Fevralın 25-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) İctimaiyyətlə əlaqələr şöbəsinin konfrans zalında Xocalı soyqırımı qurbanlarının xatirəsini anma mərasimi keçirilib.
XQ xəbər verir ki, qanlı faciənin 34-cü ildönümü ilə əlaqədar keçirilən tədbirin təşəbbüskarı Ankarada fəaliyyət göstərən Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADIV) olub. Ölkəmizin Türkiyədəki səfirliyi TBMM sədri Numan Kurtulmuşun himayəsi altında tədbirə təşkilati dəstək verib.
Tədbirdə diplomatlar, TBMM üzvləri, siyasi partiyaların nümayəndələri, Azərbaycan və Türkiyənin insan hüquqları üzrə komissarları (ombudsmanlar), rəsmi qurumların və təşkilatların rəhbərləri, iki qardaş ölkənin ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri açan TADIV direktoru professor Aygün Attar beynəlxalq ictimaiyyəti Azərbaycan xalqına qarşı törədilən cinayətlər barədə məlumatlandırmağın vacibliyini vurğulayıb.
Professor bildirib: “Bu gün beynəlxalq ictimaiyyəti Xocalı soyqırımı barədə əvvəlkindən daha çox məlumatlandırmaq vacibdir ki, bu cür faciələr bir daha təkrarlanmasın”.
Daha sonra çıxış edən Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov qeyd edib ki, Xocalı soyqırımının ildönümünü qeyd edən tədbirlər ölkə tarixinin dəhşətli səhifələrini xatırlamalı olan gələcək nəsillərin maarifləndirilməsi baxımından xüsusilə vacibdir.
Diplomat Ermənistanın illərdir davam edən təcavüzü nəticəsində Azərbaycanda yüz minlərlə qaçqın və məcburi köçkünün olduğunu diqqətə çatdırıb. “Xocalı faciəsini yaşamış bir cəmiyyəti sülhə hazırlamaq olduqca çətindir. Ermənistan Konstitusiyasında dəyişiklik sülh sazişinin imzalanmasına yol açacaq”, - deyə səfir bildirib. O, həmçinin bölgədə sülhün bərqərar olması və münasibətlərin normallaşdırılması səylərinə verdiyi töhfəyə görə Türkiyə rəhbərliyinə minnətdarlığını bildirib.
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Ankaranın Bakının ədalətli mövqeyini dəstəkləməyə davam edəcəyinə əminlik ifadə edib. “Hər iki tərəfin səmimiyyəti Cənubi Qafqazda uzunmüddətli sülhün açarı olaraq qalır”, - deyə millət vəkili qeyd edib. O, Türkiyə-Ermənistan sərhədlərinin açılmasının yalnız Ermənistan və Azərbaycan münasibətlərinin normallaşacağı təqdirdə mümkün olduğunu vurğulayıb.
Parlamentin dostluq qrupunun rəhbəri Xocalıda ədalətin bərpa olunmasına və 1992-ci ilin qanlı faciəsində iştirak edənlərin hamısının məsuliyyətə cəlb olunmasına çağırıb. O qeyd edib: “Bu cür qanlı cinayətlərin dünyanın digər yerlərində təkrarlanmaması üçün Xocalı qurbanlarının xatirəsini ehtiramla yad etməyə davam edəcəyik”.
Azərbaycanın insan hüquqları üzrə müvəkkili Səbinə Əliyeva auditoriya qarşısında Ümummilli Lider Heydər Əliyevin Xocalı soyqırımına siyasi və hüquqi qiymət verilməsi prosesinə verdiyi töhfədən danışıb. O, həmçinin beynəlxalq ictimaiyyəti Azərbaycanın mülki əhalisinə qarşı törədilən vəhşiliklər barədə daha dolğun məlumatlandırmağa imkan verən “Xocalıya ədalət!” kampaniyasını yüksək qiymətləndirib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin uğurlu siyasəti sayəsində ölkəmiz öz səyləri ilə respublikanın ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edib. “Erməni işğalının nəticələri və Azərbaycan xalqının irsinin məhv edilməsi bu gün də hiss olunur. Birinci Qarabağ müharibəsinin başlanğıcından bəri 4004 Azərbaycan vətəndaşı itkin düşüb, onlardan 3223-ü hərbçi, 781-i isə mülki şəxs olub. Azad edilmiş ərazilərdə 185 nəfərin nəşləri aşkar edilib, onlardan 120-si şəxsiyyəti müəyyən edilərək dəfn olunmaq üçün ailələrinə təhvil verilib”, - deyə ombudsman bildirib.
S. Əliyevanın sözlərinə görə, Xocalı soyqırımının bəzi günahkarları artıq Azərbaycanda məhkəmə qarşısına çıxıblar. Ombudsman vurğulayıb: “Vəhşiliklərdə iştirak edənlərə qarşı hökmlər tarixi ədalətin təntənəsinin göstəricisidir”.
İnsan hüquqları üzrə müvəkkil daha sonra Azərbaycanın azad edilmiş torpaqlarında mina təhlükəsi barədə danışaraq qeyd edib ki, 1991-ci ildən bəri ölkəmizdə mina partlayışları nəticəsində 3400-dən çox insan yaralanıb, onlardan 362-si uşaq və yeniyetmə, 38-i isə qadındır.
Türkiyə ombudsmanı Mehmet Akarca Xocalı hadisələrini soyqırımı və insanlığa qarşı cinayət adlandırıb. O, ermənilərin Xocalıda törətdikləri əməllərin müharibə və humanizm normalarına zidd olduğunu qeyd edib. “Təəssüf ki, beynəlxalq ictimaiyyət onilliklər boyu Xocalı soyqırımını görməzdən gəlib. Bu ikili standart yeni qanlı cinayətlər üçün şərait yaradır”, - deyə Türkiyə ombudsmanı vurğulayıb.
M. Akarca Türkiyənin Xocalı üçün ədalətin təmin edilməsinə sadiq olduğunu ifadə edib. O, Türkiyə Ombudsman Aparatının mütəxəssisləri tərəfindən Azərbaycan reallıqlarını beynəlxalq ictimaiyyətə çatdırmaq üçün hazırlanmış iki hesabatı xatırladıb.
Ombudsman, həmçinin diqqəti Ermənistanın Azərbaycanın azad edilmiş torpaqlarında minalanmış ərazilərin xəritələrini qismən təhvil verməsi ilə bağlı davam edən mina təhlükəsinə çəkib.
Tədbir çərçivəsində Xocalı soyqırımı mövzusunda fotosərgi təşkil edilib.

