkili və qeydiyyatı Qaydaları”nın təsdiq edilməsi haqqında

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhm­dar Cəmiyyətinin yaradılması haqqında” Azər­baycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamında də­yişikliklər edilməsi və Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 18 sentyabr tarixli 622 nömrəli Fərmanının 2.1-1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respubli­kasının Nazirlər Kabineti qərara alır:

“Dəmiryol nəqliyyatı infrastrukturunda hərəkətin təhlükəsizliyi və istismarı qaydala­rının pozulması ilə əlaqədar hadisələrin araş­dırıl-masının təşkili və qeydiyyatı Qaydaları” təsdiq edilsin (əlavə olunur).

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 25 dekabr 

tarixli 476 nömrəli Qərarı ilə 

təsdiq edilmişdir.

 

Dəmiryol nəqliyyatı infrastrukturunda hərəkətin təhlükəsizliyi və istismarı qaydalarının pozulması ilə əlaqədar hadisələrin araşdırılmasının təşkili və qeydiyyatı

 

QAYDALARI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar dəmiryol nəqliyyatı infrastrukturunda hərəkətin təhlükəsizliyi və istismarı qaydalarının pozulması ilə əlaqədar hadisələrin (bundan sonra – hadisə) araşdırılmasının təşkili və qeydiyyatı qaydalarını müəyyən edir.

1.2. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.2.1. ağır qəza - mənzildə və ya dəmiryol stansiyasında qatarların hərəkəti və ya manevr işləri, təchizat, həmçinin digər yerdəyişmələr zamanı dəmiryol hərəkət tərkibinin digər dəmiryol hərəkət tərkibi, nəqliyyat vasitəsi ilə toqquşması, dəmiryol hərəkət tərkibinin relsdən çıxması nəticəsində öz vəzifə borclarını yerinə yetirən dəmiryol nəqliyyatının işçisi və ya sərnişini olan bir və ya daha çox insanın ölməsi və ya beş və daha çox insanın ağır bədən xəsarəti alması və ya on nəfər və daha çox insanın fiziki zərər çəkməsi və ya dəmiryol hərəkət tərkibinin inventardan silinmə həcmində zədələnməsi ilə nəticələnən hadisə;

1.2.2. qəza - mənzildə və ya dəmiryol stansiyasında qatarların hərəkəti və ya manevr işləri, təchizat, həmçinin digər yerdəyişmələr zamanı dəmiryol hərəkət tərkibinin digər dəmiryol hərəkət tərkibi, nəqliyyat vasitəsi ilə toqquşması, dəmiryol hərəkət tərkibinin relsdən çıxması nəticəsində öz vəzifə borclarını yerinə yetirən dəmiryol nəqliyyatının işçisi və ya sərnişini olan beşdən az insanın ağır bədən xəsarəti alması və ya on nəfərdən az insanın fiziki zərər çəkməsi və ya dəmiryol hərəkət tərkibinin əsaslı təmir həcmində zədələnməsi ilə nəticələnən hadisə;

1.2.3. dəmiryol hərəkət tərkibinin əsaslı təmiri - dəmiryol hərəkət tərkibinin əsas baza hissəsinin dəyişdirilməsi və ya onun bərpası; 

1.2.4. dəmiryol hərəkət tərkibinin inventardan silinməsi - dəmiryol hərəkət tərkibinin istismar müddətinə görə və ya zədələnməsi nəticəsində texniki vəziyyəti yararsız hala düşdükdə onun bərpası səmərəsiz olduqda istismardan çıxarılması; 

1.2.5. avtoqoşucuların öz-özünə açılması - qoşulu dəmiryol hərəkət tərkiblərinin qoşulmasının pozulması;

1.2.6. dəmiryol hərəkət tərkibinin detallarının yolun üzərinə düşməsi - hərəkət tərkibinin hərəkəti zamanı onun sonrakı hərəkətin mümkünsüzlüyünə səbəb olan, detalının (detallarının) yola (rels izinin içərisinə və ya yolun kənarına) düşməsi;

1.2.7. dəmiryol hərəkət tərkibinin qatarın qəbul, göndərmə marşrutuna və ya mənzilə icazəsiz hərəkəti - stansiyalarda dəmiryol hərəkət tərkibinin hüdud dirəkciyinin (işıqforun, “Stansiyanın sərhədi”, “Dalan yolunun sərhədi” nişanının) arxasına, qatarın qəbul, göndərmə marşrutuna və ya mənzilə, həmçinin mənzildən və ya qeyri-ümumi istifadəli dəmir yolundan stansiyaya öz-özünə getməsi;

