XX əsr Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri də söz ustadı şair, publisist Məmməd İsmayıldır. Danılmaz istedadı, cəsarətli sözü ilə çağdaş Azərbaycan ədəbiyyatının ustad nümayəndələrindən biri sayılan şairin şeirləri onillərdən bəridir ki, bədii zövqümüzü formalaşdırır, mənəvi dünyamızı zənginləşdirir. Onun ana dilimizin şəhdinə-şirəsinə bələnmiş misralarını, bəndlərini çoxumuz əzbər bilirik. Poeziyasından söz düşəndə qələmdaşları şairin öz dilindən aldıqları bir misranı ürəklə misal gətirirlər: “Bir adam yol gedir bizdən qabaqda...”
Dilimizdə “Ana əlləri”, “Dünyaya baxıram”, “Axşamlar, səhərlər”, “Söz vaxtına çəkər”, “Qoymayın dünyanı adiləşməyə”, “Baxtıma düşən gün”, “Hələ yaşamağa dəyər”, “Döyüş, qələbə”, “Dünya bizim evimizdir”, “Aman təklik əlindən”, “Ümiddən asılan qılınclar”, “Yaş altmışa dayandı”, “Yoxun varlığı”, “Poemalar”, “Yetmişdən sonra”, “Gəlməyə vaxtmı tapdın, səksən yaşım”, “Arzuların yolu” kimi 30-a qədər, rus, alman, fransız, yapon, macar, qazax və başqa dillərdə 20-yə yaxın şeir kitabının müəllifidir. “Söz vaxtına çəkər” və Moskvada çap olunmuş “Zyorna speloqo qranata” kitablarına görə Respublika Komsomolu mükafatına, “Yerlə göy arasında” kitabına görə Ostrovski adına Ümumittifaq mükafata layiq görülüb.
Məmməd İsmayıl 1939-cu ildə Azərbaycanın Tovuz rayonunda dünyaya gəlib. 1957-ci ildə orta məktəbi, 1964-cü ildə Azərbaycan Dövlət Universitetini, 1975-ci ildə Moskvada SSRİ Yazıçılar İttifaqı nəzdindəki ikiillik Ali Ədəbiyyat kursunu bitirib. 1998-ci ildə filologiya elmləri namizədi, 2013-cü ildə Türkiyənin Çanaqqala, On səkkiz Mart Universitetində professor dərəcəsini alıb. Şair Azərbaycan Yazıçılar Birliyinin katibi, dəfələrlə idarə və rəyasət heyətlərinin üzvü olub. Fransa Elm, Sənət və Ədəbiyyat və Ukrayna Ali Təhsil akademiyalarına həqiqi üzv seçilib. Bir çox xarici ölkənin ədəbiyyat ensiklopediyalarında ədəbi fəaliyyəti ilə bağlı məqalələri nəşr edilib, həyat və yaradıcılığı haqqında (Azərbaycanda və Türkiyədə) yüksək lisans və doktorluq dissertasiyası yazılıb. Dünyanın 30-dan çox ölkəsində keçirilən konfrans və şeir festivallarında türk və Azərbaycan ədəbiyyatlarınıı layiqincə təmsil edib. İtaliyada və Rumıniyada yayımlanan “Dünya Şeir Antologiyası”nda Azərbaycan şeiri onun əsərləri ilə təmsil olunub.
Ömrünün 30 ilini qardaş Türkiyədə yaşayıb-yaratmış görkəmli şairimizin özünəməxsus ədəbi və publisistik nümunələri ünlü nəşriyyatların buraxdığı 15 kitabda türk dilində işıq üzü görüb. “Bu qan yerdə qalan deyil”, “Türkün sevgisi”, “Dillən, telli sazım”, “Unutduğun yerdəyəm”, “Yelə bir şey söyləmişdim”, “İz” və digər kitablar bu sıradandır.
