Bu müsahibə 43 il əvvəl keçmiş ittifaqda böyük əks-səda doğurmuşdu
Postsovet məkanında oxucular arasında populyar olan “Literaturnaya qazeta”ya (“LQ”) 1981-ci ilin 8 noyabr tarixli nömrəsində Sov.İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd, Azərbaycan KP MK-nın birinci katibi Heydər Əlirza oğlu Əliyevin verdiyi geniş müsahibə belə adlanırdı. Dahi Nizami Gəncəviyə məxsus olan bu şah misranın Ulu öndər tərəfindən həmin müsahibəyə başlıq seçilməsi də təsadüfi ola bilməzdi. Həmin yazıda o dövrdə cəmiyyəti narahat edən bir çox neqativ hallara qarşı mübarizədən bəhs edilirdi.
Redaksiyadan: Qeyd etmək lazımdır ki, həmin illərdə yüksək vəzifəli partiya funksionerləri, xüsusilə də müttəfiq respublikaların rəhbərləri mövcud problemləri belə açıq və kəskin şəkildə dilə gətirmirdilər. Bu müsahibədə isə ilk dəfə olaraq məhz bir çox tabu və qadağalar pozulmuşdu. Heydər Əliyev açıq mətnlə bəyan etmişdi ki, qohumbazlıq, harınlıq və məmur özbaşınalığı və sair bu kimi mənfi halları ört-basdır etmək əvəzinə bunlarla qəti surətdə mübarizə aparmaq lazımdır və vacibdir.
Müsahibə Kremldə açıq-aşkar çaşqınlıq yaratmışdı. Deyilənlərə görə, Baş katib Leonid Brejnev Bakıya telefon açaraq Heydər Əliyevdən təəccüblə soruşmuşdu:
– Əziz Heydər Əlirza oğlu, siz qəzetə müsahibənizdə nə demisiniz ki, indi bütün ölkə bu barədə danışır?
Heydər Əliyevin cavabı qəti və prinsipial idi:
– Leonid İliç, o hədəfləri ki, siz nöqsanlara qarşı mübarizədə müəyyən edibsiniz, məhz bu barədə Azərbaycanda görülən işlərdən bəhs etmişəm.
Baş katibin respublika rəhbərinin daşdan keçən arqumetli cavabı ilə razılaşmamaqdan başqa çarəsi qalmamışdı.
Brejnevi, eləcə də o dövrün yüksək partiya elitasını narahat edən nə olmuşdur? Ümumiyyətlə, müsahibə necə araya-ərsəyə gəlmişdi? Bu yazı niyə bu qədər oxucu rəğbəti qazanmışdı?
“LQ”-nin həmin dönəmdə Azərbaycan üzrə xüsusi müxbiri olmuş Emil Ağayev müsahibənin araya-ərsəyə gəlməsi ilə bağlı incə məqamlara xatirələrində aydınlıq gətirir.
2024-ci il noyabrın 7-də Rusiyada nəşr olunan “Literaturnıye qazeta” az qala 43 il sonra yenidən həmin tarixi müsahibəyə öz səhifələrində yer vermişdir. Sadəcə, müəllifdən icazəsiz oxucuların diqqətini cəlb etmək üçün müsahibənin başlığına əl gəzdirmişdir. Biz isə həmin müsahibəni ilkin variantda olduğu kimi “Xalq qəzeti”nin oxucularına təqdim edirik.
Bir məqamı xüsusi qeyd etmək lazımdır ki, Heydər Əliyevin jurnalistlərə münasibəti digər yaradıcı zümrələr – yazıçı, rəssam və musiqiçilərə olan münasibətindən fərqlənirdi. Belə ki, jurnalistlər ideoloji cəbhəyə aid edilirdi və partiyanın yaxın köməkçiləri hesab edilirdilər. Siyasi Büro üzvləri arasında siyasətçinin karyerasında piarın xüsusi əhəmiyyət daşıdığını Heydər Əliyev qədər bəlkə də heç kəs bilmirdi. Bu dahi siyasətçi mətbuatla işləməyi yaxşı bacarırdı. Qəzet və jurnalları izləyir, bir çox hallarda oxunaqlı yazılar barədə rəyini bildirirdi. Eyni zamanda, jurnalistlərin əmək və məişət şəraitinin yaxşılaşdırılmasına qayğı ilə yanaşırdı.
