Ermənistanın “manipulyasiya oyunu”

post-img

Paşinyan iqtidarı sülhün yaranmasına qarşıdır

Ermənistan hakimiyyətinin, eləcə də ermənipərəst dairələrin “Azərbaycanda saxlanılan erməni məhbuslar” məsələsi fonunda qaldırdıqları ajiotaj, istər-istəməz, Bakı–İrəvan sülh gündəmini ikinci plana atır. Ancaq ölkəmizin qarşı tərəfə bu günlərdə ünvanladığı barış təklifləri var. Əslində, həmin təkliflərin mövcudluğu şəraitində haqqında söz açdığımız ajiotaj qəribə təsir bağışlayır, şübhələrə yol açır.

Bəli, bir yandan Ermənistan baş naziri Nikol Paşinyan təkliflərə nəzərən sülh prosesinin dayanmadığını pozitiv məqam kimi qiymətləndirir, digər tərəfdən isə ənənəvi erməni vay-şivəni qaldırır. Görəsən, İrəvana bunlardan hansı daha vacibdir? Hələlik sülhün deyil, məhz anti-Azərbaycan fəaliyyətin lazımlı olduğuna dair təsəvvür var və bu, barış sazişi ətrafındakı hansı fikir ayrılıqlarının olduğu məsələsini ön plana çəkir.

Azərbaycan tərəfi həmişəki kimi ciddi davranır. Ermənistana ünvanladığı təkliflərlə bağlı detalları açıqlamır, səbrlə konkret nəticənin əldə olunmasını gözləyir. Ölkəmizin rəhbərliyi hesab edir ki, ictimaiyyəti həyata keçməyən məsələlərə dair məlumatlandırmağın, ayrı-ayrı məqamlar üzərində dayanmağın mənası yoxdur. Bu, doğru yanaşmadır. Ermənistan isə əksinə, az qala, hər detalı qabartmaq əzmindədir və Paşinyan iqtidarının gündəmə gətirdikləri, bir qayda olaraq, rəsmi İrəvanın razılaşmadığı cəhətlərdir.

Ermənistan Xarici İşlər Nazirliyinin, eləcə də digər erməni rəsmilərinin bildirdiklərindən belə qənaət hasil olur ki, hazırda tərəflərin ortaq məxrəcə gəlmədikləri üç başlıca məqam var. Əlbəttə, həmin məqamları şərti də saymaq olar. Bunlar regional kommunikasiyaların açılması, qarşılıqlı şəkildə silahlanmaya nəzarət mexanizminin yaradılması və münaqişə bölgəsində üçüncü qüvvələrin yerləşdirilməsidir. Yeri gəlmişkən, sonuncu məqam barədə Ermənistanın təhlükəsizlik şurasının katibi Armen Qriqoryanın açıqlaması var.

Göründüyü kimi, qarşı tərəfdə Bakı ilə anlaşılmazlığın nədən ibarət olmasına dair vahid mövqe də yoxdur və durum erməni hakim komandasının qeyri-monolitliyindən qaynaqlanır. Yəqin, elə buna görədir ki, baş nazir N.Paşinyan Azərbaycanın sülh təkliflərini “Vətəndaş sazişi” Partiyası daxilində müzakirə edərkən detallara getmək istəməyib və belə bir təəssürat yaradıb ki, o, tərəfdaşlarına etibarsız yanaşır. Hər halda, bunu erməni mediası yazır. Elə isə meydana sual çıxır: Nə üçün Ermənistan XİN razılaşdırılmamış məqam kimi iki məsələni qabardır, A.Qriqoryan isə bu iki məsələyə daha birini əlavə edir?