1.2.8. dəmiryol hərəkət tərkibinin relsdən çıxması - hərəkət edən dəmiryol hərəkət tərkibinin heç olmasa bir təkərinin rels başlığından çıxması; 

1.2.9. dəmiryol nəqliyyatı infrastruktur qurğularının subas-ması, yanğını, konstruksiyalarının bütövlüyünün pozulması - insanların həyat və sağlamlığına, dövlətin və cəmiyyətin maraqlarına maddi ziyan vuran su səviyyəsinin qalxması nəticəsində infrastrukturun su basması, nəzarətdən çıxan yanğınlar və ya infrastrukturun konstruksiyalarının dağılması nəticəsində mənzildə yolların birində qatarların hərəkətində 1 saat və daha çox müddətli fasilənin yaranması; 

1.2.10. dəmiryol nəqliyyatı infrastrukturu - ümumi və qeyri-ümumi istifadəli dəmiryol nəqliyyatında daşıma proseslərinin bütün mərhələlərinin yerinə yetirilməsini təmin edən xidməti obyektləri özündə birləşdirən texnoloji kompleks;

1.2.11. təhlükəli yükün dağılması (axması) - təhlükəli yüklərin daşınması (nəqli) zamanı vaqonun və ya konteynerin və qablaşdır-manın zədələnməsi, vaqonun lüklərinin kip bağlanmaması, vaqon-sisternin çəninin və onun armaturunun defekti (zədələnməsi), vaqon-sisternin boşaltma cihazının defekti (zədələnməsi) səbəbindən təhlükəli yükün dağılması (axması) nəticəsində insanların həyat və sağlamlığına və ya fiziki və hüquqi şəxslərin əmlakına və ya ətraf mühitə zərər vurulması ilə nəticələnən hadisə;

1.2.12. qatarın hazır olmayan marşrutla qəbulu - stansiyanın dəmiryol hərəkət tərkibindən boş yoluna (yol sahəsinə), həmçinin elektrik dartılı qatarın elektrikləşdirilməyən yola və ya yol keçidinə, başqa növ cərəyanlı və ya kontakt naqilindən gərginliyi açılmış yola aparan hazır olmayan və ya düzgün hazırlanmayan (yoldəyişənlər, mühafizə və qoruyucu qurğular hərəkət marşrutu üzrə qoyulmadıqda) marşrutla giriş (marşrut) işıqforunun icazəverici göstəricisi, dəvətedici siqnalı ilə və ya “Dəmiryol nəqliyyatının texniki istismar Qaydaları”na uyğun qatarın stansiyaya hərəkəti üçün maşinist tərəfindən alınmış icazəverici ilə gələn qatarın lokomotivinin heç olmasa bir hissəsi ilə həmin işıqforu keçməsi; 

1.2.13. qatarın hazır olmayan marşrutla göndərilməsi - dəmiryol hərəkət tərkibinin boş mənzilə (blok-sahəyə), həmçinin elektrik dartılı qatarın elektrikləşdirilməyən yola və ya yol keçidinə, başqa növ cərəyanlı və ya kontakt naqilindən gərginliyi açılmış yola aparan hazır olmayan və ya düzgün hazırlanmayan (yoldəyişənlər, mühafizə və qoruyucu qurğular hərəkət marşrutu üzrə qoyulmadıqda) marşrutla “Dəmiryol nəqliyyatının texniki istismar Qaydaları”na uyğun qatarın maşinistinə yola düşməsi üçün verilmiş icazəverici, əlavə göstəriş və ya göndərmə siqnalı ilə hərəkəti (və ya dayanmadan hərəkəti) nəticəsində göndərilən qatarın lokomotivinin bir hissəsi ilə həmin yolun çıxış işıqforunu, işıqfor olmadıqda isə hüdud dirəkciyini keçməsi; 

1.2.14. qatarın tutulu mənzilə (blok-sahəyə) göndərilməsi - qarşıda yerləşən mənzilin (blok-sahənin) qatar və ya hərəkət tərkibi ilə tutulu halında çıxış işıqforunun icazəverici göstəricisi, dəvətedici siqnalı və ya “Dəmiryol nəqliyyatının texniki istismar Qaydaları”na uyğun qatarın maşinistinə yola düşməsi üçün verilmiş icazəverici, lazım gəldikdə əlavə göstəriş və ya göndərmə siqnalı ilə hərəkəti (və ya dayanmadan hərəkəti) nəticəsində göndərilən qatarın lokomotivinin heç olmasa bir hissəsi ilə həmin yolun çıxış işıqforunu (işıqfor olmadıqda isə hüdud dirəkciyini) keçməsi;

