Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 355 Bakı şəhəri, 4 oktyabr 2023-cü il

“Elektron əmtəə-nəqliyyat qaimə­sinin forması, tətbiqi, uçotu və istifa­dəsi Qaydaları”nın və “Yük avtonəq­liyyatı üçün elektron yol vərəqinin forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi barədə

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqın­da” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 406-VIQD nömrəli Qanununun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlə­rin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 dekabr tarixli 1533 nömrəli Fərmanının 2.1.1-ci yarımbəndinin icrasını təmin et­mək məqsədilə Azərbaycan Respublika­sının Nazirlər Kabineti qərara alır:

1. “Elektron əmtəə-nəqliyyat qaimə­sinin forması, tətbiqi, uçotu və istifadə­si Qaydaları” təsdiq edilsin (1 nömrəli əlavə).

2. “Yük avtonəqliyyatı üçün elektron yol vərəqinin forması, tətbiqi, uçotu və is­tifadəsi Qaydaları” təsdiq edilsin (2 nöm­rəli əlavə).

3. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirli­yi elektron əmtəə-nəqliyyat qaiməsinin və yük avtonəqliyyatı üçün elektron yol vərəqinin tətbiqi ilə əlaqədar müvafiq tex­niki imkanların yaradılmasını təmin edən tədbirlər görsün. 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 4 oktyabr tarixli 355 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

1 nömrəli əlavə

 

Elektron əmtəə-nəqliyyat qaiməsinin forması, tətbiqi, uçotu və istifadəsi

QAYDALARI

 

1. Ümumi müddəalar

 1.1. Bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-3.2-ci maddəsinə əsasən hazırlanmışdır və elektron əmtəə-nəqliyyat qaiməsinin forması, tətbiqi, uçotu və istifadəsi qaydalarını müəyyən edir.

1.2. Elektron əmtəə-nəqliyyat qaiməsi - “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq avtomobil nəqliyyatı ilə əmtəə təyinatlı yüklərin ölkədaxili daşınması zamanı yük daşıma müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa, yükgöndərən tərəfindən tərtib edilməklə rəsmiləşdirilən sənəddir. 

 1.3. Avtomobil nəqliyyatı ilə əmtəə təyinatlı yüklərin daşınması elektron əmtəə-nəqliyyat qaiməsi ilə rəsmiləşdirilir. Bu Qaydalara əlavə ilə müəyyən edilmiş elektron əmtəə-nəqliyyat qaiməsi ilə rəsmiləşdirilməmiş əmtəə təyinatlı yüklərin daşınmasına yol verilmir.

1.4. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.11-10-cu maddəsinə əsasən “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq avtomobil nəqliyyatı vasitəsilə əmtəə təyinatlı yüklərin daşınmasına görə elektron                əmtəə-nəqliyyat qaiməsini tərtib etmək vergi ödəyicisinin vəzifəsidir.

2. Elektron əmtəə-nəqliyyat qaiməsinin tərtib edilməsi

2.1. Elektron əmtəə-nəqliyyat qaiməsi Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “AYNA” informasiya sistemində (bundan sonra - informasiya sistemi) yaradılmış “Elektron əmtəə-nəqliyyat qaiməsi” altsistemində Azərbaycan dilində hazırlanır. 

2.2. Elektron əmtəə-nəqliyyat qaiməsi tərtib edilərkən daşımanın xarakterindən asılı olaraq əməliyyatın növü hissəsində aşağıdakılardan biri seçilir: 

2.2.1. malların bir vergi ödəyicisindən digər vergi ödəyicisinə təqdim edilməsi ilə bağlı daşınması;

2.2.2. malların bir vergi ödəyicisindən digər vergi ödəyicisinə qaytarılması ilə bağlı daşınması;

2.2.3. əvvəlcədən sifariş edilməyən, satışa çıxarılan malların daşınması;

2.2.4. pərakəndə qaydada son istehlakçıya təqdim edilmiş malların daşınması;

2.2.5. pərakəndə qaydada təqdim edilmiş son istehlakçıdan qaytarılan malların daşınması;

2.2.6. ümumi istifadədə olan avtomobil yollarına çıxmaqla malların təsərrüfatdaxili daşınması;

2.2.7. emala veriləcək malların daşınması;

2.2.8. emal prosesi keçmiş qaytarılan malların daşınması;

2.2.9. idxal edilmiş və ya ixrac olunan malların ölkədaxili daşınması;

2.2.10. alış aktı (elektron alış aktı) əsasında əldə edilmiş malların daşınması;