Bu sətirlərin müəllifi də bir zaman Məmməd İsmayılın rəhbərlik etdiyi dövlət televiziyasında çalışıb və şairi dəyərli məmur kimi də tanıyıb. Hansısa müəllifin zəif teleproqramı olanda birbaşa sual edirdi: “Sənin nə haqqın var ki, tamaşaçının ömrünün 1 saatını zəif verilişinlə məşğul edib onun əlindən alasan?” Yaxşı verilişləri isə Məmməd müəllim ürəkdən təqdir edirdi. Xalq yaradıcılığına, ədəbiyyata aid proqramlara qarşı daha tələbkar idi. İstəyirdi ki, verilişlər sadəliyi, orijinallığı ilə seçilsin, yadda qalsın...
Məmməd İsmayıl hazırda Azərbaycandadır, sağlıq durumu ilə bağlı müalicə alır. Şairin bu qayğılarını Heydər Əliyev Fondu tamamilə öz üzərinə götürüb. Redaksiyamızın tapşırığı ilə bugünlərdə şairə baş çəkərək ondan “XalqTV” üçün müsahibə aldıq. Həmin söhbəti təqdim edirik.
Görkəmli şairlə duyğular işığında
Uzun illər Azərbaycan mətbuatında çalışan, qələmə, sözə dəyər verən bu sinədəftər şairimizin səhhəti ilə bağlı yayılan xəbərlər məni də məyus etmişdi. Qızı İntizar xanımla tez-tez əlaqə saxlayırdım. Fürsət düşən kimi ondan müsahibə almağa şərait yaratmasını xahiş etmişdim. Nəhayət, bu imkan yarandı. Ürəyi dolu olan şairlə söhbətimiz elə onun yaşadığı mənzildə baş tutdu.
– Necəsiniz, Məmməd bəy?
– Şükür, indi yaxşıyam. İnsanın taleyini bilmək olmur. Birdən-birə ayaqlarım tutuldu. Sağ olsun həkimləri, bacardıqlarını edirlər. Qızım, qocalıq elə bir gəlişdir ki, onun ağrısına da, acısına da dözməlisən. İndiyədək nə yazmışam, nə yaratmışam, hamısı ortalıqdadır. Düşünürəm ki, bunlar məni əbədi olaraq söz dünyasına bağlayıb. İnsanın özündən asılı olmayaraq qocalığa doğru bir ömür yaşayıb, iz qoyması da, mən deyərdim ki, xoşbəxtlikdir.
Təsəvvür edin, atam müharibədə həlak oldu. Anam bir saçını ağ, bir saçını qara hördü. Çabalaya-çabalaya bir Məmməd böyütdü. Yetimlik mənim yol yoldaşım olub. Atamı o qədər arzulamışam, yolunu elə gözləmişəm ki… Bizim kəndə gələn el yoluna baxmaqdan gözlərim qaralırdı. Mənim bir şerim var. Deyirəm: “Yaşaya bilməzdi yetim bu qədər”. İllər boyu yaşamaq nədir sualına asfalt yola çıxanda cavab tapırsan və deyirsən ki, deməli, Məmməd də 80 yaşa gəlib çıxa bilərmiş. Atamın yoxluğunu mənə unutdurmağa çalışan, bütün gəncliyini mənə qurban verməyə hazır olan elə bir anam var idi ki, onun varlığını, mənim ömrümə ömür calamağını sözlə ifadə etməyə çətinlik çəkirəm...
Sözün bu məqamında xatırlatdıq ki, elə ilk kitabının adı da “Ana əlləri” olub. Şairin gözləri doldu. Məmməd İsmayıl ürəklərdə əbədiləşən ana həsrətli duyğularla ağladı. Sonra bir qədər toxtayıb davam elədi:
– Mənim anam kəndin ən gözəl qadını idi. O, evlənib ailə qura bilərdi, çoxlu övladlar dünyaya gətirərdi… Amma gözümün qabağında ömrünü əridə-əridə qarıya döndü. Mən bu taleyimi heç vaxt unuda bilmərəm. Anam deyirdi: “Yetər ki, sən böyü, Məmməd kimi bu evin, bu qapının dirəyinə dirək bağla”. Bu sehrli kəlmələr məni ürəyibütöv böyütdü. Qolumu, qanadımı sınmağa qoymadı. Məni daha da müdrikləşdirdi, Məmməd İsmayıl imzasına yetişdirdi. Şairlə şair, alimlə alim olan Gülzar anamın dahiliyi qarşısında bu gün də sanki imtahan verirəm.
