“Üzrxahlıq hüquqi məsuliyyətin etirafı sayılır”

post-img

Tanınmış hüquqşünas məlum təyyarə qəzasını hüquqi aspektdən dəyərləndirir

“Azərbaycan Hava Yolları” aviaşirkətinə (AZAL) məxsus “Embraer 190” təyyarəsinin qəzaya uğraması ilə bağlı məsələ həm yerli, həm də dünya gündəminin əsas mövzularından biri olaraq qalmaqdadır. “XQ” Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri, professor İsaxan Vəliyevdən qəza ilə bağlı ictimaiyyəti narahat edən bəzi suallara aydınlıq gətirməsini xahiş etdi.

– İsaxan müəllim, bu gün cəmiyyəti narahat edən əsas məsələlərdən biri 2024-cü dekabrın 25-də sərnişin təyyarəsinin Rusiya Federasiyanın hava hücumundan müdafiə qurğuları vasitəsilə qəsdən vurulması barədə yayılan xəbərlərdir. Sizin bu məsələyə münasibətiniz necədir?

– Azərbaycan–Rusiya dövlətləri arasında dostluq münasibətləri tarixi, siyasi, iqtisadi, mədəni və humanitar sahələri əhatə etməklə geniş və çoxaspektli əlaqələrə əsaslanmaqdadır. İki ölkə arasında əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş münasibətlərdə yaxınlaşma siyasəti Prezident İlham Əliyevin dövründə də dinamik inkişaf etmiş və strateji tərəfdaşlıq səviyəsinə çatmışdır.

Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan Respublikası 24 sentyabr 1993-cü il tarixində keçmiş SSRİ ölkələrinin əksəriyyətinin üzv olduğu Müstəqil Dövlətlər Birliyinə qoşulmuşdur. Hazırda bu birlik keçmiş sovet ölkələri arasında iqtisadi, siyasi, təhlükəsizlik və mədəni sahələrdə qarşılıqlı əlaqələrin inkişafına yönələn platforma kimi fəaliyyət göstərir, həmçinin geosiyasi sabitliyin təmin edilməsi, praktiki baxımdan Rusiya ilə əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsində mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan–Rusiya əlaqələrinin inkişafında 1994-cü il sentyabrın 20-də dünyanın bir sıra qabaqcıl ölkələrinin imzaladığı "Əsrin müqaviləsi"ndə Rusiyanın da yer almasını xüsusi vurğulamaq lazımdır. İki dövlət arasında münasibətlərin yüksək səviyyədə olmasına xidmət edən sənədlərdən biri də, 3 iyul 1997-ci il tarixli “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında” Bəyənnamədir. Həmin sənəd ilə Azərbaycan və Rusiya dövlətləri sərhədyanı regionlarda dostluq, mehriban qonşuluq, millətlərarası anlaşma, sülh və sabitliyin möhkəmləndirilməsi və öz ərazisində bir-birinin dövlət suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş təşkilatlar, qruplar və ayrı-ayrı şəxslərin fəaliyyətinin qarşısının alınması üzrə qarşılıqlı fəaliyyətin davam etdirilməsi üçün tədbirlərin görülməsi öhdəliyi götürülməklə, strateji tərəfdaşlıq üşün hüquqi əsas yaratmışdır. Münasibətlərin sonrakı inkişafı strateji tərəfdaşlığı müttəfiqlik fəaliyyəti səviyyəsinə qaldırmış və bu özünü Rusiya və Azərbaycan arasında 2022-ci il fevralın 22-də Moskvada imzalanmış “Azərbaycan və Rusiya arasında Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyənnamədə öz əksini tapmışdır.

Bir həqiqəti də heç zaman yaddan çıxarmaq olmaz ki, 44 günlük Vətən müharibəsi zamanı Ermənistan tərəfinin KTMT-yə üzv dövlətlərin müharibəyə müdaxilə edərək onların tərəfindən vuruşmalarını təkid etmələrinə baxmayaraq, Rusiya Prezidenti Vladimir Putin bu prosesdə Azərbaycanın mövqeyini müdafiə edərək, müxtəlif medialara müsahibəsində bildirmişdir ki, baş verənlərin bu təşkilata heç bir aidiyyəti yoxdur. Ona görə ki, Ermənistanın özünə heç bir xarici təcavüz olmayıb. KTMT təşkilata üzv ölkəni xarici təcavüzdən qorumalıdır. Qarabağla bağlı baş verən hadisələrin öz spesifikası var. Bu hadisələrin hüquqi nöqteyi-nəzərdən Ermənistana heç bir aidiyyəti yoxdur. Ona görə də KTMT-nin bu əraziyə görə vuruşmalı olduğunu iddia etmək qəribədir. Rusiyanın Azərbaycan üçün dost dövlət olmasına dəlalət edən xeyli sayda normativ hüquqi akt və hərəkətləri misal gətirmək olar. Bu baxımdan ölkəmizə məxsus sərnişin təyyarəsinin Rusiya hava hücumundan müdafiə qurğuları vasitəsilə qəsdən vurulması faktı iki ölkə arasında strateji müttəfiqlik münasibətlərinə kölgə sala bilməz.