1.2.15. qatarın tutulu yola qəbulu - hərəkət tərkibi və ya qatarla tutulu yola hazırlanmış marşrutla giriş (marşrut) işıqforunun icazəverici göstəricisi, dəvətedici siqnalı ilə və ya “Dəmiryol nəqliyyatının texniki istismar Qaydaları”na uyğun qatarın stansiyaya hərəkəti üçün maşinist tərəfindən alınmış icazəverici ilə gələn qatarın lokomotivinin heç olmasa bir hissəsi ilə həmin işıqforu keçməsi;

1.2.16. texniki rəy - hadisənin baş verməsi şəraiti, səbəbləri, nəticələri, həmçinin təsnifatı barədə məlumatları əks etdirən sənəd;

1.2.17. yolda hərəkət zamanı buksun qızması səbəbindən mənzillərdə və ya aralıq dəmiryol stansiyalarında vaqonun qatarından açılması - zəmanət sahəsinin sonuncu stansiyaları və texniki müayinə məntəqələri olan stansiyalar istisna olmaqla, buksun qızması səbəbindən bütün stansiyalarda vaqonun qatardan açılması; 

1.2.18. yolda sərnişin və ya şəhərətrafı qatardan vaqonun açılması - göndərmə və təyinat stansiyaları istisna olmaqla, nasazlıq səbəbindən sonrakı hərəkətə maneə yarandıqda bütün stansiyalarda vaqonun qatardan açılması;

1.2.19. yoldəyişənin kəsilməsi - manevr işi, təchizat və ya digər yerdəyişmələr zamanı dəmiryol hərəkət tərkibinin sığal istiqamətdə, həmçinin əks-sığal istiqamətdə hərəkəti zamanı təkərin darağının rama relsinə sıxılmış tiyəni aralaması; 

1.2.20. yüklərin, baqajın və yaxud yük-baqajın yüklənməsinin texniki şərtlərinin pozulması səbəbindən aralıq dəmiryol stansiyalarında vaqonların qatardan açılması - kommersiya baxışının keçirilməsi nəzərdə tutulmuş, o cümlədən texniki vasitələri olan stansiyalar istisna olmaqla, yükün və ya onun bir hissəsinin yolun üzərinə düşməsinə, həmçinin onun yükləmə qabaritindən kənara çıxmasına gətirib çıxara bilən yükləmənin texniki şərtlərinin pozulması səbəbindən bütün stansiyalarda vaqonun qatardan açılması; 

1.2.21. defektoskop vaqon - dəmir yolunda qoyulmuş relslərin bütövlüyünə sürətli nəzarət, onlarda xarici və gizli defektləri aşkarlamaq üçün nəzərdə tutulmuş dəmiryol hərəkət tərkibi;

1.2.22. buks - vaqonun kuzovundan ağırlığı ox boynuna ötürən hissə;

1.2.23. onurğa tiri - vaqonun kuzasından yükün ağırlığını qəbul edib, hərəkət hissəsinə ötürən vaqonun əsas hissəsi;

1.2.24. arabacığın yan tiri - arabacığın təkər cütlərini birləşdirən tir;

1.2.25. yayüstü (ressorüstü) - vaqonun kuzovunun arabacığa oturduğu hissə;

1.2.26. təkər cütü oxu - iki təkərin sərt şəkildə pərçimləndiyi ox;

1.2.27. təkərin ox boynu - buksun təkər oxuna oturduğu hissə;

1.2.28. vaqon sistern - maye yüklərin, o cümlədən neft və neft məhsulları, kimyəvi maye maddələrin (turşular, qələvilər və s.), mayeləşdirilmiş qaz (propan-butan, oksigen və s.), qida məhsullarının (su, süd, şərab, bitki yağı və s.) daşınması üçün dəmiryol hərəkət tərkibi;

1.2.29. manevr işi - stansiyaların sərhədləri daxilində (ayrı-ayrı hallarda isə mənzilə çıxmaqla) dəmiryol hərəkət tərkiblərinin qatardankənar yerdəyişmə əməliyyatı;

1.2.30. aralıq dəmiryol stansiyası - qatarların buraxılması, kəsişməsi və ötməsi, həmçinin yüklərin yüklənməsi və boşaldılması üçün dəmiryol şəbəkəsinin yol inkişafına malik bölmə məntəqəsi;

1.2.31. sonluq kran - dəmiryol hərəkət tərkibinin tormoz magistral hava borusunun sonunda quraşdırılmış kran;

1.2.32. hüdud dirəkciyi - dəmir yolunda yoldəyişən qurğu ilə birləşən (və ya ayrılan) qonşu yolların oxları arasındakı məsafənin ortasında şaquli quraşdırılan, həmin yolların sərhədlərini müəyyən edən dirəkcik.