...Moskvada “LQ”nin redaksiyasında Heydər Əliyevdən respublikada neqativ hallara qarşı geniş vüsət almış mübarizə haqqında müsahibə hazırlamaq ideyası meydana çıxanda, bu təklifə vaxt yubatmadan müsbət cavab verilmişdi.
Müsahibə almaq üçün Bakıya ezam olunan müxbir xanıma da hamı kimi yaxşı bəlli idi ki, bir çox respublikalardan fərqli olaraq Azərbaycanda rüşvətxorluq və korrpupsiyaya qarşı ciddi mübarizə aparılır. Belə ki, xidməti vəzifələrindən sui-istifadə edənlərin, var-dövlət, sərvət toplamaq niyyətinə düşənlərin başlarını sığallamırlar. Cəmiyyətdə tutduqları vəzifəlrdən asılı olmayaraq övladlarına nümayişkaranə təmtəraqlı toy edənlər, dəbdəbəli ad günləri keçirənlər, bir sözlə harın, həddini aşan şəxslər layiqli cəzadan kənarda qala bilməzlər.
Bundan başqa respublikada rəhbər işçilərin, eləcədə hüquq-mühahfizə orqanlarında yüksək vəzifədə çalışan şəxlərin uşaqlarının universitetlərin hüquq fakültələrinə daxil olmalarına, onların qanunsuz yollarla bahalı avtomobillər əldə etmələrinə qadağa və məhdudiyyətlər tətbiq edilir.
Təəssüf ki, əhalinin böyük əksəriyyətinin dəstəklədiyi bu prinsipial siyasəti nədənsə Moskvada başa düşməyənlər də vardı.
Bakıya təşrif buyuran müxbir, görünür, həm respublika rəhbərinin nöqsanlara qarşı sərt davrandığına işarə edərək, həm də original görünmək üçün görüşün əvvəlində belə bir replika atmışdı:
– Heydər Əliyeviç, axı, biz hüquqi dövlətdən bəhs edirik...
Azərbaycanın rəhbərinin cavabı belə olmuşdu:
– Adamları işə götürəndə, onlara bu barədə açıq və birmənalı şəkildə xəbərdarlıq edirik.
Yəni, söhbət məsuliyyətdən gedir. Heç kim cəmiyyətin mənəvi-etik dəyərlərini gözardı edə bilməz və etməməlidir. Əxlaq və mənəviyyat hər şeyin fövqündə durmalıdır.
Müsahibənin necə hazırlanmasına gəlincə…
…Heydər Əliyevin kabinetində iri qlobus vardı. Gözlərimiz qarşısında sanki bütün planet əks olunmuşdu. Görünür, bu, kabinetə daxil olanları burada baş verənlərin miqyası və əhəmiyyəti barədə düşüncələrə kökləyirdi.
Beləliklə, biz kabinetdə uzun masanın axasında əyləşmişik. Kabinetin sahibi mehribancasına gülümsəyərək soruşur:
– Yaxşı, necə yerləşibsiniz?
Antonina Borisovna (qonağı belə çağırırdılar-E.A) kiçik bir pauzadan sonra qaldığı mehmanxana otağı barədə yersiz olaraq söylədi ki, sanuzeldə tualet kağızı qoymağı unudublar.
Şübhəsiz jurnalist həddini aşmışdı. Variantlar az idi. Sadəcə olaraq qovmaq, sonra hökumət telefonu ilə baş redaktora zəng edib “gör kimi göndərmisən” demək...