2.3. Elektron əmtəə-nəqliyyat qaiməsində aşağıdakı məlumatlar əks etdirilir.

2.3.1. Elektron əmtəə-nəqliyyat qaiməsinin “seriyası”, “nömrəsi” və “tarixi” sətirlərində - elektron əmtəə-nəqliyyat qaiməsinin proqram tərəfindən avtomatik generasiya olunan seriyası, nömrəsi və tarixi;

2.3.2. “QR Code (Quick Response Code – Sənədin sürətli məlumat kodu)” hissəsində - xüsusi qurğular vasitəsilə məlumatların oxunmasını özündə əks etdirən optik ştrix-kod, sənədin sürətli məlumat kodu;

2.3.3. “Qaimənin statusu” sətrində – elektron əmtəə-nəqliyyat qaiməsinin statusu (cari/düzəliş/ləğv);

2.3.4. “Əməliyyatın növü” sətrində – bu Qaydaların 2.2-ci bəndində qeyd olunan daşımanın xarakterindən asılı olaraq əməliyyatlara dair məlumatlar;

2.3.5. “Yükgöndərən” xanasında – vergi ödəyicisi olan hüquqi şəxsin tam adı, hüquqi ünvanı, VÖEN-i və ya fiziki şəxsin adı, atasının adı, soyadı, ünvanı, VÖEN-i, vergi ödəyicisi olmadıqda adı, atasının adı, soyadı, ünvanı və şəxsiyyət vəsiqəsinin FİN kodu;

2.3.6. “Yükalan” xanasında – vergi ödəyicisi olan hüquqi şəxsin tam adı, hüquqi ünvanı,  VÖEN-i və ya fiziki şəxsin adı, atasının adı, soyadı, ünvanı, VÖEN-i, vergi ödəyicisi olmadıqda adı, atasının adı, soyadı, ünvanı və  şəxsiyyət vəsiqəsinin FİN kodu;

2.3.7. “Daşıyıcı” xanasında – daşınma müqaviləsi və ya digər qanuni əsaslarla haqq müqabilində yük daşımalarını yerinə yetirən hüquqi şəxsin tam adı, hüquqi ünvanı və VÖEN-i və ya fiziki şəxsin adı, atasının adı, soyadı, ünvanı və VÖEN-i;

2.3.8. “Yükün çatdırılma yeri” xanasında – yüklərin çatdırıldığı yerin ünvanı və olduğu təqdirdə təsərrüfat subyektinin (obyektinin) vergi orqanındakı uçot kodu;

2.3.9. “Yükləmənin yeri və tarixi” xanasında – yükləmənin həyata keçirildiyi yerin ünvanı və yükləmənin başa çatma tarixi, olduğu təqdirdə təsərrüfat subyektinin (obyektinin) vergi orqanındakı uçot kodu;

2.3.10. “Yükün göndərilmə tarixi” xanasında – yükün planlaşdırılan göndərilmə tarixi;

2.3.11. “Yükün dəyəri” xanasında – yük qiymətli obyekt olduqda bütün hallarda, digər yüklər üzrə isə dəyəri barədə məlumat olduğu halda, yükün manat ifadəsi ilə ümumi dəyəri;

2.3.12. “Daşınma şərtləri ilə bağlı xüsusi göstərişlər” xanasın- da – zəruri hallarda yükgöndərənin və ya yükalanın daşıma şərtləri ilə bağlı xüsusi göstərişləri;

2.3.13. “Daşıma haqqı” xanasında – daşınma müqaviləsi və ya digər qanuni əsaslarla yüklərin daşınmasına görə daşıma haqqı;

2.3.14. “Əlavə xərclər” xanasında – yüklərin daşınması ilə bağlı əlavə xərclər;

2.3.15. “Əvvəlcədən ödənilmiş məbləğ” xanasında – tərəflərin öz üzərinə götürdükləri və ya bir-birinə verdiyi avansın məbləğləri;

2.3.16. “Xüsusi təhlükəli və potensial təhlükəli yük olduqda - təhlükənin konkret növü və belə hallarda yerinə yetirilməli ehtiyat tədbirləri” xanasında - xüsusi təhlükəli və potensial təhlükəli yükə aid təhlükənin konkret növü və bununla bağlı görülməli ehtiyat tədbirləri;

2.3.17. “Yük yerlərinin adı və nömrələri” xanasında – yük yerlərinin adı və nömrələri;

2.3.18. “Yük yerlərinin miqdarı (həcmi)” xanasında – yük yerlərinin sayı və həcmi;

2.3.19. “Qabı” xanasında – yüklərin qablaşdırılması barədə məlumat (qutu, butulka və s.);

2.3.20. “Brutto çəkisi (kq)” xanasında – yükün tam çəkisi (kq);