– Hadisədən dərhal sonra Azərbaycan hökumətinin operativ reaksiyası, belə ağır məqamda dövlət başçımızın davranışı diqqətdən yayınmadı...

– Azərbaycan Prezidenti İlham Əliyev bu hadisəyə qədər də ekstremal situasiyalarda çevik və qətiyyətli davranışı, təmkinli, prinsipial mövqeyi ilə diqqəti cəlb edib. Cənab Prezidentin hadisədən xəbər tutan kimi Sankt-Peterburqa səfərini yarımçıq qoyaraq geri qayıtmasını, Bakıda ekstern müşavirə keçirməsini, qəzanın başvermə səbəblərini araşdırmaq üçün Baş nazirlin rəhbərliyi ilə Dövlət Komissiyasının yaradılması barədə sərəncam verməsini yalnız təqdir etmək olar. Ümumiyyətlə, dövlət başçımız ölkəmizin milli mənafeyi, xalqımızın sosial-mənəvi durumu ilə bağlı məsələlərdə həmişə diqqətli və həssas davranıb. Baş vermiş qəza ilə bağlı onun bu yüksək şəxsi keyfiyyətlərinin bir daha şahidi olduq. Müşavirədə təyyarənin qəzaya uğraması ətrafında müxtəlif fikirlərin, fərziyələrin dolaşdığını nəzərə çatdıran İlham Əliyevin göstərişi ilə Azərbaycan tərəfi hadisənin bütün insəliklərinə qədər araşdırılması, bu prosesə beynəlxalq ekspertlərin cəlb edilməsi, eləcə də qəzada təqsiri olanların mütləq qaydada cəzalandırılması məsələsi qaldırıldı. Bundan ötrü Aktauya Azərbaycandan aidiyyatı nazirlik və idarələrin rəhbərləri, ekspert qrupu göndərildi. Bu, həmin vaxt cənab Prezidentin hadisəyə ən dəqiq yanaşması idi.

Dövlətin böyüklüyü onun ərazisinin böyük-kiçikliyi ilə ölçülmür. Burada dövlət başçılarının siyasi iradəsi, beynəlxalq sanbalı və şəxsi keyfiyyətləri, zəkası böyük rol oynayır. Vətənsevərlik, millətsevərlik isə İlham Əliyevin iş üslubuna çevrilmiş ən ali keyfiyyətdir.

İndi Azərbaycan, təbii ki, Rusiya tərəfindən maddi və mənəvi zərərə görə təzminatın ödənilməsini gözləyir. Bu məsələnin beynəlxalq konvensuyalara uyğun şəkildə həll olunacağına şübhəm yoxdur.

– Rusiya və Azərbaycan liderlərinin telefon danışığında sərnişin təyyarəsinin vurulmasının səbəblərinin dəqiq araşdırılması, təqsiri olanların məsuliyyətə cəlb edilməsi məsələsinə də toxunulub. Dünya təcrübəsində bu qəbildən olan hadisələr necə tənzimlənir?

– Bəli, dünyada belə hadisələr çox olub. Bəzilərini yada salaq: 2001-ci il oktyabrın 4-də Sibir Hava Yollarına məxsus “Tu-154t” təyyarəsi Qara dəniz üzərində Ukraynaya məxsus “S-200” zenit-raket kompleksi tərəfindən səhvən vurulub. Ukrayna bu faktı etiraf etdi və ölkənin müdafiə naziri həlak olanların ailələri və yaxınlarından üzr istədi. Ukrayna 2003-cü ildə Rusiya və İsrail ilə qəzada ölənlərin yaxınlarına təzminat ödənilməsi haqqında hökumətlərarası saziş imzaladı. Qəzada həlak olanların ailələrinə və zərərçəkmşi şəxslərə ödəniməsi üçün Rusiyaya 7,8 milyon dollar, İsrailə isə 7,5 milyon dollar ayrıldı.

