Həmsöhbətimiz yazıçı-publisist Kənan Hacıdır
Son illər ölkəmizdə nəsr və dramaturgiya sahələrində istedadlı yaradıcı şəxslərdən söz düşəndə Kənan Hacının adı birincilər sırasında səslənir. Onun sənət və sənətkarlar haqqında orijinal fəlsəfi-estetik düşüncələrindən ibarət esseləri də maraqla qarşılanır. XQ ilə də sıx yaradıcılıq əməkdaşlığı edən qələm dostumuzun martın 3-də 50 yaşı tamam olur. Yazıçı ilə söhbətimiz onun yaradıcılıq uğurlarının əsas qaynaqlarından, sənət görüşlərindən başlayıb, bütövlükdə, Azərbaycan və dünya ədəbiyyatındakı tendensiyaları əhatə etdi.
– Kənan müəllim, bədii sözə, kitaba bu qədər sevgi, məhəbbət sizdə haradan yaranıb?
– Mən 9 yaşımdan şeirlər yazmağa başlamışam. Əlbəttə, yenicə dil açmağa başlayan uşaq necə danışırsa, mənim də sənətdə dil açmağım o şeirlərlə başladı. Göz açıb evimizdə kitabxana görmüşəm, bizim evdə kitab kultu olub. Atam neftçi idi, anam isə dil-ədəbiyyat müəllimi kimi uzun illər Buzovna kənd məktəbində pedaqoji fəaliyyətlə məşğul olub. Ədəbiyyata, kitaba sevgini məndə anam yaradıb. Hələ məktəbə getməzdən öncə mənə əlifbanı öyrətmişdi, 2-ci sinifdə oxuyanda məni kənd kitabxanasına üzv yazdırdı və beləcə, ömürlük kitablara bağlandım.
Kitabların qəribə sehri, cazibəsi var, mənim üçün dünyada ən müqəddəs məfhumlardan biri də kitabdır. Kitabdan aldığım enerjini heç nədən ala bilmirəm. Məni kitablar qədər heç nə xoşbəxt edə bilmir. Bu da bir taledir və mən bu taledən çox razıyam.
– Nəsr sahəsində ilk qələm təcrübəniz hansıdır və nə vaxt hiss etdiniz ki, böyük ədəbiyyat artıq sizin daimi və ayrılmaz dostunuza çevrilir?
– Xatırlayıram, fizika, kimya dərslərində arxa partada oturub sinif dəftərinə hekayəyə bənzər nələrsə yazırdım. Özümdən əhvalatlar uydururdum. Bəzən anama olmayan əhvalatlar danışırdım, məəttəl qalırdı. Deyirdi o qədər detallarına qədər danışırsan ki, adam bu əhvalatın, həqiqətən, baş verdiyinə inanır, bəlkə bunları hekayə formasında yazasan? Bu fikir ağlıma batdı, özüm üçün xırda hekayələr yazmağa başladım. Onlar ilk qələm məşqləri idi. Müqəddəs yalanların mətnə çevrilməsi...
Sonralar bu haqda “Həqiqət naminə bədii yalan” adlı bir esse də yazdım. Mən yazdıqlarıma, ilk növbədə, özüm inanmasam, heç vaxt yaza bilmərəm. Oxucu da buna inanmaz. “Nar ağacı” adlı bir hekayəm var, fantaziya üzərində qurulub. Amma mənə həmişə elə gəlir ki, bu əhvalat nə vaxtsa çox uzaq bir zamanda baş verib.
Borxesin məşhur fikri var, deyir ədəbiyyat idarəolunan yuxudur. Mən bu həqiqətə iman gətirənlərdənəm. Mətbuatda ilk ciddi hekayəm “Satılmış ev” hekayəsi olub, bu hekayədən sonra düşündüm ki, proza ilə məşğul ola bilərəm. Özümə inamım möhkəmləndi. Amma ilk kitabım şeirlər kitabı olub. Ön sözünü də tənqidçi Əsəd Cahangir yazıb. Uzun müddət jurnalistika ilə məşğul olsam da heç vaxt publisistik yazılarımı bir kitaba toplamaq haqda düşünməmişəm.