2.3.21. “Daşıyıcıya yüklə birlikdə verilmiş sənədlərin siyahısı” xanasında – uyğunluq sertifikatı, əmtəələrin mənşə sertifikatı, keyfiyyət sertifikatı, baytarlıq sertifikatı, baytarlıq şəhadətnaməsi, karantin sertifikatı və daşıyıcıya yüklə birlikdə verilmiş digər müşayiətedici sənədlərin siyahısı;

2.3.22. “Yükün tərkibi” xanasında – daşınan yüklərin adı, ölçü vahidi, miqdarı, məbləği və yüklə bağlı təsdiqedici sənədlər (yük gömrük bəyannaməsinin, elektron alış aktının, elektron qaimə-fakturanın seriya və nömrələri, nəzarət-kassa aparatı çekinin fiskal identifikasiya nömrəsi və yüklə bağlı digər təsdiqedici sənədlərin nömrələri); 

2.3.23. “Əlavə qeydlər” xanasında - yük daşınması müqaviləsinin tərəflərinin zəruri hesab etdikləri digər məlumatlar;

2.3.24. “Sürücü” xanasında – avtonəqliyyat vasitəsini idarə etmək hüququ olan, daşımalar prosesində birbaşa iştirak edən şəxsin adı, atasının adı, soyadı və şəxsiyyət vəsiqəsinin FİN kodu;

2.3.25. “Nəqliyyat vasitəsi” xanasında – daşımanın həyata keçirildiyi avtonəqliyyat vasitəsinin markası, növü və dövlət qeydiyyat nişanı, qoşqu və ya yarımqoşqu olduğu halda onun dövlət qeydiyyat nişanı.

2.4. Elektron əmtəə-nəqliyyat qaiməsində məbləğ Azərbaycan Respublikasının pul vahidi – manatla göstərilir.

2.5. Elektron əmtəə-nəqliyyat qaiməsinin tərtibi zamanı operativliyin təmin edilməsi məqsədilə VÖEN, şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi və FİN kodu və ya doğum tarixi və FİN kodu, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı məlumatları daxil edilməklə aidiyyəti dövlət informasiya sistemlərində və ehtiyatlarında olan məlumatlar əsasında müvafiq xanalar avtomatik doldurulur.

2.6. Bu Qaydaların 2.3.11-ci (yük qiymətli obyekt olduqda istisna), 2.3.12-ci, 2.3.14-cü, 2.3.15-ci, 2.3.16-cı (xüsusi təhlükəli və potensial təhlükəli yükün daşınması halı istisna olmaqla), 2.3.21-ci və 2.3.23-cü yarımbəndlərində qeyd olunan, doldurulması məcburi xarakter daşımayan xanalardan (sətirlərdən) başqa elektron əmtəə-nəqliyyat qaiməsinin digər xanalarının (sətirlərinin) doldurulması zəruridir və həmin xanalar (sətirlər) tam doldurulduqda elektron əmtəə-nəqliyyat qaiməsi lazımi qaydada tərtib edilmiş hesab edilir.

2.7. Əvvəlcədən sifariş edilməyən malların daşınması və ümumi istifadədə olan avtomobil yollarına çıxmaqla malların təsərrüfatdaxili daşınması, ixrac olunan malların ölkədaxili daşınması əməliyyatları üzrə elektron əmtəə-nəqliyyat qaiməsi tərtib olunan zaman bu Qaydaların 2.3.6-cı, idxal edilmiş malların ölkədaxili daşınması əməliyyatları üzrə isə bu Qaydaların 2.3.5-ci yarımbəndlərində qeyd olunan xanalar (sətirlər) doldurulmur. Elektron əmtəə-nəqliyyat qaiməsinin doldurulması məcburi olmayan boş qalmış xanaları (sətirləri) olarsa, bunlar proqram təminatı tərəfindən “0” (sıfır) kimi qəbul edilir. 

2.8. Yükgöndərən və ya yükdaşıma müqaviləsinə əsasən elektron əmtəə-nəqliyyat qaiməsini tərtib etməli olan digər şəxs elektron əmtəə-nəqliyyat qaiməsinin düzgün doldurulmasını təmin etməlidir.

3. Elektron əmtəə-nəqliyyat qaiməsinin tətbiqi və istifadəsi

3.1. Elektron əmtəə-nəqliyyat qaiməsinin tərtibi zamanı yükgöndərən və ya yükalan  gücləndirilmiş elektron imza vasitəsilə informasiya sisteminə daxil olaraq elektron əmtəə-nəqliyyat qaiməsini tərtib etməklə imzalayır və bu Qaydaların 3.3-cü və 3.4-cü bəndlərinin tələbləri nəzərə alınmaqla təsdiq üçün qarşı tərəfin elektron kabinetinə göndərir. 