1.3. Bu Qaydalarda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.

1.4. Azərbaycan Respublikasına məxsus dəmiryol hərəkət tərkibi ilə ölkə ərazisindən kənarda baş vermiş hadisənin araşdırılması MDB və Baltikyanı ölkələrin Dəmiryol Nəqliyyatı Şurasının 2020-ci il 27 noyabr tarixli 73 nömrəli iclas protokolu ilə təsdiq edilmiş “Qatarların hərəkəti və manevr işində təhlükəsizliyin pozulması üzrə xidməti araşdırma zamanı dəmiryol administrasiyalarının birgə fəaliyyəti qaydası barədə Təlimat”a müvafiq aparılır. 

1.5. Hadisənin araşdırılması və qeydiyyata alınması ilə əlaqədar işçilərin qarşılıqlı fəaliyyətinə dair vəzifə təlimatı infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilir.

 

3. Hadisələrin araşdırılması

 

2.1. Aşağıdakı hadisələr barədə mövcud əlaqə vasitələrindən,  o cümlədən telefondan, teleqrafdan istifadə etməklə dəmiryol nəqliyyatının aidiyyəti işçilərinə, ərazi üzrə dəmiryol nəqliyyatında polis orqanlarına, yerli icra hakimiyyəti orqanlarına, əlaqəli dəmiryol hərəkət tərkibinin sahiblərinə, o cümlədən daşıyıcıya, həmçinin hadisənin xarakteri, onların səbəb olduğu nəticələrə uyğun digər aidiyyəti qurumlara dərhal məlumat verilir: 

2.1.1. qəza;

2.1.2. ağır qəza;

2.1.3. təhlükəli yükün dağılması (axması).

2.2. Ərazisində baş vermiş aşağıdakı hadisələr barədə dəmiryol nəqliyyatının struktur bölmələri tərəfindən dəmiryol nəqliyyatının aidiyyəti məsul işçilərinə, əlaqəli olan dəmiryol hərəkət tərkibinin sahiblərinə, həmçinin daşıyıcıya (bu Qaydaların 2.2.4-cü və 2.2.5-ci yarımbəndlərində nəzərdə tutulmuş hallarda, əlavə olaraq aidiyyəti hüquq mühafizə orqanına) mövcud əlaqə vasitələrindən, o cümlədən telefondan, teleqrafdan və elektron əlaqə vasitələrindən istifadə etməklə dərhal məlumat verilir:

2.2.1. dəmir yollarında vaqonun və ya konteynerin istismarı zamanı yükün alışması; 

2.2.2. bu Qaydaların 2.1.1-2.1.3-cü yarımbəndlərində nəzərdə tutulmuş nəticələr olmadan, mənzildə və dəmiryol stansiyasında qatarların hərəkəti və ya manevr işləri, təchizat, həmçinin digər yerdəyişmələr zamanı dəmiryol hərəkət tərkibinin digər dəmiryol hərəkət tərkibi, nəqliyyat vasitəsi ilə toqquşması, dəmiryol hərəkət tərkibinin relsdən çıxması; 

2.2.3. dəmiryol nəqliyyatı infrastruktur qurğularının subasması, yanğını, konstruksiyalarının bütövlüyünün pozulması; 

2.2.4. bu Qaydaların 2.1.1-2.1.3-cü yarımbəndlərində nəzərdə tutulmuş nəticələr olmadan, nəqliyyat vasitəsinin dəmir yollarına icazəsiz hərəkəti ilə əlaqədar baş vermiş hadisə və ya təyin olunmuş dəmiryol keçidlərindən kənar yerlərdə dəmiryol hərəkət tərkibinin nəqliyyat vasitəsi ilə toqquşması; 

2.2.5. bu Qaydaların 2.1.1-2.1.3-cü yarımbəndlərində nəzərdə tutulmuş nəticələr olmadan, dəmiryol keçidlərində dəmiryol hərəkət tərkibinin nəqliyyat vasitəsi ilə toqquşması;

2.2.6. yüklərin daşınması (nəqli) zamanı vaqonun və ya konteynerin və qablaşdırmanın zədələnməsi, vaqonun lüklərinin  kip bağlanmaması, vaqon-sisternin çəninin və onun armaturunun defekti (zədələnməsi), vaqon-sisternin boşaltma cihazının defekti (zədələn-məsi) səbəbindən yükün dağılması (axması); 