– Sizcə, söz nədir?
– Söz məni dəli edəcək qədər gözəl bir hissdir. Şeir yazanda söz fırtına kimi dolur içimə. Söz olmasaydı, Məmməd İsmayıl da olmazdı. Söz mənə Allah payıdır. İlk şerim rayon qəzetində çap olunub. Mənim əvəzimə sanki anam imtahan verirdi. Onun nələr keçirdiyini görmüşəm. Anamın duaları ilə şeirlərim də dil açıb. Gücümə güc qatan, ömrümə ömür qatan bir ananın sevgisi mənə tükənməyən şair ömrünü bəxş etdi. Mən onun qanadları altında kövrək çiyinlərimi zamanla üz-üzə qoydum və qalib çıxdım. Necə yaşamışam, necə yaratmışam, sözümün gücü mənim varlığımı qoruyub saxlayıb – bu suallar bu gün mənim üçün yenə möcüzəli bir həyatın yaşantılarıdır…
Mən 17 yaşlı dəliqanlının şeir dəftərini indi də xatırlayıram. Kəndə gedəndə arzulayıram ki, ağacdələn qapımı döysün. Amma çox təəssüf ki, ağacdələn daha qapımı döymür. Onun döydüyü qapı taxta qapı idi. Günah məndədir ki, taxta qapını dəmir qapı ilə əvəz etmişəm… İnanın, televiziyalar kənddə olarkən hər şeyi olduğu kimi çəkmişdilər, amma elə bir fakt vardı ki, bunu işıqlandırmağın fərqinə belə varmamışdılar. Evimin qapısı ilə üzbəüz bir mazutlu elektrik dirəyi var idi. Bax, həmin dirəkdə ağacdələn yuva qurmuşdu. Ağacdələnlər oradan mənim qapıma baxırdılar. Bir dəfə Sabir Rüstəmxanlı ilə bizə getmişdik. Həmin mənzərəyə baxıb başını tutdu, dedi, belə şey ola bilərmi? Dedim, olsa da, olmasa da, gördüyün həqiqətdir, möcüzədir. Ağacdələnlər o dirəyi 3 yerdən deşib, özlərinə yuva qurmuşdular. Pəncərəmə tərəf baxırdılar. Ağacdələnlər balaları ilə birgə mənimlə üzbəüz yaşayırdılar. Gəlib mənim qapımı döyürdülər. Amma yenə də deyirəm, o vaxt mənim qapım taxtadan idi. Sonra o evi söküb, başqa bir ev tikdim. Dəmir qapıya daha ağacdələn gəlmədi.
– Məmməd bəy, söz taxta qapı ilə dəmir qapı arasında qalanda siz hansı tərəfə doğru gedərdiniz?
– Taxta qapıya tərəf gedərdim. Mən Tovuzun Əsrik-Cırdaxan adlı uzaq bir dağ kəndindənəm. Səmimi deyirəm, yoxsul bir daxmadan çıxmış adamam, taxta qapını seçərdim. Mən sözün quluyam. Gerçək budur. Bu anlamda deyirdim: “könlüm söz mülkündə elə ağacdır ki, meyvəsi sinəmdə, kökü sinəmdə.” Həqiqətin qapısı taxta qapının sehrindədir. Ona görə də imkanım olsaydı, ağacdələnin həyatını filmlərə çəkərdim. “Ağacdələn, döy qapımı” şerim bu möcüzənin etirafıdır. Ağacdələnlərlə beləcə çox söhbət etmişəm. Söz dünyasına ağacdələnlərin ismarıcını çatdırmışam.
Çox təəssüf ki, bu gün söz öz hökmranlığını itirib. Söz böyük müharibələrlə, ədalətsiz dünya arasında əlacsız qalıb. Nə yazıq ki, hiyləgər dünya elə bir silahlar çıxardı ki, sözün sürətinin qarşısını aldı. Biz belə bir zamanda yaşayırıq. Amma, nə olur-olsun, sözün bu dünyada ayrıca bir anlamı, yeri var. Füzuli dədəmiz demiş: “Söz yoxdan var olmaqdır!”. Söz ən qanlı müharibələri bitirəcək bir gücə malikdir.