3.2. Daşınma müqaviləsi əsasında və ya digər qanuni əsaslarla haqq müqabilində yüklər daşınan zaman elektron əmtəə-nəqliyyat qaiməsini tərtib edən vergi ödəyicisi həmin qaiməni təsdiq üçün daşıyıcının informasiya sistemində yaradılmış elektron kabinetinə göndərməlidir. 

3.3. Bu Qaydaların 2.2.4-cü, 2.2.5-ci, 2.2.6-cı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan əməliyyatlar üzrə yüklərin daşınması zamanı daşıyıcı ayrıca şəxs olmadığı halda tərtib edilmiş elektron əmtəə-nəqliyyat qaiməsi təsdiq üçün qarşı tərəflərə göndərilmir.

3.4. Vergi orqanında uçotda olmayan şəxsin yüklərinin daşınması zamanı tərtib edilmiş elektron əmtəə-nəqliyyat qaiməsi kağız daşıyıcıda qanunvericiliyə uyğun olaraq çap edilərək vergi orqanında uçotda olmayan şəxs tərəfindən imzalanır. 

3.5. Yükalan və ya yükgöndərən gücləndirilmiş elektron imza vasitəsilə informasiya sistemində elektron əmtəə-nəqliyyat qaiməsini təsdiq etməlidir. Yükalan və ya yükgöndərən tərəfindən elektron əmtəə-nəqliyyat qaiməsi təsdiq edilmədikdə, lakin həmin qaimədə qeyd olunan mallar üzrə tərtib olunmuş elektron qaimə-fakturalar təsdiq edildikdə həmin elektron əmtəə-nəqliyyat qaiməsi təsdiq edilmiş sayılır. 

3.6. Daşıyıcı daşıma başlanan anadək gücləndirilmiş elektron imza vasitəsilə informasiya sistemində elektron əmtəə-nəqliyyat qaiməsini təsdiq etməlidir. Daşıyıcı tərəfindən elektron əmtəə-nəqliyyat qaiməsinin təsdiq olunmaması həmin elektron əmtəə-nəqliyyat qaiməsinin rəsmiləşdirilməməsi hesab olunur. 

3.7. Daşıyıcı elektron əmtəə-nəqliyyat qaiməsi ilə rəsmiləşdirilməmiş yükləri daşınması üçün qəbul etməməlidir. Yükalan və ya yükgöndərən isə elektron əmtəə-nəqliyyat qaiməsi ilə rəsmiləşdirilməmiş yükləri daşıma üçün təqdim etməməli, habelə onu qəbul etməməlidir.

3.8. Əmtəə təyinatlı yüklər yükgöndərənin və ya yükalanın öz avtonəqliyyat vasitələri ilə daşındığı təqdirdə elektron əmtəə-nəqliyyat qaiməsini tərtib edən şəxs elektron əmtəə-nəqliyyat qaiməsinin “Daşıyıcı” sütununda bu barədə qeyd aparır.

3.9. Yükün daşınması bir neçə daşıma ilə həyata keçirildiyi halda, hər bir daşıma üzrə elektron əmtəə-nəqliyyat qaiməsi ayrıca tərtib olunmalıdır.

3.10. Yüklərin daşınmasına dair elektron əmtəə-nəqliyyat qaiməsi qanunvericiliyə uyğun olaraq kağız daşıyıcıda çap edilə bilər. 

3.11. Daşıyıcı tərəfindən yüklər daşımaya qəbul edilənədək tərtib edilmiş elektron əmtəə-nəqliyyat qaiməsində göstərilən məlumatlarda dəyişiklik edilməsi zərurəti yarandıqda onu tərtib edən vergi ödəyicisi tərəfindən informasiya sistemində elektron əmtəə-nəqliyyat qaiməsində düzəlişlər aparılmaqla imzalanmalı və təsdiq üçün qarşı tərəflərin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilməlidir. Bu Qaydaların 2.2.4-cü, 2.2.5-ci, 2.2.6-cı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan əməliyyatlar üzrə yüklərin daşınması zamanı daşıyıcı ayrıca şəxs olmadığı halda düzəliş edilmiş elektron əmtəə-nəqliyyat qaiməsi təsdiq üçün qarşı tərəflərə göndərilmir.

