Çal-çağırla yola salındılar...

post-img

Rusiya sülhməramlıları Qarabağdan iki ölkə rəhbərliyinin siyasi qərarı ilə vaxtından əvvəl çıxarıldı

Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan ərazisində Rusiya ordusunun 2 minə yaxın sülhməramlı hərbi kontingenti müvəqqəti yerləşdirilmişdi və onun funksiyasına münaqişə tərəfləri arasında atəşkəs rejiminə nəzarət etmək daxil idi. 2020-ci il 10 noyabr üçtərəfli Bəyanatına əsasən, sülhməramlı kontingentin Azərbaycanda qalma müddəti 2025-ci ilin noyabrında başa çatmalı idi. Fəqət, Ermənistanın və ona dəstək verən xarici güclərin anti-sülh, anti-Azərbaycan davranışları Xankəndidəki separatçı-revanşist rejimi “ürəkləndirir”, onu “dqr”ın müstəqil qurum kimi “ömrünü davam etdirməyə” həvəsləndirirdi.

Azərbaycanla münasibətləri beynəlxalq hüquq müstəvisində, sivil qaydada nizama salmağı bacarmayan Ermənistandakı mövcud hakimiyyət Xankəndidəki qeyri-qanuni rejimə dəstəyini kəsməmişdi. Azərbaycanın 2020-ci il 10 noyabr Bəyanatında göstərilən öhdəliklərə tam şəkildə əməl etməsinə baxmayaraq, İrəvan müxtəlif bəhanələrlə silahlı qüvvələrinin tör-töküntüsünü Azərbaycanın Qarabağ iqtisadi rayonundan çıxarılması ilə bağlı şərti yerinə yetirməyə tələsmirdi. Bu azmış kimi, torpaqlarımızın Ermənistandan daşınan minalarla “zibillənməsi” davam edirdi. Sülhməramlı hərbi kontingentin erməni vandalların bu təxribatına “göz yumması” rəsmi Bakıda təbii qıcıq yaradırdı. Vəziyyət bu cür davam edə bilməzdi. Nəticədə, 2023-cü ilin sentyabrında Qarabağda açıq hərbi-siyasi təxribatla məşğul olan separatçı-xunta rejiminə qarşı antiterror tədbiri zərirətə çevrildi. Azərbaycan Ordusunun uğurla həyata keçirdiyi 23 saatlıq lokal antiterror əməliyyatından sonra ərazilərimiz qanunsuz hay silahlılarından təmizləndi, suverenliyimiz tam bərpa edildi və “münaqişə tərəfləri” deyilən anlayış avtomatik olaraq aradan qaldırılmış oldu. Bu o demək idi ki, Rusiya sülhməramlı hərbi kontingentinin Azərbaycan ərazisində yerinə yetirəcəyi funksiyaya ehtiyac qalmadı. Rəsmi Bakı bununla da münaqişəni bitmiş saydığını bəyan etdi.

* * *

Rusiya sülhməramlı hərbi kontingentin ərazimizi vaxtından əvvəl tərk etməsini şərtləndirən digər vacib amil Rusiyanın Ukraynada “xüsusi hərbi əməliyyatları” davam etdirməsi idi. Belə olan halda bu kontingentin Azərbaycanda funksiyasız, vəzifəsiz bir şəkildə qalması, təbii ki, Rusiyanın özünün maraqlarına uyğun deyildi. Beləliklə, Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılmasını tərəflər reallıq kimi qəbul etdi. 2024-cü ilin aprel ayında Azərbaycan və Rusiya liderləri sülhməramlıların Qarabağdan çıxarılması məsələsini razılaşdırdılar. İki ölkənin ali rəhbərliyinin verdiyi qərarı həm də siyasi qərar kimi dəyərləndirmək olar. Bunun ardınca Azərbaycan və Rusiya Müdafiə nazirlikləri qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirməyə başladılar. Sülhməramlıların ərazidə nəzarət etdiyi 30 buraxılış məntəqəsinin hamısı ləğv edildi.

Sülhməramlıların yola salınması ilə bağlı tədbir Xocalıda təşkil olunmuşdu. 2024-cü il mayın 15-də Xocalı Hava Limanında Rusiya Federasiyası sülhməramlı kontingentinin missiyasının başa çatmasına həsr olunmuş təntənəli mərasimdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, eləcə də Rusiya Federasiyasının Müdafiə Nazirliyinin, sülhməramlı kontingentinin, Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi nümayəndələri, hərbi qulluqçular və media nümayəndələri iştirak edirdilər. Qarşılıqlı hörmətə söykənən, səmimi münasibətin hökm sürdüyü mərasimin iştirakçıları əvvəlcə Rusiya Federasiyasının sülhməramlı kontingentinin Qarabağ iqtisadi rayonu ərazisində fəaliyyətini əks etdirən fotosərgi ilə tanış oldular. Sonra xidməti vəzifəsini yerinə yetirərkən həlak olan hərbi qulluqçuların xatirəsi birdəqiqəlik sükutla yad edildi, Azərbaycanın və Rusiyanın Dövlət himnləri ifa olundu.

