Onlar çox maraqlı, həm də təhlükəli peşənin sahibləridirlər. Bu təhlükəyə görə kaskadyorları minaaxtaranlara bənzədənlər də var. Azərbaycanda kaskadyorluğun tarixi elə də qədim deyil. Bu ifadə leksikonumuza ötən əsrin 80-ci illərinin sonlarında gəlib. İlk kaskadyorumuz Əli Məmmədov olub. Onunla özülünü qoyduğu sahənin bugünündən və gələcəyindən söhbət etdik.
C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının ilk peşəkar kaskadyoru, Əməkdar mədəniyyət işçisi Əli Məmmədovun arzusu Azərbaycanda kaskadyorluq məktəbi yaratmaqdır.
– Bilirik ki, uşaqlıqdan peşəkar idmançı olmusunuz. Sonradan rəssamlıq məktəbində təhsil almısınız. Bəs, necə oldu kaskadyor oldunuz?
– Haqlısınız. İdmanın çox növü ilə məşğul olmuşam. Marafon, voleybol, basketbol, futbol... hamısına getmişəm. Həm də çox dəcəl uşaq idim, həmişə istəyirdim harasa dırmaşım. Təhlükəli yerlərə çıxırdım, hərdən zədə alırdım, amma sağalan kimi yenə davam edirdim. Özüm üçün ekstrim kino səhnələri qururdum, obraz yaratmağa çalışırdım, amma ağlıma gəlməzdi ki, bu, elə kaskadyorluqdur. Təsəvvür edirdim ki, aktyor kimi kinoya çəkilirəm. Rəssamlıq məktəbinin sonuncu kursunda oxuyurdum. Bir gün dərsdən gələndə gördüm ki, Nizami küçəsində film çəkilişləri gedir. Yaxınlaşıb soruşdum ki, aktyorluq bacarığım var, kimə müraciət edim? Dedilər yaxınlaşın “Azərbaycanfilm” kinostudiyasına, sizi çəkilişlərə cəlb edərik. Kaskadyorluğa yolum belə başlandı.
– Belə çıxır ki, kaskadyorluq təhsilini idmanda almısınız?
– Bəli. Kaskadyor kimi işə başlayandan sonra müxtəlif tryukları məşq etməklə püxtələşdim. Qırğızıstanda Kaskadyorlar Assosiasiyasının nəzdində təlimlərə getdim, peşəkar kaskadyor lisenziyası aldım.
– Nə vaxtsa bu peşəni seçdiyinizə görə peşman olmusunuzmu?
– Heç vaxt peşman olmamışam. Yeni filmlər, yeni mövzular, fərqli tryuklar, ...işim çox maraqlıdır. Təbii ki, həm də təhlükəlidir. Bu işi sevərək görmək lazımdır. O zaman təhlükəsi də ötüb keçir. İnsan gərək işindən zövq alsın. Zövq alaraq gördüyün işi həm də peşəkarlıqla yerinə yetirəndə nəticə maraqlı olur.
– Filmoqrafiyanızda maraqlı ekran əsərləri var. Onların hansında çəkildiyiniz epizodu unuda bilmirsiniz?
– Unudulmaz epizodlar çoxdur. Ceyhun Mirzəyev “Fəryad” filmini çəkəndə mən Qarabağda döyüşlərdə idim. Rəhmətliyin xahişi ilə mənə 15 günlük məzuniyyət verdilər. Çəkilişlər o vaxtkı Goranboy rayonunda aparılırdı. Çətin şəraitdə işləyirdik, işıq, qaz yox, hər tərəf darmadağın. Amma yaradıcı heyət böyük həvəslə, yanğı ilə işləyirdi. Elə bil, bir cəbhə də çəkiliş meydanında açılmışdı. Biz onu düşünərək işləyirdik. Rejissor Teymur Bəkirzadə ilə bir neçə film işləmişik. Bir filmdə xüsusi təyinatlı zabit təyyarədən kilsənin damına, oradan da yerə hoppanmalı idi. Söhbət 90-cı illərdən gedir, o vaxt texniki imkanlar aşağı səviyyədə idi. Tullanırdım, amma yerə çatmamış qoruyucu ip məni saxlayırdı. Çox təhlükəli məqamlar yaşadım, hər dəfə ip məni hesablanmış məsafədən yuxarıda saxlayırdı. Havada asılı qalmaq çox təhlükəlidir. Sonuncu kadrda, üstəlik, yaxınlıqda oynayan kənd uşaqları başladılar məni sapandla vurmağa. Bunu heç kim görmürdü, qışqırıram ki, uşaqları qovun, amma səsimi eşitmirdilər. Kranın qarmağından bərk-bərk yapışmışam o da barmaqlarımı kəsir. Kilsənin damındakı dəmirlərin kənarları bədənimi kəsmişdi. O çəkiliş yadıma düşəndə sağ qalmağıma şükür edirəm.