3.12. Daşıma müqaviləsinə xitam verildikdə, daşıma baş tutmadıqda və ya digər səbəblərdən tərtib edilmiş elektron əmtəə-nəqliyyat qaiməsi ləğv edilməli olduğu halda, həmin qaiməni tərtib edən vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə informasiya sistemində yaradılmış “Elektron əmtəə-nəqliyyat qaiməsi” altsistemində onu ləğv etməklə imzalamalı və təsdiq üçün qarşı tərəflərin bu səhifədə yaradılmış elektron kabinetinə göndərməlidir.

3.13. Bu Qaydaların 2.2.4-cü, 2.2.5-ci, 2.2.6-cı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan əməliyyatlar üzrə yüklərin daşınması zamanı daşıyıcı ayrıca şəxs olmadığı halda ləğv edilmiş elektron əmtəə-nəqliyyat qaiməsi təsdiq üçün qarşı tərəflərə göndərilmir.

3.14. Elektron əmtəə-nəqliyyat qaiməsinin ləğv edilməsi onu qəbul edən şəxslər tərəfindən ayın sonuncu gününədək təsdiq edilməlidir. Elektron əmtəə-nəqliyyat qaiməsinin ləğv olunması təsdiq edilmədikdə, elektron əmtəə-nəqliyyat qaiməsi proqram təminatı tərəfindən ləğv edilməmiş sayılır.

4. Elektron əmtəə-nəqliyyat qaiməsinin uçotunun aparılması və məlumatlara çıxış imkanı

4.1. Elektron əmtəə-nəqliyyat qaiməsinin uçotu hər bir vergi ödəyicisi üzrə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “AYNA” informasiya sistemi vasitəsilə həyata keçirilir. 

4.2. Elektron əmtəə-nəqliyyat qaiməsinin seriyası və nömrəsi “AYNA” informasiya sistemi vasitəsilə verilir və təkrarlanmır. 

4.3. Əmtəə təyinatlı yüklərin elektron əmtəə-nəqliyyat qaiməsi ilə rəsmiləşdirilmədən daşınmasına nəzarəti həyata keçirən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, habelə malların, o cümlədən kənd təsərrüfatı məhsullarının topdansatışla məşğul olan ticarət obyektlərinə, bazarlara elektron əmtəə-nəqliyyat qaiməsi olmadan gətirilməsinin qarşısının alınması səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “AYNA” informasiya sistemində yaradılmış “Elektron əmtəə-nəqliyyat qaiməsi” altsistemində olan məlumatlara çıxış imkanına malikdirlər və öz səlahiyyətləri çərçivəsində həmin məlumatlardan istifadə edirlər.

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 4 oktyabr tarixli 355 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

2 nömrəli əlavə

 

Yük avtonəqliyyatı üçün elektron yol vərəqinin forması, tətbiqi, uçotu və istifadəsi

QAYDALARI

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-3.2-ci maddəsinə əsasən hazırlanmışdır və yük avtonəqliyyatı üçün elektron yol vərəqinin forması, tətbiqi, uçotu və istifadəsi qaydalarını müəyyən edir.

1.2. Yük daşıyan avtonəqliyyat vasitəsinin fəaliyyətinin uçotunu həyata keçirmək üçün tətbiq edilən elektron yol vərəqi əsasında həmin nəqliyyat vasitəsi ilə görülən işin və sərf edilən yanacağın həcmi müəyyən edilir.

1.3. Yükün daşınması məqsədilə avtonəqliyyat vasitəsindən istifadə edilməsi bu Qaydaların əlavəsində göstərilən formaya uyğun olaraq tərtib edilən yük avtonəqliyyatı üçün elektron yol vərəqəsi ilə rəsmiləşdirilir.

1.4. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.11-10-cu maddəsinə əsasən “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq avtomobil nəqliyyatı vasitəsilə əmtəə təyinatlı yüklərin daşınmasına görə yük avtonəqliyyatı üçün elektron yol vərəqini tərtib etmək vergi ödəyicisinin vəzifəsidir.

2. Yük avtonəqliyyatı üçün elektron yol vərəqinin tərtib edilməsi

2.1. Daşınma müqaviləsi, digər qanuni əsaslarla haqq müqabilində və ya özünə məxsus yüklərin daşınmasını yerinə yetirən, mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan hüquqi şəxs və ya fərdi sahibkar tərəfindən yüklərin şəhərlərarası, rayonlararası, şəhərdaxili, rayondaxili, şəhərətrafı və rayonətrafı daşınması zamanı elektron yol vərəqi Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “AYNA” informasiya sistemində (bundan sonra - informasiya sistemi) yaradılmış “Yük avtonəqliyyatı üçün elektron yol vərəqi” altsistemində Azərbaycan dilində hazırlanır. 