Bu yaxınlarda ədəbi esselərimdən ibarət “Müharibəsiz dünya” kitabımı “Vektor” Nəşrlər Evi çap etdi. Professor Vaqif Yusifli, şair Səlim Babullaoğlu, rəhmətlik Tofiq Abdin mənim şeirlərim haqqında yazılar yazıblar. Bir neçə il bundan öncə Türkiyədə də “Səssizliyin cismindəki sirr” adlı şeirlər kitabım çap olundu. Ümumən üç şeir kitabım çıxıb. Amma hər şeydən əvvəl mən özümü yazıçı hesab edirəm, şeiri isə ovqata uyğun olaraq yazıram.
– Nəsrdə təsirləndiyiniz yazıçılar olubmu, yaxud istər dünya, istərsə də Azərbaycan ədəbiyyatında sevdiyiniz yazıçılar kimlərdir?
– Mən üslubçu yazıçıları daha çox sevirəm. Heminqueyin “Qoca və dəniz”i, Markesin “Gözlənilən qətlin tarixçəsi”, Folknerin “Avqust işığı” romanları məni forma və məzmun baxımından heyrətləndirib, sarsıdıb. Proza yazıçıdan həm də texnar olmağı tələb edir. Eynşteynin irəli sürdüyü nisbilik nəzəriyyəsi ənənəvi romanın əsaslarını sarsıtdı. Ədəbiyyat artıq güzgü rolunu oynamaqdan çıxdı, insanın daxili aləminə nüfuz etdi, ekzistensial istiqamətə yönəldi. Bunun nəticəsində Kamyu, Sart kimi filosof yazıçılar meydana çıxdı. Kamyunun “Yad” romanı ən çox sevdiyim əsərlərdəndir. Sartrın “Ürəkbulanma”sı, “Sözlər”i də bu paradiqma üzərində qurulub. Bu gün dünya ədəbiyyatı metamodernist mərhələyə qədəm qoyub. Bu, uzun söhbətin mövzusudur.
Çağdaş dünya ədəbiyyatında non fikşn – psevdobioqrafiya xətti dominantdır. Tarixi şəxsiyyətlərin metamorfozası, üslubların hibridi, keçmişin yenidən istehsal edilməsi müasir romançılığın aparıcı xəttinə çevrilib. Sanki tarix dünəndən oğurlanıb bu günə daşınır və yenidən qurulur. Komediya kimi başlayan hər şey faciə kimi sona çatır və yaxud əksinə.
Roman janr olaraq müxtəlif formalar qazanır. Bu tendesiyanı da izləyirəm. Adlarını çəkdiyim yazıçılar isə heç şübhəsiz, bu və ya digər dərəcədə mənim yaradıcı düşüncəmə təsir göstərib. Azərbaycan ədəbiyyatında isə Mirzə Cəlil, Ə.Haqverdiyev, İsa Hüseynov, Anar, Elçin, Mövlud Süleymanlı, Kamal Abdulla çox sevdiyim və daimi oxuduğum yazıçılardır.
– Sizi, ilk növbədə, nasir kimi təqdim edirlər. Amma siz dramaturgiyada da qələminizi uğurla sınamısınız, deyilmi? Bu barədə fikrinizi bilmək maraqlıdır?
– Pyes yazmaq haqda heç düşünmürdüm. İlk pyesimi 29 yaşında yazmışam. “Kölgə” adlı pantomim pyes idi, tamaşaya qoyuldu və haqqında müsbət fikirlər səsləndi. Bundan sonra həvəsləndim, bir neçə pyes yazdım. “Xəlbir və ney” o zaman Yuğ Teatrında oynanıldı. Bundan başqa, istedadlı rejissor Bəhruz Vaqifoğlunun quruluşunda “Qırmızı şəhərin qurbanı” teletamaşası Mədəniyyət TV-də göstərildi. Bu tamaşa mənim eyniadlı hekayəm əsasında hazırlanıb.
Hazırda isə özbək yazıçısı Abdulla Qədirinin romanının motivləri əsasında “Ötən günlər” adlı pyesim Bakı Bələdiyyə Teatrında hazırlanır. Quruluşçu rejissoru xalq artisti Mərahim Fərzəlibəyovdur. Məşqlər artıq bitib, çox güman ki, bu ay premyera baş tutacaq. Bir neçə sənədli filmin ssenarisini yazmışam. Uzun müddət efirlərdə nümayiş olunan “Atılmışlar” çoxseriyalı bədii filminin ssenari müəllifiyəm.