– Kaskadyorların oyunundan onları tanımaq olurmu? Məsələn, “Cavad xan” filmində kimliyiniz hansısa əlamətlə seçilirmi?
– Yox, kaskadyoru fərqləndirmə nişanı deyilən bir şey yoxdur. Filmdə bizi tanımaq olmur. Axı, bir filmdə neçə epizodda çəkilirik, özümüzü fərqli görkəmlərə salırıq. Özüm göstərməsəm ki, filan yerdə çəkilən mənəm, heç kim tanımaz. Əsas odur ki, hərəkətlərimiz yadda qalsın.
– Xarici filmlərdə çəkilməyə dəvətlər almısınız. Hansı ölkələrdə və hansı filmlərdə işləmisiniz?
– Amerika, Türkiyə, Gürcüstan, Almaniya, Fransa filmlərində işləmişəm. Hind filmlərində çox tryuklər etmişəm. Rusiya filmlərində də dəfələrlə çəkilmişəm. Özbəkistanda öz qrupumla bərabər işləmişik. İndi də çəkilirəm. Əsas məqsədim bu sahəni Azərbaycanda inkişaf etdirməkdir.
– Filmdə əvəzlədiyiniz məşhur aktyorlar kimlər olub?
– Xalq artisti Fəxrəddin Manafovu bəzi filmlərdə əvəz etmişəm. Amerika filmlərində tanınmış aktyorların əvəzinə oynamışam. Rüstəm İbrahimbəyovun senarisi ilə Hollivudda çəkilmiş “Dağıdılmış körpü” filmində bir neçə məşhur aktyorun əvəzinə tryukları yerinə yetirmişəm...
– Bu gün “Azərbaycanfilm”də kaskadyorluq hansı səviyyədədir?
– Azərbaycan kinosu özü hansı səviyyədədirsə kaskadyorluq sənəti də elədir. Son vaxtlar az da olsa film çəkilir, amma orda kaskadyora ehtiyac olmur. Filmlərin büdcəsi kasaddır, tryuk səhnələri isə böyük büdcəli filmlərdə olur. İstərdim ki, Azərbaycanda tammetrajlı, tarixi mövzuda filmlər çəkilsin. Tariximiz lazımi qədər ekrana gətirilməyib. Halbuki, buna çox böyük ehtiyac var. Hazırda qrupumla xarici ölkələrdə, əsas da Hindistan filmlərində işləyirik.
– Sizi Azərbaycanın ilk peşəkar kaskadyoru kimi tanıyırıq. Gələn il 60 yaşınız tamam olacaq. Ötən illərdə öz məktəbinizi yarada bilmisinizmi?
– Ömrümün 36 ilini bu sahəyə həsr etmişəm. Yenə öz üzərimdə işləyirəm, çalışıram ki, Azərbaycan kaskadyorluq sənəti başqa dövlətlərdəkindən geri qalmasın. Heç geri qalmırıq da. Amma onların maddi imkanları yüksək olduğundan istənilən texnikanı əldə edə bilirlər. Mən isə bunun üçün illərlə çalışıram. Qazandığım qonorarın çoxunu avadanlığa verirəm ki, Azərbaycanda bu sənət axsamasın. İllərdir öz məktəbimi açmağa çalışıram. Bunun üçün ayrıca ərazi, məktəbin sahəsi, avadanlığı olmalıdır. Yenə ümid edirəm ki, nə vaxtsa kaskadyorlar məktəbi açacam. Bu dünyadan heç kim özü ilə heç nəyi aparmır. Kaskadyorlar məktəbini yarada bilsək, Azərbaycan üçün iş görmüş olarıq. Hər kəs öz sahəsində bunun üçün çalışmalıdır. Biz getsək də qurduğumuz, gördüyümüz işlər qalsın.
Ramilə QURBANLI
XQ