2.2. Yük avtonəqliyyatı üçün elektron yol vərəqi tərtib edilərkən daşımanın xarakterindən asılı olaraq əməliyyatın növü hissəsində aşağıdakılardan biri seçilir:

2.2.1. elektron əmtəə-nəqliyyat qaiməsi ilə rəsmiləşdirilmiş yüklərin daşınması;

2.2.2. elektron əmtəə-nəqliyyat qaiməsi ilə rəsmiləşdirilməsi tələb olunmayan digər yüklərin daşınması.

2.3. Elektron yol vərəqində aşağıdakı məlumatlar əks etdirilir:

2.3.1. Elektron yol vərəqinin “seriyası”, “nömrəsi” və “tarixi” sətirlərində - elektron yol vərəqinin proqram tərəfindən avtomatik generasiya olunan seriyası, nömrəsi və tarixi;

2.3.2. “QR Code (Quick Response Code – Sənədin sürətli məlumat kodu)” sətrində - xüsusi qurğular vasitəsilə məlumatların oxunmasını özündə əks etdirən optik ştrix-kod, sənədin sürətli məlumat kodu;

2.3.3. “Elektron yol vərəqinin statusu” sətrində – elektron yol vərəqinin statusu (cari/düzəliş/ləğv);

2.3.4. “Əməliyyatın növü” sətrində – bu Qaydaların 2.2-ci bəndində qeyd olunan əməliyyatlara dair məlumatlar;

2.3.5. “Sürücü” xanasında – avtonəqliyyat vasitəsini idarə etmək hüququ olan, daşımalar prosesində birbaşa iştirak edən şəxsin adı,  atasının adı, soyadı və FİN kodu;

2.3.6. “Sürücülük vəsiqəsi” xanasında - avtonəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin sürücülük vəsiqəsinin nömrəsi və növü;

2.3.7. “Nəqliyyat vasitəsi” xanasında – vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsinin markası, növü və dövlət qeydiyyat nişanı;

2.3.8. “Qoşqu (Yarımqoşqu)” xanasında - qoşqu və ya yarımqoşqu olduğu halda dövlət qeydiyyat nişanı;

2.3.9. “Marşrutu” xanasında – əvvəlcədən müəyyən edilmiş yük avtonəqliyyatının hərəkət istiqaməti;

2.3.10. “Yükgöndərən” xanasında – vergi ödəyicisi olan hüquqi şəxsin tam adı, VÖEN-i və ya fiziki şəxsin adı, atasının adı, soyadı, VÖEN-i, yükün göndərildiyi təsərrüfat subyektinin (obyektinin) vergi orqanındakı uçot kodu və ünvanı, vergi ödəyicisi olmadığı halda adı, atasının adı, soyadı, FİN kodu və yükün göndərildiyi ünvanı;

2.3.11. “Yükalan” xanasında –vergi ödəyicisi olan hüquqi şəxsin tam adı, VÖEN-i və ya fiziki şəxsin adı, atasının adı, soyadı VÖEN-i, yükün qəbul edildiyi təsərrüfat subyektinin (obyektinin) vergi orqanındakı uçot kodu və ünvanı, vergi ödəyicisi olmadıqda adı, atasının adı, soyadı, FİN kodu və yükün qəbul edildiyi ünvanı;

2.3.12. “Yol vərəqini verən məsul şəxs (dispetçer)” xanasında - yük avtonəqliyyatını şəhərlərarası, şəhərdaxili və şəhərətrafı göndərməyə məsul şəxsin adı, atasının adı, soyadı, FİN kodu;

2.3.13. “Nəqliyyat vasitəsinin hərəkətinə dair məlumatlar” xanasında - yük avtonəqliyyatının xəttə çıxma, xətdən qayıtma vaxtları, boşdayanma vaxtı və səbəbləri, sayğacın göstəriciləri;

2.3.14. “Yanacağa dair məlumatlar” xanasında – işin əvvəlinə və sonuna, iş icrası üçün sürücüyə verilmiş, iş ərzində sərf olunmuş yanacağa dair məlumatlar;

2.3.15. “Yanacaq və sürtkü materialları üzrə məsul şəxs” xanasında - yanacaq və sürtkü materiallarına məsul olan şəxsin adı, atasının adı, soyadı və FİN kodu;

2.3.16. “Nəqliyyat vasitəsi ilə görülən iş” xanasında - işin icrası haqqında məlumat (haradan haraya), getdiyi yürüş, daşıdığı yükün miqdarı (həcmi), daşınan yükün sənədinə dair məlumatlar; 

2.3.17. “Görülən işin tərtib edilməsinə məsul şəxs” xanasında - nəqliyyat vasitəsi ilə  görülən işin tərtib edilməsinə məsul şəxsin adı, atasının adı, soyadı və FİN kodu;