Bəli, erməni iqtidarı daxilində birliyin olmaması da ölkənin sülh gündəmi istiqamətində irəliləməsinə maneçilik törədir. Paşinyan bilmir ki, komandasındakı ikitirəliklə (hətta üçtirəlik də mümkündür) mübarizə aparsın, yoxsa daxili müxalifətin “arqumentlərini” sıradan çıxarsın. O, başını itirmiş durumdadır. Bəlkə buna görədir ki, tiktokerliyə keçib. Ya velosiped sürür, ya da yemək bişirib sosial şəbəkə profilində paylaşır. Hər şey mümkündür. Ortada olan reallıq isə budur ki, İrəvan Bakı ilə sülh gündəmini “Azərbaycanda saxlanılan erməni məhbuslar” cəfəngiyyatına dəyişir. Yəni, geniş ictimai rəyin qənaətindəki mövcud məqamdır və məsələnin ümumən Ermənistanın sülh prosesindən uzaqlaşmaq niyyəti qismində dəyərləndirilməsində təbiilik var.

***

Əlqərəz, “Azərbaycanda saxlanılan erməni məhbuslar” cəfəngiyyatı ilə sülh gündəminin erməni seqmentinin dəyişməsindəki üç fikir ayrılığını vurğuladıq. Nəzərə alaq ki, Qriqoryanın söylədiyini və Ermənistan XİN-in açıqlamasındakı bir məqamı çıxmaq şərti ilə regional kommunikasiyaların açılmasına dair nüans həmişə gündəmdə olub. Aydındır ki, sözügedən nüans baxımından bəlli problematika var. Yəni rəsmi İrəvan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın 9-cu bəndində nəzərdə tutulan Naxçıvana maneəsiz yolu vermək istəmir. Bunu Ermənistanın ərazi bütövlüyünün və suverenliyinin pozulması kimi qiymətləndirir. Hətta, ölkənin İranla sərhəd xəttinin aradan qalxmasının yolverilməzliyi tezisi də ortaya atılır.

Lakin N.Paşinyanın Azərbaycanın sonuncu təkliflərindən sonra dilə gətirdiyi bir fikir də var. O, ərazi bütövlüyü və suverenlik klişesindən kənar dayanır və Azərbaycanın qərb rayonları ilə Naxçıvan, habelə ölkəsinin Mehri ilə Yerasx bölgəsi arasında əlaqənin yaradılmasından danışır. Şübhəsiz, Mehridən Yerasxa gedən yol Naxçıvandan keçsə, bu, daha sərfəli və faydalı olar, məsafənin qət edilməsi asan başa gələr. Ancaq Nikol yalnız dəmir yolu əlaqəsinin üzərində dayanıb, belə çıxıb ki, əlaqənin quru yolu hissəsi istisnadır.

Digər tərəfdən, Paşinyan, bir növ, Azərbaycanın digər ərazilərini Naxçıvanla birləşdirən quru yolu ilə Mehridən Naxçıvan vasitəsilə Yerasxa gedən yolu eyniləşdirir. Əlbəttə, bunun özü də sülh gündəminə “yenilik” gətirməkdir. Həm də ona görə ki, barışın təməli 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdır. Nikolun bildirdiyi isə bəyanat məntiqini kənara atmaqdır. Deməli, 44 günlük müharibədəki məğlubiyyət amili də unudulur. Amma unudulmamalıdır. Eləcə də Prezident İlham Əliyevin üçtərəfli Bəyanatın imzalanmasından sonra xalqa müraciətində bildirdikləri yaddan çıxmamalıdır: “Digər önəmli məsələ, xüsusilə qeyd etmək istəyirəm ki, Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsi bu sənəddə (üçtərəfli bəyanatda – red.) təsbit edilir. Həm bütün kommunikasiyaların, yolların açılması, eyni zamanda, burada göstərilir ki, yeni nəqliyyat kommunikasiya infrastrukturu yaradıla bilər və yaradılmalıdır. Biz bunu əlbəttə ki, çox dəstəkləmişik. Deyə bilərəm ki, mənim təkidimlə bu bənd bu bəyanata salındı. Çünki birbaşa Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bu bəndin əlaqəsi yoxdur. Ancaq mənim təkidli tələblərim şadam ki, qəbul olundu. Beləliklə, Naxçıvan Muxtar Respublikasını Azərbaycanla, Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirmə istiqamətində tarixi addım atıldı. Çünki mənfur düşmən 1990-cı illərin əvvəllərində və ondan da bir qədər əvvəl Naxçıvanı faktiki olaraq mühasirəyə almışdı. Bütün kommunikasiya xətləri kəsildi, - çünki o vaxt Azərbaycanın əsas hissəsindən oraya enerji resursları ötürülürdü, - faktiki olaraq Naxçıvan Muxtar Respublikası çox ağır vəziyyətdə qalmışdı. Eyni zamanda, Ermənistan ərazisindən oraya hücumlar da edilirdi. Dəfələrlə demişəm, məhz ulu öndər Heydər Əliyevin cəsarəti və fəaliyyəti nəticəsində Naxçıvan işğal altına düşmədi. Erməni vandallarının belə planları da var idi”.

