Tədbirdən əvvəl Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra konfransı giriş sözü ilə Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev açaraq Xocalı faciəsi haqqında ətraflı məlumat verib, bildirib ki, Xocalı soyqırımı nəticəsində yüzlərlə günahsız insan – qadınlar, uşaqlar, qocalar xüsusi amansızlıqla qətlə yetirilib. Şəhər yerlə-yeksan edilib, sakinlər ağır işgəncələrə məruz qalıb. Bu hadisə Azərbaycan tarixinin ən qanlı səhifələrindən biri olmaqla yanaşı, beynəlxalq hüquq baxımından da insanlığa qarşı törədilmiş ağır cinayətdir.
Əbülfəz Quliyev vurğulayıb ki, Xocalı soyqırımının unudulmaması, onun tarixi-siyasi mahiyyətinin düzgün qiymətləndirilməsi və gənc nəslə çatdırılması hər bir azərbaycanlının vətəndaşlıq borcudur. O, konfransın elmi müzakirələr üçün mühüm platforma olduğunu bildirib.
Daha sonra Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov “Xocalı: soyqırımdan inkişafa doğru” mövzusunda məruzə edib. Məruzəçi Xocalı soyqırımı ərəfəsində bölgədə baş verən ictimai-siyasi prosesləri təhlil edib, faciənin səbəb və nəticələrini tarixi faktlar əsasında diqqətə çatdırıb. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpasını təmin etdiyini vurğulayıb. Həmçinin lokal xarakterli antiterror tədbirləri nəticəsində dövlət suverenliyinin tam bərqərar olunduğunu qeyd edərək, bu mərhələnin Xocalı da daxil olmaqla işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi və mədəni inkişafı üçün geniş perspektivlər açdığını bildirib. Məruzədə Xocalının zəngin tarixi-mədəni irsi, qədim yaşayış məskəni kimi regionun tarixində tutduğu mühüm yer xüsusi vurğulanıb.
Tədbirdə çıxış edən İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, dosent Ramiz Qasımov “Xocalı faciəsi bədii ədəbiyyatımızda” mövzusunda məruzə edib. O qeyd edib ki, Xocalı faciəsi yalnız Azərbaycan xalqının deyil, bütün bəşəriyyətin yaddaşında qalmalı olan ümumbəşəri faciədir və bu mövzu ədəbiyyatımızda geniş əksini tapıb. Məruzəçi Zəlimxan Yaqubun Xocalı soyqırımına həsr olunmuş “O qızın göz yaşları” poemasından bəhs edərək əsərin faciənin bədii-estetik ifadəsində mühüm yer tutduğunu bildirib. Eyni zamanda Nüsrət Kəsəmənlinin Xocalıya həsr etdiyi şeirdən nümunə səsləndirilib. Çıxış zamanı Fikrət Qoca, Nəriman Həsənzadə və digər qələm sahiblərinin Xocalı soyqırımı mövzusunda yazdıqları əsərlər xatırladılıb. Ramiz Qasımov Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycanın suverenliyinin tam bərpa olunduğunu xüsusi vurğulayaraq, dövlət başçısının həyata keçirdiyi siyasətin tarixi ədalətin təmin olunmasına və milli qürurun bərpasına xidmət etdiyini qeyd edib.
Konfransda bildirilib ki, Xocalı soyqırımının elmi-tarixi aspektdə araşdırılması, ədəbi və publisistik müstəvidə təbliği mühüm vəzifələrdəndir.
Tədbir mövzu ətrafında fikir mübadiləsi ilə başa çatıb.
Səbuhi HƏSƏNOV
XQ