2.3.18. “Nəqliyyat xidmətinə görə haqq-hesab” xanasında - nəqliyyat vasitəsi ilə görülmüş işə görə haqq-hesabla bağlı məlumatlar;

2.3.19. “Daşıma haqqını ödəyən şəxs” xanasında - vergi ödəyicisi olduğu halda hüquqi şəxsin tam adı, VÖEN-i və ya fiziki şəxsin adı, atasının adı, soyadı, VÖEN-i , vergi ödəyicisi olmadığı halda isə adı, atasının adı, soyadı və FİN kodu;

2.3.20. “Mühasibatlıq üzrə məsul şəxs” xanasında - mühasibatlıq üzrə məsul şəxsin adı,  atasının adı, soyadı və FİN kodu;

2.3.21. “Elektron yol vərəqini təsdiq edən şəxs” xanasında – hüquqi şəxs olduqda hüquqi şəxsin səlahiyyətli nümayəndəsinin adı, atasının adı, soyadı və FİN kodu, fərdi sahibkar olduğu halda adı, atasının adı, soyadı və FİN kodu.

2.4. Elektron yol vərəqində qeyd edilən məbləğlər Azərbaycan Respublikasının pul vahidi – manatla göstərilir.

2.5. Elektron yol vərəqinin tərtibi zamanı operativliyin təmin edilməsi məqsədilə VÖEN, FİN kodu, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı məlumatları daxil edilməklə müvafiq xanalar aidiyyəti dövlət informasiya sistemlərində və ehtiyatlarında olan məlumatlar əsasında avtomatik doldurulur.

2.6. Qaydaların 2.3.8-ci, 2.3.11-ci (bu Qaydaların 2.2.1-ci yarımbəndi üzrə yüklərin daşınması istisna olmaqla) 2.3.14-cü və 2.3.15-сi yarımbəndlərində qeyd olunan məcburi xarakter daşımayan xanalardan (sətirlərdən) başqa elektron yol vərəqində digər xanaların (sətirlərin) doldurulması zəruridir və həmin xanalar (sətirlər) tam doldurulduqda yol vərəqi tərtib edilmiş hesab edilir. Onun boş qalmış xanaları (sətirləri) olarsa, bunlar proqram təminatı tərəfindən “0” (sıfır) kimi qəbul edilir.

3. Yük avtonəqliyyatı üçün elektron yol vərəqinin tətbiqi və istifadəsi

3.1. Yük avtonəqliyyatı ilə şəhərlərarası, rayonlararası, şəhərdaxili, rayondaxili, şəhərətrafı və rayonətrafı yüklərin daşınması zamanı daşıyıcı tərəfindən elektron yol vərəqi tərtib edilir.

3.2. Bu Qaydaların 2.2.1-ci yarımbəndində qeyd olunan əməliyyat üzrə elektron yol vərəqi elektron əmtəə-nəqliyyat qaiməsi əsasında tərtib edilir. 

3.3. Vergi ödəyicisi informasiya sisteminə daxil olaraq “İdarəetmə səhifəsi” vasitəsilə yük avtomobilini göndərməyə məsul şəxsə (dispetçerə) səlahiyyət verməlidir. Bundan sonra məsul şəxs, yəni dispetçer ona verilmiş səlahiyyət daxilində informasiya sistemində yaradılmış “Yük avtonəqliyyatı üçün elektron yol vərəqi” altsistemində müvafiq əməliyyatlar apara bilər.

3.4. Yol vərəqini verən məsul şəxs (dispetçer) gücləndirilmiş elektron imza vasitəsilə informasiya sisteminə daxil olaraq “Yük avtonəqliyyatı üçün elektron yol vərəqi” altsistemində əməliyyatın növünə uyğun olaraq sürücü, sürücülük vəsiqəsi, nəqliyyat vasitəsi, olduğu halda qoşqu-yarımqoşqu, marşrut, yükgöndərən və yükalan, xəttə çıxma (tapşırığa görə), xətdən qayıtma (tapşırığa görə), sayğacın göstəricisi (çıxanda), daşınan yükün sənədi barədə məlumatları qeyd etməklə elektron yol vərəqini tərtib etməklə imzalayır.  

3.5. Yanacaq və sürtkü materialları ilə bağlı vergi ödəyicisi tərəfindən informasiya sistemində olan “İdarəetmə səhifəsi” vasitəsilə səlahiyyət verilmiş məsul şəxs gücləndirilmiş elektron imza vasitəsilə “Yük avtonəqliyyatı üçün elektron yol vərəqi” altsisteminə daxil olaraq dispetçer tərəfindən tərtib edilmiş elektron yol vərəqinin yanacağa dair məlumatlar hissəsini doldurmaqla imzalamalıdır. 