Bəli, Paşinyan eyniləşdirmə apara, ölkəmizin Naxçıvana yolla bağlı irəli sürdüyü “Azərbaycandan Azərbaycana yol” məntiqini, Mehri-Yerasx marşrutunun “Ermənistandan Ermənistana yol” məntiqi ilə bir tuta bilməz. Bu, Ermənistanın məğlub dövlət simasını göstərən üçtərəfli bəyanatda nəzərdə tutulmur, ən əsası isə Mehri ilə Yerasx arasında quru əlaqəsi onsuz da var. Deməli, Nikolun məqsədi başqadır.

Anlayırıq ki, Paşinyan erməni daxili ictimai rəyinə hesablanmış, revanşistlərin və şovinistlərin ağzını yummaq üçün tutacaq yer axtarır. Təxminən belə: Azərbaycanın Ermənistan ərazisindən sərbəst keçid imkanı yaranacaqsa, Ermənistanın da Azərbaycan ərazisindən, konkret desək, Naxçıvandan sərbəst hərəkəti olmalıdır. Əlbəttə, Nikolun şərt dili keçərli sayılmır, daxili problemlərini isə özü həll etməlidir. Baş nazirin sülh gündəminə əndrəbadilik gətirməklə revanşistlərin ağızlarını yummaq istəyi xam xəyaldan başqa heç nə deyil.

***

Gələk, ikinci məqama. Söhbət silahlanmaya birgə nəzarət mexanizminin yaradılması ilə bağlı məsələdən gedir. Ermənistan bununla bağlı danışmağa, hansısa təklif irəli sürməyə haqqı çatmayan ölkədir. Çünki otuz ilə yaxın müddətdə işğalçı siyasət həyata keçirib.

Bəli, silahlanmaya nəzarət mexanizminin ortaya atılması da sülh gündəmini fərqli səmtə çəkmək cəhdidir. Hər halda, mexanizm kimi qələmə verilən ideyanın heç də sadə məzmun daşımayacağı məlumdur. Axı, istər-istəməz, suallar yaranır. Ən böyük sual isə budur ki, sözügedən məsələnin leqallığı necə təsdiqlənəcək?

Suala cavab verəcəyik. Hələlik isə bildirək ki, Ermənistan özü sürətli silahlanma yolunu tutub. Rəsmi İrəvan bunu ölkənin müdafiə qabiliyyətinin artırılması baxımından izah edir. Axı təhlükəsizlik təminatı təkcə silahla əldə olunmur. Silahın yalnız müdafiə üçün istifadə edilmədiyi aşkardır. Nəzərə alaq ki, Ermənistanın son vaxtlar xaricdən aldığı silah-sursatın böyük əksəriyyəti hücum xarakterlidir, öldürücüdür. Düşünsək ki, ölkənin işğalçı keçmişi var, bu nəticəyə gəlmək mümkündür ki, silahların alınması yenidən təcavüz planları gerçəkləşdirmək məramına hesablanıb.