Dramaturgiya tamamilə fərqli bir sahədir, hər yazıçı ssenarist ola bilmir. Bu janrın özünəməxsus xüsusiyyətləri, incəlikləri var. Burada təsvirə yer yoxdur, dialoqlar şəffaf və lakonik olmalıdır, hər bir cümlə müəyyən bir yük daşımalıdır. Həmçinin, dramaturq səhnənin imkanlarını, ssenarist isə kinonun texniki imkanlarını mütləq nəzərə almalıdır. Bunun üçün isə teatrın və kinonun mətbəxinə bələd olmaq lazımdır.
Əlbəttə, müəyyən nəzəri biliklər də vacibdir. Təkcə oxumaqla iş bitmir, ssenarist, yaxud dramaturq təcrübə əsasında bu işin xırdalıqlarını öyrənə və mənimsəyə bilər. Əgər istedadı varsa. Bu təcrübə də rejissorla iş birliyində qazanılır. Son nəticə heç də həmişə müəllifdən asılı olmur.
– Mətbuatda da aktual mövzularda çıxış edirsiniz. Publisistika sizi ədəbi yaradıcılıq çevrəsindən uzaqlaşdırırmı?
– Publisistika ilə 30 ildir ki, məşğul oluram. Ümumiyyətlə, düşünürəm ki, cari yazılar yazıçını həmişə formada saxlayır. Bədii yaradıcılıq həm də fikir resurslarını üzə çıxarmağı bacarmaqdır. Bədii təhkiyənin arakəsmələrində dünyaya açılan pəncərədən gördüklərini yazmaq o qədər də asan məsələ deyil. Ardıcıl mütaliə və müntəzəm yazı vərdişinə yiyələnmədən adi bir məqalə də yazmaq mümkün deyil. Heminquey də, Markes də aktiv jurnalistika ilə məşğul olublar.
Türk yazıçısı Yaşar Kamalın reportajlarından ibarət bir kitabı var, sözün əsl mənasında, jurnalistlər üçün məktəbdir. Reportaj jurnalistikada ən çox sevdiyim janrdır. Bu gün reportaj yazan jurnalistlərimiz çox azdır. Əsl yazıçıya jurnalistika heç vaxt mane ola bilməz. Əksər yazıçıların bioqrafiyasında jurnalistika əsas rol oynayıb. Diqqət etsəniz, görərsiniz ki, ixtisasca jurnalist olan yazıçıların bədii mətnləri dil və üslub baxımdan daha mükəmməldir.
– Aşıq Alı deyirdi ki, 50-ni aşırdın, 100-ə nə qaldı? Qarşıdakı illərdə arzularınız, hədəfləriniz, şübhəsiz, yeni məzmun və yön alacaq...
– Sözün açığı, bu yaşa gəlib çatdığıma inana bilmirəm. Amma zaman öz sözünü deyir. İçimdə bir məmnunluq hissi var, Tanrının mənə yaşamaq üçün verdiyi vaxtı necəsə mənalandıra bilmişəm. Yazdığım bədii mətnlərdən çox arxayınam. Bir-iki il bundan öncə Nizami adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsində dəyərli tənqidçimiz Tehran Əlişanoğlunun moderatorluğu ilə “Sonuncu dərviş” romanımın müzakirəsi keçirildi.
Nizami Gəncəvinin “Xosrov və Şirin”, “İsgəndərnamə” əsərlərinə improvizə kimi yazılmış “Buynuz qəziyyəsi” povestim özümü belə qabaqlayan əsərdir. Bu povestə çox ciddi reaksiyalar oldu, mənə dedilər ki, səndə bu improvizə çox gözəl alınır. “Fironun dəftəri” romanım geniş rezonans doğurdu. Bu gün də ən yaxşı əsərlərin sırasında xatırlanır. Adlarını çəkdiyim əsərlər məni qane edən mətnlərdir.
50-dən sonra yetkinlik başlayır və özünə layiq məhsuldarlıq tələb edir. Zamanın diktəsi güclü, mövzular isə çoxdur. Daim yüksələn oxucu zövqü isə seçim aparmağı, bədii həqiqətin gücünü, təsirini artırmağı tələb edir. Arzuya gəldikdə isə, bu yaşdan sonra yalnız ailəmə xoşbəxtlik və özümə cansağlığı arzu edə bilərəm. Bir də Tanrıya şükranlıq hissi!
Söhbəti qələmə aldı:
Məsaim ABDULLAYEV
XQ