2.2.7. qatarın hazır olmayan marşrutla qəbulu və ya göndərilməsi; 

2.2.8. dəmiryol hərəkət tərkibinin altında yoldəyişənin çevrilməsi;

2.2.9. yolda hərəkət zamanı sərnişin və ya şəhərətrafı qatarın tərkibindən vaqonun açılması;

2.2.10. dəmiryol hərəkət tərkibinin texniki nasazlığına görə göndərmə dəmiryol stansiyasından sərnişin qatarının göndərilməsinin ləğv edilməsi və ya aralıq dəmiryol stansiyalarında sərnişinlərin qatardan düşürülməsi;

2.2.11. yolda hərəkət zamanı sərnişin qatarında lokomotivin nasazlığına görə qatarın mənzildə və ya aralıq dəmiryol stansiyasında məcburi dayanması və köməkçi lokomotivin köməyi ilə qatarın sonrakı hərəkətini davam etməsi;

2.2.12. dəmiryol hərəkət tərkibləri arasında sonluq kranın  bağlı halında qatarın göndərilməsi;

2.2.13. dəmiryol hərəkət tərkibinin altında relsin sınması;

2.2.14. qatarlarda avtoqoşucuların öz-özünə açılması;

2.2.15. yolda hərəkət zamanı mənzillərdə və ya aralıq dəmiryol stansiyalarında buksun qızması səbəbindən vaqonun yük qatarından açılması; 

2.2.16. aralıq dəmiryol stansiyasında yükün, baqajın və ya yük-baqajın yükləmənin texniki şərtlərinin pozulması səbəbindən vaqonun qatardan açılması;

2.2.17. dəmiryol hərəkət tərkibinin avtoqoşucusunun qırılması; 

2.2.18. dəmiryol hərəkət tərkibinin detallarının dəmir yolunun üzərinə düşməsi;

2.2.19. dəmiryol hərəkət tərkibinin mexanizmlərin, avadanlıq-ların və kənar əşyaların (obyektlərin) üzərinə çıxması (vurması);

2.2.20. dəmir yolu hərəkət tərkibinin qatarın qəbul, göndərmə marşrutuna və ya mənzilə icazəsiz hərəkəti;

2.2.21. dəmiryol hərəkət tərkibinin işıqforun qadağanedici siqnalını və ya hüdud dirəkciyini keçməsi;

2.2.22. qatarın tutulu yola qəbulu; 

2.2.23. qatarın tutulu mənzilə göndərilməsi;

2.2.24. yolda hərəkət zamanı dəmiryol nəqliyyatının istismarına və hərəkətə təhlükə yaradan yükün dağılması (aşması); 

2.2.25. dəmiryol hərəkət tərkibinin onurğa tirinin, arabacığın yan və ya yayüstü (ressorüstü) tirinin, təkər cütü oxunun, təkərin ox boynunun və ya təkərin sınması;

2.2.26. çöl işıqforunda qadağanedici siqnal əvəzinə yanlış icazəverici və ya qatarın aşağı sürətlə hərəkət tələb edən siqnal əvəzinə daha yüksək sürətə icazəverici siqnalın olması;

2.2.27. mənzillərdə və stansiyalarda işlərin icrası zamanı qatarların hərəkəti üçün təhlükəli yerlərin siqnallarla çəpərlənməməsi;

2.2.28. stansiyada dəmiryol hərəkət tərkibinin qadağanedici siqnalın keçilməsinə səbəb olan icazəverici siqnal göstəricisinin qadağanediciyə keçirilməsi (və ya keçməsi); 

2.2.29. yoldəyişənin kəsilməsi;

2.2.30. yolun, kontakt şəbəkəsinin və digər qurğuların nasazlığı səbəbindən yolölçən və defektoskop vaqonun (və ya defektoskop arabacığın), diaqnostik kompleksin və digər vaqon-laboratoriyanın rəisinin qatar dispetçerinə sahədə hərəkətin dayandırılması və ya qatarların hərəkət sürətinin saatda 15 kilometrədək məhdudlaş-dırılması barədə bildiriş verməsi;

2.2.31. dəmiryol hərəkət tərkibinin, yolun, siqnalizasiya, mərkəzləşmə, bloklama (SMB) və rabitə, kontakt şəbəkəsi, elektrik təchizatı qurğularının və digər texniki vasitələrin nasazlığından mənzilin yolunun bi­rində və ya stansiyada qatarın qrafik üzrə nəzərdə tutulmuş vaxtdan 1 saat və daha çox müddətə gecikməsi (ləngidilmənin müddəti birinci qatarla müəyyən edilir).

