Yaxud qəzanın ibrət qeydləri
Dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı–Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğraması və çoxsaylı insan tələfatı dünyanın diqqətini Azərbaycana yönəltdi. Kaş belə diqqət olmayaydı. Kaş bu faciə yaşanmayaydı. Amma... Edəcək bir şey yoxdur.
Dünyanın diqqəti Azərbaycana həm də ona görə yönəldi ki, qəzadan sağ çıxanlar oldu. Təyyarə qəzalarında bu, çox nadir rast gəlinən haldır. Məsələn, bir neçə gün əvvəl Cənubi Koreyada baş vermiş qəza nəticəsində 181 sərnişinin hamısı həyatını itirdi. Dəhşətdir həqiqətən. Havadasan gücün heç nəyə çatmır. Kim olursansa ol...
Dünyanın diqqəti ölkəmizə, eyni zamanda, o səbəbdən yönəldi ki, məlum təyyarə qəzasında Rusiya–Ukrayna müharibəsinin izləri var. Hər halda, hadisənin Rusiyanı hədəf seçən Ukrayna PUA-larının zərərsizləşdirilməsi gedişində baş verdiyi təsdiqlənib. O da aydındır ki, ortada öz işinə məsuliyyətlə yanaşmayanlar var. Onların hər biri cəzasını almalıdır və alacaq da.
“Embraer 190”a kənar müdaxilə raket hücumundan müdafiə sistemi olmuşdu. Rusiya–Ukrayna müharibəsindən söz düşmüşkən, bu savaşın miqyasının genişləndiyinin şahidiyik və mahiyyətcə üzləşdiyimiz təyyarə qəzası da fikrimizi təsdiqləyir. “Uzaq sahillərdə” filmini xatırlayaq. Qəhrəman Mixaylonun təbirincə desək, artıq müharibə bizim dağlara da gəlib çıxıb. Durum düşündürücüdür. Müharibə dünyanın düzənini pozur. Necə də düşünməyək?
...Əlbəttə, böyük faciə yaşadıq, üzüldük, sarsıldıq. Amma qəza xalqımızın monolitliyini bir daha göstərdi. Bəli, dünya Azərbaycandakı vəhdətə heyran qaldı. Bunu müxtəlif şərh və fikirlərdən də görmək mümkündür. Habelə, dünya ölkəmizdəki xalq-iqtidar birliyinin sarsılmazlığını da gördü. Gördü ki, vətəndaşlarımızın ölkə iqtidarına inamı və etimadı son dərəcə yüksəkdir. İnsanlarımız bir an belə qəza ətrafındakı oyunların hansısa nəticə verəcəyini düşünmədilər, tam əmin oldular ki,
Prezident İlham Əliyevin prinsipiallığı və qətiyyəti nəticəsində əsl həqiqətlər üzə çıxacaq. Üzə çıxdı, hələ çox mətləblərə aydınlıq gələcək.
Bəli, “Embraer 190” olayı prinsipiallığımızı daha dolğun boyalarla ortaya qoydu. Azərbaycan qüdrətli ölkədir. Hadisə qüdrətimizi təsdiqlədi. Kimsədən heç nə ummadıq, kimlərəsə canayananlığının yersizliyini anlatdıq. Anlatdıq ki, əsl dövlət necə olmalıdır. Dövlətin hansı tərzdə işlədiyini, işləməli olduğunu göstərdik. Göstərdik ki, özlərini necə təqdim etmələrindən asılı olmayaraq, kiçiklər kiçik kimi qalmalıdırlar, onlara böyüklərin cərgəsində yer yoxdur. Saxtaların da yerlərinin harada olduğuna işarəmizi verdik.
Təyyarə qəzası dostu və düşməni tanımağımıza bir daha imkan yaratdı. Əslində, bunu əvvəldən də bilirdik. Sadəcə, təkrar biliyin anasıdır deyirlər. Məlum qəza nəticəsində biliyimizi təkrarladıq. Kimlərin hansı tərzdə, hansı məqsədlə faciəyə münasibət göstərdiyini seyr etdik, başsağlığı adı altında nə kimi oyunbazlıq niyyətlərini ortaya qoyduqlarının fərqinə vardıq. Əvvəlki qənaətimizi möhkəmləndirdik. Qoy dost dostluğunda qalacaq. Düşmən düşmənliyindən əl çəkməsin, fürsətcillər də riyakarlıqlarında olsunlar. Özlərinin miskin və rəzil dünyalarında yaşasınlar. Bizim dünyamızda onlara yer yoxdur və olmayacaq.
Məlum qəza Azərbaycan övladlarının növbəti qəhrəmanlığına şahidlik etdi. Qəhrəmanlığın tam pafossuz, heç bir bəzək-düzəksiz olay olduğunu gördük, dünyaya göstərdik. Göstərdik ki, ən böyük vətənpərvərlik öz işini ustalıqla icra etməkdir, işinə məsuliyyətlə yanaşmaqdır. “Embraer 190”ın ekipaj heyətinin sayəsində yeni qəhrəmanlıq tariximiz yazıldı. Deməli, yalnız müharibə meydanında mübarizə aparmırıq, bütün meydanlarda varıq.
Nəhayət, “Hər şey yaxşı olacaq” demişdi igid təyyarə bələdçimiz Hökumə Əliyeva. Onun titrək səsində böyük ümid sorağı var. O səs ölümə meydana oxuyan çağırışdır. İnsan ağlının almayacağı müqəddəs bir çağırışdır o səs. Əlbəttə, ölümlə üz-üzəykən bu çağırışa cəsarət edən Vətən övladlarının yetişdiyi ölkə üçün hər şey yaxşı olmalıdır. Bəli, hər şey yaxşıdır və daha yaxşı olacaq. Buna əminik! Təyyarəmiz endi, Vətənimiz yüksəldi! Daim yüksəklərdə olaq!
Əvəz RÜSTƏMOV
XQ