Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 411    Bakı şəhəri, 13 noyabr 2023-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 1999-cu il 7 iyun tarixli 94 nömrəli, “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısının təsdiq edilməsi haqqında” 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli, “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısının təsdiq edilməsi haqqında” 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli, “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın və “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın təsdiq edilməsi barədə” 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli və “Mərzçəkmə işlərini həyata keçirən özəl hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2016-cı il 6 may tarixli 185 nömrəli qərarlarında  dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2022-ci il 29 noyabr tarixli 646-VIQD nömrəli, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2022-ci il 29 noyabr tarixli 647-VIQD nömrəli və “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2022-ci il 29 noyabr tarixli 648-VIQD nömrəli qanunlarının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli 94 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 6, maddə 373, № 11, maddə 654; 2000, № 2, maddə 116; 2001, № 1, maddə 70, № 5, maddə 350; 2002, № 11, maddə 675; 2006, № 11, maddə 994; 2009, № 10, maddə 846; 2015, № 10, maddə 1223, № 11, maddə 1411; 2016, № 10, maddə 1708; 2017, № 4, maddə 657, № 5, maddə 965; 2018, № 3, maddə 629; 2020, № 10, maddə 1302; 2021, № 11, maddə 1284) aşağıdakı dəyişikliklər edilsin:

1.1. həmin Qərarla təsdiq edilmiş “Dövlət torpaq kadastrının aparılması qaydaları haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 6-cı hissə əlavə edilsin:

“6. Dövlət sifarişi əsasında aparılan işlər istisna olmaqla, dövlət qurumlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin sifarişi ilə həyata keçirilən torpaq-kadastrı işləri ilə bağlı göstərilən xidmətlərə görə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının müəyyən etdiyi məbləğdə xidmət haqları ödənilir.”;

1.2. həmin Qərarla təsdiq edilmiş “Torpaq-kadastr sənədlərinin aparılması Qaydaları”na aşağıdakı məzmunda 4-1-ci hissə əlavə edilsin:

“4-1. Dövlət sifarişi əsasında aparılan işlər istisna olmaqla, dövlət qurumlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin sifarişi ilə həyata keçirilən texniki kadastr və yerquruluşu sənədlərinin (kadastr xəritələri və plan-xəritə materialları) tərtibi və bu işlərə dair məlumatların və sənədlərin (arxiv arayışları, texniki sənədlərin təsdiq edilmiş surəti) verilməsi ilə bağlı göstərilən xidmətlərə görə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının müəyyən etdiyi məbləğdə xidmət haqları ödənilir.”;

1.3. həmin Qərarla təsdiq edilmiş “Torpaqların monitorinqinin aparılması qaydaları haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 10-cu hissə əlavə edilsin:

“10. Dövlət sifarişi əsasında aparılan işlər istisna olmaqla, dövlət qurumlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin sifarişi ilə həyata keçirilən torpaqların monitorinqi işləri ilə bağlı göstərilən xidmətlərə görə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının müəyyən etdiyi məbləğdə xidmət haqları ödənilir.”;

1.4. həmin Qərarla təsdiq edilmiş “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 8-ci hissə əlavə edilsin:

“8. Dövlət sifarişi əsasında aparılan işlər istisna olmaqla, dövlət qurumlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin sifarişi ilə həyata keçirilən yerquruluşu işləri ilə bağlı göstərilən xidmətlərə görə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının müəyyən etdiyi məbləğdə xidmət haqları ödənilir.”.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, 
№ 9, maddə 682; 2002, № 3, maddə 145; 2003, № 6, maddə 342; 2005, № 8, maddə 782; 2006, № 10, maddə 903; 2008, № 2, maddə 106; 2010, № 3, maddə 264, № 12, maddə 1123; 2014, № 10, maddə 1315; 2016, № 9, maddə 1585; 2017, № 12 (II kitab), maddə 2544; 2018, № 12 (II kitab), maddə 2735; 2019, № 1, maddə 169, № 3, maddə 555, № 5, maddə 967, № 6, maddə 1172, № 7, maddə 1338; 2020, № 2, maddə 202; 2022, № 8, maddə 1021, № 9, maddə 1085) ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nın 18-ci hissəsinin birinci abzasından “mənzil-kommunal təsərrüfatının inventarlaşdırma orqanlarına” sözləri çıxarılsın.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 9, maddə 869; 2007, № 1, maddə 45, № 3, maddə 312, № 10, maddə 1021; 2008, № 2, maddə 116; 2009, № 6, maddə 491, № 10, maddə 846, № 12, maddə 1061; 2010, № 3, maddə 264, № 4, maddə 359, № 7, maddə 702, № 12, maddə 1122; 2014, № 3, maddə 321, № 10, maddə 1322; 2015, № 4, maddə 474; 2016, № 2 (II kitab), maddə 366, № 3, maddə 610, № 5, maddə 951, № 8, maddə 1431, № 9, maddə 1555, № 11, maddə 1955; 2017, № 1, maddə 131, № 3, maddə 510, № 8, maddə 1617, № 12 (II kitab), maddə 2504; 2018, № 6, maddə 1377, № 7 (II kitab), maddə 1630, № 8, maddə 1809, № 11, maddə 2428, № 12 (II kitab), maddələr 2735, 2738; 2019, № 1, maddə 157, № 9, maddə 1564; 2021, № 1, maddə 85, № 4, maddə 417, № 9, maddələr 1049, 1054; 2022, № 4, maddələr 375, 408; 2023, № 6, maddə 871) ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nın 6-cı hissəsi aşağıdakı redaksiyada verilsin:

“6. Torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən göstərilən xidmətlər, daşınmaz əmlakın ilkin və təkrar texniki inventarlaşdırılması, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi və başqasına keçməsi ilə bağlı daşınmaz əmlak barədə məlumatların yoxlanılması və dövlət reyestrinə daxil edilməsi, daşınmaz əmlakın hüquq sahibi, təsviri və ünvanı barədə dövlət reyestrindən məlumatların verilməsi, sxematik ünvan planlarının tərtibi, hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu və verilməsi ilə bağlı mobil xidmətlərin göstərilməsi, torpaq kadastr məlumatları və çöl-ölçmə işlərinin nəticələri əsasında torpaq sahəsinə dair mütəxəssis rəyinin verilməsi ilə bağlı göstərilən xidmətlər, dövlət sifarişi əsasında aparılan işlər istisna olmaqla, dövlət qurumlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin sifarişi ilə həyata keçirilən torpaq-kadastrı, torpaqların monitorinqi və yerquruluşu işləri, texniki kadastr və yerquruluşu sənədlərinin (kadastr xəritələri və plan-xəritə materialları) tərtibi və bu işlərə dair məlumatların və sənədlərin (arxiv arayışları, texniki sənədlərin təsdiq edilmiş surəti) verilməsi, həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən mərzçəkmə işlərini həyata keçirən özəl hüquqi və fiziki şəxslərin uyğunluğunun təsdiq edilməsi ilə bağlı göstərilən xidmətlər.”.

4. “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın və “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1233; 2016, № 8, maddə 1434, № 10, maddə 1718; 2017, № 2, maddə 317, № 5, maddə 993, № 10, maddə 1927, № 12 (II kitab), maddələr 2485, 2540; 2018, № 4, maddə 790, № 8, maddə 1803, № 10, maddə 2167; 2019, № 3, maddələr 555, 566, № 5, maddə 967, № 7, maddə 1325; 2021, № 3, maddə 296, № 12, maddə 1510; 2023, № 6, maddələr 857, 864) aşağıdakı dəyişikliklər edilsin:

4.1. həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə – “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları” üzrə:

4.1.1. aşağıdakı məzmunda 1.5-ci bənd əlavə edilsin:

“1.5. Daşınmaz əmlakın ilkin və təkrar texniki inventarlaşdırılması, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi və başqasına keçməsi ilə bağlı daşınmaz əmlak barədə məlumatların yoxlanılması və dövlət reyestrinə daxil edilməsi ilə bağlı göstərilən xidmətlərə və hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu və verilməsi ilə bağlı mobil xidmətlərin göstərilməsinə görə, torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən göstərilən xidmətlərə görə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının müəyyən etdiyi məbləğdə xidmət haqları ödənilir.”;

4.1.2. 2-1.6-cı bənddə “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin göstərdiyi xidmətlərə görə xidmət haqlarının” sözləri “daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi və başqasına keçməsi ilə bağlı daşınmaz əmlak barədə məlumatların yoxlanılması və dövlət reyestrinə daxil edilməsi xidmətlərinə görə bu Qaydaların 1.5-ci bəndində nəzərdə tutulan xidmət haqlarının” sözləri ilə əvəz edilsin;

4.2. həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə – “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”a aşağıdakı məzmunda 1.6-cı bənd əlavə edilsin:

“1.6. Daşınmaz əmlakın təsviri barədə dövlət reyestrindən məlumatların verilməsi ilə bağlı göstərilən xidmətlərə görə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının müəyyən etdiyi məbləğdə xidmət haqları ödənilir.”.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 6 may tarixli 185 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 5, maddə 945; 2018, № 8, maddə 1817; 2021, № 5, maddə 524) ilə təsdiq edilmiş “Mərzçəkmə işlərini həyata keçirən özəl hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

5.1. 1.1-ci bənddən “və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”nin 3.0.90-cı yarımbəndinə” sözləri çıxarılsın və həmin bəndə “mərzçəkmə işlərini” sözlərindən əvvəl “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra - Xidmət) tərəfindən” sözləri əlavə edilsin;

5.2. 1.2-ci bənd ləğv edilsin;

5.3. 4.1-ci bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Xidmət tərəfindən mərzçəkmə işlərini həyata keçirən özəl hüquqi və fiziki şəxslərin uyğunluğunun təsdiq edilməsi ilə bağlı göstərilən xidmətlərə görə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının müəyyən etdiyi məbləğdə xidmət haqları ödənilir.”;

5.4. 7.2-ci bənddə “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin;

5.5. Qaydalara 1-3 nömrəli əlavələrin adlarında və cədvəllərində ismin müvafiq hallarında “Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti” sözləri ismin müvafiq hallarında “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti” sözləri ilə əvəz edilsin.

 

Əli Əsədov,
Azərbaycan Respublikasının Baş naziri

 

Nazirlər kabinetinin qərarları