2.3. Ərazisində bu Qaydaların 2.1.1-2.1.3-cü yarımbəndlərində nəzərdə tutulmuş hadisələr baş verdikdə qeyri-ümumi istifadəli dəmir yolunun sahibi bu Qaydaların 2.1-ci bəndində nəzərdə tutulmuş dövlət qurumları ilə yanaşı ümumi istifadəli dəmiryol nəqliyyatı infrastruk-turunun sahibinə, bu Qaydaların 2.2.1-2.2.31-ci yarımbəndlərində nəzərdə tutulmuş hadislər baş verdikdə isə ümumi istifadəli dəmiryol nəqliyyatı infrastrukturunun sahibinə dərhal məlumat verir. 

2.4. Bu Qaydaların 2.1.1-2.1.3-cü və 2.2.1-2.2.31-ci yarımbəndlərində nəzərdə tutulmuş hadisələr baş verdikdə infrastruktur sahibi tərəfindən əlaqəli olan dəmiryol hərəkət tərkibinin sahibləri (hadisənin baş verməsində səbəbkar olduqda), həmçinin daşıyıcı dəvət edilməklə, müvafiq komissiya (bundan sonra - komissiya) yaradılır. Bu Qaydaların 2.2.1-2.2.31-ci yarımbəndlərində nəzərdə tutulmuş hadisələrin baş verdiyi hallarda komissiyanın tərkibinə ümumi istifadəli dəmiryol nəqliyyatının aidiyyəti qurumunun işçiləri də daxil edilir.  

2.5. Baş verdiyi yerdə hadisənin xidməti araşdırılmasını və nəticələrinin aradan qaldırılmasını təşkil edən komissiya tərəfindən:

2.5.1. lokomotivin hərəkət parametrlərini qeydə alan kaset və ya yaddaş modulu, sürətölçən lent, qatarın natura vərəqəsi, qatarın tormozlarının təminatı barədə arayış, sürətin məhdudiyyəti barədə xəbərdarlıq, lokomotivin bort jurnalı, maşinistin marşrut vərəqəsi, defektoskop vasitələrinin lentləri və qeydiyyat faylları götürülür. Yanğın baş verdikdə, həmin sənədlərə yanğının xidməti araşdırma aktı və dispetçerin danışıqları reqlamenti əlavə edilir;

2.5.2. dəmir yolunun dağılmış yerinin və dəmiryol hərəkət tərkibinin yerləşməsi, onun relsdən çıxma izinin sxemi tərtib edilir, dəmiryol hərəkət tərkibinin relsdən çıxmasının başlanğıc və dayanma yeri sxemdə göstərilir (yolun kilometri və piketi göstərilməklə);

2.5.3. dəmiryol hərəkət tərkibinin və dəmiryol nəqliyyatı obyektlərinin zədələnmələrinin ümumi görünüşünün, aşkar edilmiş kənar əşyaların, dəmiryol hərəkət tərkibinin detallarının və qovşaqların duruş vəziyyətlərinin fotosu və videosu çəkilir;

2.5.4. dəmiryol hərəkət tərkibinin və dəmiryol nəqliyyatı obyektlərinin texniki vəziyyəti barədə sənədlər tərtib edilir;

2.5.5. hadisənin baş verməsi ilə əlaqəli olan şəxslərdən, həmçinin digər şahidlərdən yazılı (audio və video cihazlardan istifadə etməklə) izahatlar alınır;

2.5.6. hadisənin başvermə anına olan hava şəraiti qeyd edilir və müvafiq qurumdan meteoroloji arayış alınır;

2.5.7. hadisənin başvermə səbəbini müəyyən etmək üçün digər əşyalar və sənədlər götürülür;

2.5.8. hadisənin baş verdiyi yerdə dəmiryol nəqliyyatı obyektlərinə və hərəkət tərkibinə, onların detallarına və qovşaqlarına baxış keçirilir;

2.5.9. yükün dağılması (axması) nəticəsində insanlar və ətraf mühit üçün təhlükənin azaldılması tədbirləri müəyyən edilir;

2.5.10. hadisənin baş verməsi ilə əlaqədar olan dəmiryol hərəkət tərkibinin və dəmiryol nəqliyyatı obyektlərinin istismarına və təmirinə aid olan bütün məsələlər öyrənilir;

2.5.11. hadisənin başvermə səbəblərini araşdırmaq üçün müvafiq dövlət orqanlarından, həmçinin hüquqi və fiziki şəxslərdən hadisə ilə əlaqədar sənədlərin və materialların əldə edilməsi üçün sorğular göndərilir.