Əlbəttə, təcavüz planlarına köklənmiş məmləkət sülh istəməz. Ermənistan məhz sülh istəmədiyindən, silahlanmaya nəzarət mexanizminin yaradılmasını şərt kimi irəli sürür. Heç şübhəsiz, məsələdə İrəvanın havadarlarının “yastığının altından” çıxır. O da məlumdur ki, hazırda Ermənistanın barış sazişinə gətirmək istədiyi ovqat da onların “düşüncə məhsulundan” başqa bir şey deyil.

***

İndi isə vurğuladığımız üçüncü məqamdan - A.Qriqoryanın barəsində söz açdığı regiona üçüncü qüvvələrin yerləşdirilməsi məsələsindən söz açaq. Bildirdik ki, rəsmi Ermənistan hazırda bunun da tərəflər arasında problem yaratdığını vurğulayıb. Məlumdur ki, Azərbaycan bütövlükdə üçüncü qüvvə məntiqinə qarşıdır.

Diqqət yetirək, Qriqoryan sülh müqaviləsində Avropa İttifaqının mülki müşahidə missiyasına dair nəyinsə olmadığını bildirir. Heç şübhəsiz, o, öz aləmində, nəbz yoxlamaqla məşğuldur. Çox güman, təhlükəsizlik şurası katibinə verilən sual da quramadır. Axı kimin ağlına gələ bilər ki, Aİ missiyası üçüncü qüvvə kimi təqdim edilsin? Ancaq sözügedən missiyanın NATO təsisatına çevirmək istəklərinin mövcudluğundan xəbərdarıq. Deməli, Qriqoryanın Aİ missiyası məsələsindəki hazırkı inkarçılığı böyük ölçüdə iz azdırmaqdır.

İz azdırıcılıq fonunda sülh müqaviləsi ilə bağlı Qərbin, indiki halda Avropanın, daha doğrusu, Fransanın təsir cəhdlərini görürük. Çünki lap başdan rəsmi Parisin Cənubi Qafqazda oyunbazlıq niyyətinin olduğunu və bu niyyət üçün Ermənistandan yararlandığını bilirik. Aİ missiyası da oyunbazlığın tərkib hissəsidir və regionda yeləşdiriləcək üçüncü qüvvə söhbəti həmin missiyanı qlobal silahlı təsisat halına gətirmək niyyətidir. Başqa sözlə desək, məqsəd Cənubi Qafqazı qlobal rəqabət meydanına çevirməkdir. Qriqoryanın söylədikləri onu deməyə əsas verir ki, məsələ Ermənistanın xarici siyasət gündəmindədir. Sülh müqaviləsinin ərsəyə gəlməsində problem həm də bu səbəbdən yaranır.

***

Sonda bir daha “Azərbaycanda saxlanılan erməni məhbuslar” məsələsindən söz açaq. Ermənistan XİN-nin bununla bağlı ayrıca bəyanatı da var. Sənəddən gəlinən qənaət budur ki, rəsmi İrəvanın humanitar prinsiplərə, insan hüquq və azadlıqlarına, guya, məhəl qoymayan ölkə, yəni Azərbaycanla sülhə gəlməsi mümkünsüzdür.

Həm bəyanat, həm də ümumən “məhbuslar” ətrafında ajiotajın qaldırılmasının Azərbaycanın təkliflərindən sonraya təsadüf etməsi maraq doğurmaqdadır. Nəticə olaraq deyək ki, Bakının irəli sürdüyü sülh şərtləri qətidir, erməni avantürizminə meydan tanımır. Ermənistan barış gündəmini Bakıda keçirilən məhkəmə prosesinə ona görə dəyişir ki, həmin şərtləri yerinə yetirməsin. Hər halda, indiyədək məhkəmə müstəvisində heç bir fikir bildirməyən Ermənistan rəhbərliyinin birdən-birə dilə gəlməsi, mahiyyətcə Azərbaycanın daxili işinə qarışmaq cəhdi elə-belədən deyil. Cəhddən söz düşmüşkən, belə hərəkətlər də etimad mühitini zədələyir. Sülhün olmamasından itirənin isə Ermənistan olacağı şübhəsizdir.

Ə.CAHANGİROĞLU
XQ

Siyasət