Eyni zamanda hər şeyi bir zarafata salmaq olardı.
– Problem deyil, əgər etiraz etmirsinizsə, sizi bizim MK ilə yanaşı olan mehmanxanaya dəyişdirərik. Sizə hansı nömrə əl verir? Birotaqlı, ikiotaqlı, yoxsa üçotaqlı?
– Heydər Əliyeviç, nədən otaqların sayı bu qədər çox olsun ki?!. Yoxsa, qonaq gəlmək istəyirsiniz?
Otaqda gərginlik yenidən artdı..
Heydər Əliyevin cavabı bir qədər sərt oldu...
– Siz elə güman edirsiniz ki, biz burda ancaq iclas keçirməklə məşğuluq... Bəzən bizdə istirahət edirik, hərdən bir qədəh içkidən də vaz keçmirik..
Daha sonra Heydər Əliyev üzünü mənə tərəf tutdu.
– Ağayev, xanımı “Gülüstan”a dəvət etmisənmi?
– Hələlik, macal tapmamışam...
...Həmin axşam biz “Gülüstan”da ən yaxşı masada əyləşmişdik. Müxbir xanım iştahla yeyib-içirdi və bəlkə də özünü buludların üzərində hiss edirdi.
Bundan sonra...isə o, bütün həftəni Birinci katibin qəbulunu gözləməklə keçirdi və qəbul baş tutmadı. Ona dedilər ki, Heydər Əliyeviç çox məşğuldur.
Moskvalı jurnalist daha beş dəfə Bakıya uçub gəlməli oldu. Müsahibənin 1-ci variantını Heydər Əliyev büsbütün kəsib doğramışdı.
İkinci variantını da başdan ayağa qaralamışdı. Redaktə edilmiş mətnə nəzər salanda gördüm ki, o, redaktor kimi də qeyri-adidir. Hətta mətnin üslubunda olduqca dəqiq düzəlişlər edilmişdi. Bu, məni xüsusilə heyrətləndirdi, çünki onun Azərbaycan KP MK-nın birinci katibi seçiləndən sonra ictimaiyyət qarşısındakı çıxışlarını dinləmişdim. O, rus dilində, o dövrdə tələb olunduğu kimi, əla, tamamilə sərbəst danışırdı, amma ləhcə zəif də olsa, hiss olunurdu. “Sən bir işə bax! O, rus dilini necə də təkmilləşdirib! Nəzərə alsaq ki, onun işi olduqca çoxdur, buna nail olmaq heç də asan deyil”, - deyə mən düşündüm.
Jurnalist xanım Moskvadan Bakıya altıncı dəfə uçub gəlməli oldu, yenidən qəbul üçün bir xeyli gözləyəndən sonra həmin böyük qlobus olan tanış kabinetə daxil olduq. Bu dəfə jurnalist xanım az qala yalvarmağa başladı:
– Heydər Əliyeviç, baxın, bu müsahibəyə görə barmağımda dəyənək əmələ gəlib… mənə yazığınız gəlsin...
Onda əvvəlki özünə məftunluqdan əsər-əlamət belə qalmamışdı. Heydər Əliyev ehmalca başıını yelləyib mənə tərəf döndü və sakit tərzdə:
– Nə etməli?!. Yenidən işləmək lazım gələcək...
O, təkcə xanımı yerində oturtmamışdı, onun içindəki eqonu dartıb çıxarmışdı”.
Bu müsahibə jurnalistin əvvəlki müsahibələrindən əhəmiyyətli dərəcədə fərqlənirdi, redaksiya heyəti tərəfindən təriflənməklə yanaşı, necə deyərlər nümunə kimi qəzetin şərəf lövhəsindən asılmışdı.
Akif ƏHMƏDGİL
“Literaturnıye znakomstva”nın xüsusi müxbiri
“Literaturnaya qazeta”,
6–12 noyabr 2024-cü il