2.6. Hadisənin araşdırılmasının məqsədi:

2.6.1. gələcəkdə bu cür hadisələrin qarşısının alınması məqsədilə onun başvermə səbəbini aşkar etmək;

2.6.2. araşdırma aparılan hadisəyə aid dəmiryol nəqliyyatı infrastruktur obyektinin faktiki vəziyyətini və texniki normativ sənədlərin tələblərinə uyğunluğunu qiymətləndirmək;

2.6.3. dəmiryol nəqliyyatında hərəkətin təhlükəsizliyi ilə əlaqədar qaydaların, təlimatların və digər texniki normativ sənədlərin tələbləri yerinə yetirilməyən bəndləri  qeyd etməklə, dəmiryol nəqliyyatı işçilərinin və vəzifəli şəxslərin hadisənin baş verməsinə və ya şərait yaradılmasına gətirib çıxaran fəaliyyətini qiymətləndirmək;

2.6.4. bu Qaydalara uyğun araşdırma sənədlərini rəsmiləş-dirmək və aidiyyəti üzrə təqdim etməkdir. 

2.7. Hadisənin baş verdiyi yerə gələn komissiya üzvləri tərəfindən araşdırma materiallarına aşağıdakılar daxil edilir:

2.7.1. sənədlərin siyahısı;

2.7.2. araşdırma aktı;

2.7.3. dəmiryol nəqliyyatı infrastrukturunun müvafiq qurumunun hadisənin başvermə səbəbi barədə texniki rəyi (normativ sənədlərin tələblərinin pozulduğu bəndlər göstərilməklə);

2.7.4. ilkin diaqnozla xəsarət alanların siyahısı; 

2.7.5. dəmiryol hərəkət tərkibinin və dəmiryol nəqliyyatı obyektlərinin zədələnmə dərəcələri barədə arayışlar;

2.7.6. hadisənin foto və video çəkilişləri, audio yazılar, digər qeydiyyat materialları, dəmiryol hərəkət tərkibinin və dəmiryol nəqliyyatı infrastruktur obyektlərinin saxlanmasına dair normalardan kənaraçıxmalar və zədələnmələr göstərilməklə hadisə yerindən sxemlər; 

2.7.7. hadisə zamanı lokomotivin hərəkət parametrlərinin qeydə alan kasetin və ya yaddaş modulunun, sürətölçən lentin şifrələnmə nəticələri (arayışda sürətölçən lentinin əslinin saxlanma yeri göstərilir);

2.7.8. hərəkətin təhlükəsizliyinin texniki vasitələrinin, o cümlədən buksun qısmasını avtomatik aşkaretmə cihazlarının, avtomatik lokomotiv siqnalizasiyasının vəziyyəti və işi  barədə arayış;

2.7.9. araşdırılan hadisəyə aidiyyəti olan dəmiryol nəqliyyatı obyektlərinin vəziyyəti və işi barədə aktlar;

2.7.10.   qatarların natura vərəqəsi;

2.7.11. aparılan sınaqların və hesablamaların nəticələri;

2.7.12. hadisəyə yol verilmiş hərəkət qrafikindən çıxarış və qatarların ləngimələri barədə arayış;

2.7.13. meteoroloji arayış;

2.7.14. hadisənin başvermə səbəbi ilə əlaqədar olan sənədlərin surəti (dispetçerin sərəncamlar jurnalı, texniki vasitələrə baxış jurnalı, stansiyanın texniki-sərəncam aktı, müfəttişin göstərişlər kitabı və s.);

2.7.15.  hadisənin başvermə səbəbi dəmir yolunda nasazlıq əlaməti olduqda, yolun plan və profili, yolölçən və defektoskop vasitələri ilə yolun sonuncu dəfə yoxlanılması nəticələri barədə arayış (yolölçən vaqonun lentini əlavə etməklə);

2.7.16. hadisənin baş verməsində əlaqədar işçilərin iş və istirahət rejimləri barədə məlumatlar, işçilərin izahatları, onların “Dəmiryol nəqliyyatının texniki istismar Qaydaları”, digər texniki normativ sənədlər və vəzifə təlimatları üzrə biliklərinin yoxlanılması, həmçinin tibbi müayinədən keçmələri barədə arayış;

2.7.17. texniki vasitənin zədələnməsi nəticəsində yük itkisinin və ya yükün xarab olması nəticəsində zərər barədə ilkin arayış;

2.7.18. hadisə barədə dəmiryol nəqliyyatının aidiyyəti struktur bölmələrinə verilmiş teleqramın surəti;

2.7.19. hadisənin başvermə səbəbinin araşdırılması ilə əlaqədar dəmiryol nəqliyyatının aidiyyəti qurumlarında keçirilən operativ müşavirələrin protokolları, habelə hadisələrin təkrarən baş verməməsi üçün tədbirlər planı;

2.7.20. hadisənin başvermə səbəbləri ilə bağlı olan digər sənədlər.