– Moskvadakı təhsil illəriniz, həmin mühit sizə nə verib? Söz dünyasında qazancınız nə oldu?
– İndiyə qədər bu sualı heç kim verməyib mənə. Amma mən bu sualı çox gözləmişəm. Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun nəzdində yüksək ali ədəbiyyat kursları var idi. Etiraf edim ki, Moskva mühiti bugünkü Məmməd İsmayılın yetişməsində çox böyük rol oynayıb. Nə yaxşı ki, Allah mənə o imkanı verdi, 2 il orada yaşaya bildim. Mən Moskvaya gedəndə bir başqa cür Məmməd İsmayıl idim, qayıdanda isə tamam başqa cür Məmməd İsmayıl oldum. Səbəbi nə idi? Çünki Bakıda sovet rejiminin gücündən hər şey yasaq olanda Moskvada estetika müəllimimiz Kremlin qulağının dibində bağıra-bağıra Sovet rejiminin yalanlarını bizə diktə edirdi. Sovetlər Birliyinin dağılmasında Moskva ədəbi mühitinin rolu əvəzsizdir. Bax, mən o məktəbdən böyük, mənəvi gücümü almışam. Müəllimimiz bizə deyirdi ki, niyə qorxa-qorxa mənə baxırsınız, məgər mən yalan deyirəm? Söz cəbhəsində formalaşmağım həmin illərdən başladı. Daha doğrusu, sözümü deyəndə qorxmadım, çəkinmədim. Bu mühiti yaradan Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun söz nəhəngləri idi. “Leninsiz bir Leninizm” kəlamlarını mən o müəllimlərdən öyrənmişəm. O insanlar bizə cəsarətlə yazmağı öyrədib. Şair sözünün sahibi olmasa, cəmiyyət ona inanmayacaq. Məmməd İsmayılı yetişdirən mühit Moskva ədəbi mühitidir. O təlatümlər dövrü mənə cəsarət verdi.
Tale elə gətirdi ki, mən dövlətin etibarı sayəsində məmur vəzifəsinə irəli çəkildim. Çoxları elə fikirləşdi ki, mən həqiqəti deməkdən çəkinəcəyəm. Amma fikirləşdim ki, ay Məmməd, sən niyə dəyişməlisən ki? Allah sənə bu imkanı verib. Sən yetim oğlansan. “İşıq” nəşriyyatının direktoru, Azərbaycan və rus dillərində çap olunan “Gənclik” və “Molodost” jurnallarının baş redaktoru, eləcə də AzTV-nin sədri kimi yüksək vəzifələr daşıyırsansa, bu, Allahın sənə mükafatıdır. Ona görə də Məmməd İsmayıl olaraq xalqına xidmət etməlisən! Olduğun kimi varlığını sübut etməlisən. Allahın verdiyi imkanlardan dövlətin və xalqın naminə yararlanmalısan ki, sona qədər peşman olmayasan.
Çox xoşbəxtəm ki, şərəfli bir ömrə imzamı qoydum. Mənə etimad göstərilən məmur vəzifələrində həqiqətin arxasında duran Məmməd İsmayıl oldum. “Gənclik” jurnalını övladlarım qədər sevmişəm. Sovet rejimində cəsarətlə bu jurnalda elə yazılar verirdim ki, jurnalın hər nömrəsi əl-əl gəzirdi. Çünki hər səhifəsi xalqın, millətin nəfəsindən yoğrulurdu. 300 min tirajla nəşr olunan jurnalı köşklərdən tapmaq mümkün deyildi.
Bu gün ömrümün belə bir çağında o illərə nəzər salanda qürur hissi keçirirəm ki, Məmməd, sən sözün qüdrətini yaşatmağı bacarmısan. Sözünün, hər sətrinin altından xətt çəkmisən. Məmməd İsmayıl imzasını yaşatmısan. İçimdə bir hiss var idi ki, Azərbaycanda birisi bunu etməlidir. Yəqin ki, Allah-Təala bunu mənə bəxş edibdir. İnanın ki, mənə hər cür zərbənin də qarşısını Tanrı özü alırdı. Doğrudan da, insan taleyi bir möcüzədir. Mən belə bir ömrün Məmməd İsmayılıyam. Yetim Məmməd İsmayıldan məmur Məmməd İsmayıla qədər böyük bir yol keçmişəm. Amma əqidəmə, cəsarətimə sadiq qalmışam. Gülzar anamın qabarlı əlləri məni həyatın bütün sərtliklərinə dözməyi öyrətmişdi.