2014-cü il iyulun 17-də Ukraynanın Donetsk vilayəti üzərində “Malaysia Airlines” aviaşirkətinə məxsus "Boeing-777" təyyarəsi Rusiyadan göndərilmiş "BUK-M" zenit-raket kompleksi vasitəsilə vuruldu. Birgə istintaq qrupu təyyarəyə raketin Kursk yaxınlığında yerləşən Rusiya hərbi hissəsindən atıldığı açıqlandıqdan sonra Hollandiya və Avstraliya rəsmi olaraq Rusiyanı təyyarəni vurmaqda ittiham etdilər. Lakin Rusiya həmin ittihamları indiyədək rədd edir.

2020-ci il yanvarın 8-də Ukrayna Beynəlxalq Hava Yolları aviaşirkətinə məxsus "Boeing-737" təyyarəsinin İran hərbi qüvvələri tərəfindən səhvən vurulduğu müəyyən edildi. Faktla bağlı İran İslam Respublikası dərin təəssüf hissi keçirdiyini bildirdi və faciə qurbanlarının yaxınlarına başsağlığı verdi.

– Bəs, beynəlxalq təcrübədə bu cür hadisələr zamanı hüquqi məsuliyyət necə həll olunur?

– Məsuliyyət məsələsinə gəldikdə, bu sahədə dövlətlərin beynəlxalq hüquqi məsuliyyətini nizama salan nоrmаlаr bu günə qədər məcəllələşdirilməmişdir. Bu səbəbdən də baş vermiş hadisədə təqsiri olan dövlətin və ya onun vəzifəli şəxslərinin beynəlxalq məsuliyyətə cəlb edilməsi mexanizmi mövcud deyildir. Göründüyü kimi, dövlətlər könüllü olaraq təqsirini etiraf etdiyi halda zərər çəkənlərə və onların ailə üzvlərinə kompensasiyaların ödənilməsi və zərərçəkmiş tərəfdən üzr istəməsi hadisənin hüquqi qiyməti kimi qəbul olunur.

Rusiya ərazisində baş vermiş “Embraer 190” təyyarəsinin qəzasında çoxsaylı insan ölümünə görə rəsmi Moskvanın üzr istəməsi məsələsinə gəlincə, artıq, bu, baş vermişdir. Doğrudur, istintaq hələ başa çatmayıb, Dövlət Komissiyasının yekun qərarı da hələ açıqlanmayıb. Amma buna baxmayaraq, Rusiya sivil dövlət kimi bu məsuliyyəti öz boynuna götürdü. Bu, belə də olmalı idi. Çünki ölkənin Prezidenti hüquqşünasdır, beynəlxalq qanunvericiliyi və təcrübəni yaxşı bilir. Axı bu faciəyə görə Rusiya Federasiyasının üzr istəməsinə əsas verən kifayət qədər dəlil və sübutlar göz qabağındadır.

P.S. Hüquq elmləri doktoru, professor İsaxan Vəliyevin dediklərinə əlavə olaraq bunu da oxucuların nəzərinə çatdırmağı zəruri sayırıq. Dünən Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunda yerli telekanala müsahibəsində təyyarənin Rusiya tərəfindən vurulduğunun danılmaz fakt olduğunu bildirdi: “Baxmayaraq, təbii ki, pilotlar təcrübəli pilotlar idi və bilirdilər ki, onlar bu qəza enişindən sağ çıxa bilməyəcəklər. Ancaq sərnişinləri xilas etmək üçün onlar maksimum böyük qəhrəmanlıq göstərmişlər və məhz bunun nəticəsində təyyarə qəzasında sağ qalanlar var. Məhz bunun nəticəsində füzelyajın bir hissəsi yanmayıb və məhz bunun nəticəsində bu gün biz tam açıq-aydın deyə bilərik ki, təyyarə Rusiya tərəfindən vuruldu. Bax bu faktdır və bu faktı heç kim dana bilməz. Yenə də biz demirik ki, bu, qəsdən edildi, amma bu edildi”.

Prezident İlham Əliyev ona zəng edən rusiyalı həmkarı Vladimir Putinə sərnişin təyyarəsinin Rusiyasının hava məkanında olan zaman kənar fiziki-texniki müdaxiləyə məruz qaldığını və idarəetməsini tam itirdiyini, Qazaxıstanın Aktau şəhərinə doğru yönləndirildiyini və yalnız pilotların şücaəti və peşəkarlığı sayəsində qəza enişi edə bildiyini deyib. Kremlin saytında məsələ ilə bağlı cinayət işinin başlanıldığı, Rusiya və Azərbaycanın baş prokurorluq əməkdaşlarının Qroznıda birgə işlədikləri qeyd olunub.

XQ



Müsahibə