Təntənəli mərasimdə Azərbaycan Respublikasının Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev, Rusiya Federasiyası Silahlı Qüvvələrinin Quru Qoşunlarının Baş Qərargah rəisi Yevgeni Nikiforov çıxış etdilər. Onlar Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin fəaliyyətindən danışdılar. Y.Nikiforov Rusiya Federasiyasının Müdafiə naziri, Baş Qərargah rəisi və öz adından sülhməramlı kontingentin hərbi qulluqçularına xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi rəhbərliyinə isə səmərəli birgə əməkdaşlığa və əldə edilmiş anlayışa görə dərin minnətdarlığını bildirdi. Daha sonra Azərbaycan və Rusiya müdafiə nazirlərinin əmrləri ilə təltif olunan hərbi qulluqçulara medallar təqdim olundu və rəsmi qonaqlar arasında hədiyyə mübadiləsi edildi. Tədbirin sonunda isə Azərbaycan və Rusiya müdafiə nazirliklərinin yaradıcı kollektivlərinin iştirakı ilə konsert proqramı təqdim olundu.

Beləliklə, Rusiya Federasiyasının sülhməramlı kontingentinin ölkəmizin ərazisindən çıxarılması prosesi cari il iyunun 12-də başa çatdı. Sülhməramlı kontingentin şəxsi heyəti, silah və texnikası ərazimizi tam tərk etdi. Yüksək əhval-ruhiyyədə, qarşılıqlı ehtiram və anlaşma şəraitində keçən yolasalma mərasimi həm beynəlxalq hüquqa, həm də iki dövlət arasındakı strateji əməkdaşlıq münasibətlərinə tam uyğun şəkildə icra olundu.

* * *

Yeri gəlmişkən, Rusiya sülhməramlılarının yola salınmasından xeyli əvvəl qonşu ölkənin hərbçilərinin Qəbələ RLS-dən çıxarılması həyata keçirilmişdi.

Azərbaycan və Rusiya hökumətləri arasında “Qəbələ RLS-in statusu, istifadə prinsipləri və şərtləri haqqında Saziş” 2002-ci ildə imzalanıb. 1984-cü ildə SSRİ-nin raket əleyhinə müdafiə sistemi kimi inşa edilmiş Qəbələ RLS Hind okeanı regionunda – 6 min kilometr radiusda ballistik raketlərin buraxılışını izləməyə imkan verirdi. 2002-ci ildə imzalanmış sazişə müvafiq olaraq, Rusiya RLS-in icarəsinə görə Azərbaycana ildə 7 milyon dollar ödəyirdi.

Yada salaq ki, Azərbaycan tərəfinin icarə haqqını artırması ilə əlaqədar Rusiya 2012-ci ilin dekabr ayından Qəbələ RLS-də fəaliyyətini dayandırmışdı. Bakı bu stansiyanın icarəyə verilməsi üçün Rusiyadan 300 milyon dollar tələb edirdi. İki ölkənin müdafiə nazirlikləri arasında Qəbələ RLS-lə bağlı müzakirələr tam hüquqi müstəvidə aparıb və məsələ məhz beynəlxalq hüquq çərçivəsində həll olundu. Qəbələ RLS ilə bağlı Rusiya ilə imzalanmış icarə müqaviləsinin müddəti başa çatdı və yeni sazişin bağlanması üçün şərtlər üzrə razılıq əldə olunmadı. Buna görə Qəbələdəki stansiyanın bağlanması qərarına gəlindi. Bundan sonra müvafiq komissiyalar Rusiyanın mülkiyyətində olan avadanlıqların oradan çıxarılması məsələləri kimi texniki məsələlərin həllinə başladılar. Rus hərbçiləri və yüklər Qəbələdən Azərbaycan Daxili Qoşunlarının mühafizəsi altında Rusiyaya ötürüldü. Bütün işlər 2013-cü ilin avqust ayında başa çatdırıldı.

* * *

Sonda bir məsələyə də toxunmağı vacib sayırıq. Bəzi bədxahlarımızın media resursları şübhəli mənbələrə istinadən Azərbaycan barədə həqiqəti əks etdirməyən, beynəlxalq ictimai rəyini çaşdırmağa yönəlmiş dezinformasiyalar yaymaqdadırlar. Guya, Azərbaycanda xarici dövlətin hərbi bazası yerləşir. Qərbin haypərəst düşərgəsinin yalan və məsuliyyətsiz açıqlama və bəyanatlarına baxmayaraq, bu gün Azərbaycan ərazisində heç bir xarici dövlətin hərbi bazası, yaxud hərbi kontingenti yoxdur. Bölgənin şəriksiz liderinə, söz sahibinə çevrilmiş, ən güclü ordusuna malik Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyin tam bərpa edib. Elə bu səbəbdən respublikamızın ərazisində hansısa xarici dövlətin hərbi kontingentinin yerləşməsi barədə deyilənlər və yazılanlar ağ yalandan başqa bir şey deyil.

İ.HƏSƏNQALA
XQ

Siyasət