3.6. Vergi ödəyicisi tərəfindən informasiya sistemində olan “İdarəetmə səhifəsi” vasitəsilə səlahiyyət verilmiş və görülən işin tərtib edilməsinə məsul şəxs tapşırıq yerinə yetirildikdən sonra 3 (üç) gün müddətində gücləndirilmiş elektron imza vasitəsilə “Yük avtonəqliyyatı üçün elektron yol vərəqi” altsisteminə daxil olaraq elektron yol vərəqində nəqliyyat vasitəsi ilə görülmüş iş hissəsində olan məlumatları və nəqliyyat vasitəsinin hərəkətinə dair məlumatlar hissəsində boşdayanmaya dair məlumatları doldurmaqla imzalamalıdır. 

3.7. Tapşırıq yerinə yetirildikdən sonra dispetçer, yanacaq və sürtkü materialları üzrə məsul şəxslər gücləndirilmiş elektron imza vasitəsilə “Yük avtonəqliyyatı üçün elektron yol vərəqi” altsisteminə daxil olaraq elektron yol vərəqində olan xəttə çıxma və xətdən qayıtma vaxtları, iş ərzində sərf olunan yanacağın həcmi barədə faktiki məlumatları, tapşırıqdan qayıdan zaman sayğacın göstəricisi və işin sonunda qalıq yanacaq barədə məlumatları doldurmaqla imzalamalıdır.

3.8. Vergi ödəyicisi informasiya sistemində “İdarəetmə səhifəsi” vasitəsilə nəqliyyat vasitəsi ilə görülmüş işə görə haqq-hesabın aparılması məqsədilə mühasibatlıq üzrə müvafiq məsul şəxsə səlahiyyət verməlidir.

3.9. Mühasibatlıq üzrə məsul şəxs hər günün sonunda (vergi ödəyicisinin iş xüsusiyyətlərinə uyğun olaraq həftənin, ayın və s.) gücləndirilmiş elektron imza vasitəsilə informasiya sistemində yaradılmış “Yük avtonəqliyyatı üçün elektron yol vərəqi” altsisteminə daxil olaraq tam doldurulmuş, dispetçer, yanacaq və sürtkü materialları üzrə məsul şəxslər, o cümlədən görülən işin tərtib edilməsinə məsul şəxs tərəfindən imzalanmış elektron yol vərəqinin nəqliyyat xidmətinə görə haqq-hesab hissəsini doldurmaqla imzalamalıdır. 

3.10. Elektron yol vərəqini tərtib edən vergi ödəyicisi hüquqi şəxs olduqda hüquqi şəxsin rəhbəri tərəfindən, fərdi sahibkar olduğu halda həmin şəxs bu Qaydaların 3.9-cu bəndində qeyd olunan imzalama prosesi yekunlaşdıqdan sonra gücləndirilmiş elektron imza vasitəsilə həmin elektron yol vərəqini imzalamalıdır. 

3.11. Hüquqi şəxsin rəhbəri və ya fərdi sahibkar tərəfindən elektron yol vərəqinin imzalanması  səlahiyyəti digər vəzifəli şəxslərə (baş mühasib və ya onu əvəz edən şəxsə) həvalə edilə bilər.

3.12.  Elektron yol vərəqi qanunvericiliyə uyğun olaraq kağız daşıyıcıda çap edilə bilər.

3.13. Elektron yol vərəqində qeyd edilən məlumatlarda dəyişiklik edilməsi zərurəti yarandıqda informasiya sistemində elektron yol vərəqində düzəlişlər aparmaqla həmin şəxs tərəfindən imzalanmalıdır. 

3.14. Müqaviləyə xitam verildikdə, daşıma baş tutmadıqda və ya digər səbəblərdən tərtib edilmiş elektron yol vərəqi ləğv edilməli olduğu halda, həmin yol vərəqini tərtib edən vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə informasiya sistemində yaradılmış “Yük avtonəqliyyatı üçün elektron yol vərəqi” altsistemində onu ləğv edir. 

4.   Yük avtonəqliyyatı üçün elektron yol vərəqinin uçotunun aparılması

4.1. Yük avtonəqliyyatı üçün elektron yol vərəqinin uçotu Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “AYNA” informasiya sistemi vasitəsilə həyata keçirilir. 

4.2. Elektron yol vərəqinin seriyası və nömrəsi “AYNA” informasiya sistemi vasitəsilə verilir və təkrarlanmır.

Nazirlər kabinetinin qərarları