2.8. Komissiyanın qəbul etdiyi qərar daşıma prosesinin təşkili və (və ya) həyata keçirilməsi ilə əlaqədar işləri (göstərilən xidmətləri), həmçinin dəmiryol hərəkət tərkibinin və dəmiryol nəqliyyatında istifadə olunan texniki vasitələrin təmiri, dəmiryol nəqliyyatı obyektlərinin və yüklərin mühafizəsi ilə əlaqədar işləri (xidmətləri) yerinə yetirən bütün dəmiryol subyektləri tərəfindən qeyd-şərtsız yerinə yetirilməlidir.

2.9. Hadisənin nəticələrinin aradan qaldırılması zamanı hərəkətin qısa müddətdə bərpa edilməsi məqsədilə işlərin texniki vasitələrlə aparılması zamanı infrastruktur sahibinin razılığı ilə hərəkət tərkibinin əlavə zədələnməsinə yol verildikdə, baş vermiş hadisənin təsnifatlaşdırılmasında hərəkət tərkibinin əlavə zədələnmə dərəcəsi nəzərə alınmır. 

2.10. Bu Qaydaların 2.8-ci bəndində nəzərdə tutulmuş dəmiryol nəqliyyatı subyektləri hadisənin başvermə səbəblərinin müəyyən edilməsində əhəmiyyət kəsb edən dəmir yolunun üst quruluşu elementlərini, dəmiryol hərəkət tərkibi detallarını, digər əşyaları və sənədləri saxlamalıdırlar. Həmin sənədlərin, detalların və əşyaların tədqiqata və ya sınağa göndərilməsi və onların saxlama müddəti barədə qərar komissiya tərəfindən qəbul edilir. 

 

3. Hadisələrin araşdırılmasının nəticələrinin sənədləşdirilməsi

 

3.1. Araşdırmanın nəticələrinə görə aşağıdakı müddətlərdən gec olmayaraq hadisənin səbəbləri və nəticələri barədə komissiyanın bütün üzvləri tərəfindən imzalanmış texniki rəy tərtib edilir: 

3.1.1. bu Qaydaların 2.1.1-2.1.3-cü yarımbəndlərində nəzərdə tutulmuş hadisələrin baş verdiyi tarixdən 7 (yeddi) iş günü müddətində;

3.1.2. bu Qaydaların 2.2.1-2.2.31-ci yarımbəndlərində nəzərdə tutulmuş hadisələrin baş verdiyi tarixdən 3 (üç) iş günü müddətində.

3.2. Hadisənin araşdırılması zamanı uzunmüddətli tədqiqat, sınaq, xüsusi ekspertiza aparılmasına zərurət yarandıqda, komissiya tərəfindən araşdırma və texniki rəyin tərtib edilməsi müddəti artırılır. Komissiyanın qərarı və ya araşdırmada iştirak edən tərəflərdən birinin yazılı müraciəti araşdırma və texniki rəyin tərtib edilməsi müddətinin artırılması üçün əsas hesab edilir.

3.3. Hadisənin araşdırılması zamanı xidməti araşdırma materialları komissiya tərəfindən sənədləşdirilir.

 

4. Qeydiyyat və hesabat

 

4.1. Baş vermiş hadisələr infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən qeydiyyata alınır. 

4.2. İnfrastruktur sahibindən və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibindən asılı səbəblərə görə dəmiryol keçidlərində baş vermiş hadisələr ayrıca qeydiyyata alınır.

4.3. Hərəkətdə olan dəmiryol hərəkət tərkibi ilə icazəli, yaxud icazəsiz yerlərdə insanların həyat və sağlamlığına xəsarət yetirilməsi ilə əlaqədar hadisə həmin hadisənin baş verdiyi infrastruktur sahibinin və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibinin aidiyyəti qurumları üzrə qeydiyyata alınır. 

4.4. İnfrastruktur sahibinin və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibinin aidiyyəti qurumları hər ay (növbəti hesabat ayının 15-dək) baş vermiş hadisələr barədə infrastruktur sahibinə və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibinə hesabat verirlər.

 

Nazirlər kabinetinin qərarları