Ey mənim taleyim, sən məni haralardan-haralara gətirib çıxardın? Səndən indi çox narazıyam. Qocalıq, üstəlik də xəstəlik imkan vermir ki, ürəyimdəkiləri qələmə ala bilim.
– Çox düzgün dediniz, Azərbaycan tarixin ən qürurlu günlərini yaşayır. 30 ilə yaxın işğal altında olan Qarabağ torpaqlarımız 44 günlük Vətən müharibəsində azad edildi. Belə bir Müzəffər Ordumuz üçün yazıb-yaratmaq qələm əhlinin üzərinə düşən ən böyük vəzifədir desəm, yəqin ki, mənimlə razılaşarsınız. Bu mənada nə yazmaq istərdiniz?
– Qızım, mən yazmayıb da, kim yazmalıdır? Axı mən bu Vətənin şair övladıyam. Tarixin belə qürurlu anlarını yaşamaq hər millətə, hər xalqa qismət olmur. Misilsiz bir qələbəyə imza atmışıq. Yeri-yurdu olmayan erməni daşnakları axır ki, layiq olduqları cavabı aldılar. Biz haqlı mübarizəmizdə tarixi torpaqlarımızı geri aldıq. Bir xalq olaraq, sübut elədik ki, övladlarımızı gözüqıpıq böyütməmişik. 44 günlük döyüş Azərbaycan gənclərinin necə qorxmaz, qəhrəman olduğunu cahana sübut etdi.
Mən Tovuzda böyüdüyümə görə həmişə o torpaqların qədir-qiymətini daha çox dərk etmişəm. Çünki biz tarixi İrəvan torpaqları ilə, Göyçəmizlə həmsərhəd olmuşuq. O torpaqlar bizim ata-baba yurdumuzdur. Böyük Türk dünyasının bir ucu Kıprısdan başlayıb, Altaylarda qurtarır. Mən bu böyüklüyü – Türkün qüdrətini necə vəsf etməyim?! İlham Əliyev edilə bilməyəcəkləri edə bildi. İlham Əliyev özünün gücünə inandı. Onun qarşısına kimsə çıxa bilmədi. İlham Əliyev Türkün gücünü bütün dünyaya göstərdi!
Bəli, elə bir gün gəldi ki, ölkənin başçısı da cavan oldu, Müzəffər Ordumuzda döyüşənlər də gənclər oldular. Dünya hərb tarixinə yeni bir dönəm yazıldı. Qarabağın Azərbaycan torpaqları olması tarixi və hüquqi qiymətini aldı. Sevincim sonsuzdur. Çox təəssüf ki, hazırda xəstə olduğuma görə səhhətim qələmimə də xəyanət edib məni yazmağa qoymur. Hərdən bu barədə fikirləşəndə xəstəliyə üsyan qaldırmaq istəyirəm. Ona görə də bu günlər öz-özümü çox qınayıram. Axı mən illər boyu bu qələbənin həsrətində olmuşam. Ona görə də sağalan kimi mütləq Zəfərimizi tərənnüm edən böyük bir əsər yazacağam.
– İnşallah! İnanırıq ki, hələ çox illər yazıb-yaradacaq, Vətəni tərənnüm edəcək, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə, mənəvi ucalığına bədii töhfələr verəcəksiniz.
– Çox sağ olun ki, bu ağır xəstə günlərimdə ruhuma yenidən can verdiniz. Mənə dəyər verdiniz. Etiraf edirəm ki, “Xalq qəzeti”nin və “XalqTV”-nin bu gün bura gəlməyi mənə çox böyük ruh yüksəkliyi bəxş etdi. Sizə bir kollektiv olaraq böyük yaradıcılıq uğurları arzulayıram. Hər zaman xalqın içində “Xalq qəzeti” kimi var olasınız!
Kəmalə ABDİNOVA
XQ