Dədə Ələsgərin irsi ulu yurda səsləyir

post-img

Qərbi Azərbaycan çoxəsrlik milli mədəniyyətimizin ulu qaynaqlarından biridir. Tarixən xalqımıza bir çox qəhrəmanlar və elm-mədəniyyət xadimləri bəxş etmiş bu torpağın Aşıq Ələsgər kimi bir dahi yetirməsi bu qədim türk yurdunun necə zəngin bir mədəniyyət üzərində dayandığının parlaq göstəricisidir. 

Qarabağ Zəfərimizdən sonra Qərbi Azərbaycana Qayıdış hərəkatının aktual­laşması isə bir daha göstərir ki, bu tarixi mahallardan vəhşiliklə qovulmuz soydaş­larımızın doğma yurdlarına qayıtması əzəli insanlıq haqqı olmaqla yanaşı, həm də qar­şısıalınmaz bir prosesdir. Son 2 ildə Qər­bi Azərbaycanın qonşuluğunda yerləşən Naxçıvanda festival-konqreslərin, ölkəmi­zin hər yerində qaçqın icmalarının müxtə­lif yaddaş tədbirləri təşkil etməsi qayıdış hərəkatını fəallaşdırır. 

Mədəniyyət Nazirliyinin və Dədə Ələs­gər Ocağı İctimai Birliyinin bu yaxınlarda birgə keçirdiyi “Mədəniyyətimizin zəngin­ləşməsində Aşıq Ələsgər amilindən istifa­də mexanizmi” elmi konfrans bu baxımdan təsirli və səfərbəredici məclis oldu. Mən də bu toplantıya yaşayıb-çalışdığım Moskva şəhərindən qoşuldum. Bildirdim ki, mə­dəni irsimizin zənginləşməsi və inkişafına Aşıq Ələsgər fenomeninin təsiri və ondan istifadəsi kimi geniş, maraqlı və böyük əhəmiyyət daşıyan mövzunun müzakirə­si müasir tariximizdə baş verən proseslər üçün xüsusi məna kəsb edir. 

Dədə Ələsgər möcüzələrlə dolu yara­dıcılığının dərinliyinə, rəngarəng çalarına, poetik dəyərinə görə təkcə Azərbaycan­da deyil, Türk, İslam dünyasında, haqlı olaraq, aşıq poeziyasının zirvəsi sayılır, ədəbi-bədii irsimizə ən yüksək estetik me­yarlarla yüksək məzmun qazandırmışdır. Təsadüfi deyil ki, Ələsgər poeziyası müd­rikliklə, bəşər idrakının kamilliyi ilə çalxa­lanan dərin, möcüzəli bir ümman olaraq Vətənin müqəddəsliyini, ana dilimizin saf­lığını, hüdudsuz ifadə imkanlarını özündə ehtiva edir.

Aşıq Ələsgər yaradıcılığı Azərbaycan aşıq sənətinin ümumbəşəri dəyərlər sıra­sında qorunan dünya qeyri-maddi mədəni irs nümunələri siyahısına salınmış, əsər­ləri dövlət varidatı elan edilmişdir. Aşıq Ələsgər ədəbiyyatımızda yeganə poeziya dühasıdır ki, Azərbaycan klassik və aşıq yaradıcılığının bütün formalarında şeir nü­munələri qoyub getmiş, yeni çoxsaylı for­malar yaratmışdır.

Keçən əsrin birinci yarısında yaranıb bu günə qədər inkişaf edən, Dədə Ələs­gər fenomeninin sirrini-sehrini açmağa yönələn ələsgərşünaslıq Hümmət Əlizadə, Məmmədhüseyn Təhmasib, Həmid Araslı, Əhliman Axundov, Yaşar Qarayev, İslam Ələsgər, Qara Namazov, Hüseyn İsmayı­lov kimi ədəbiyyatşünasların tədqiqatları ilə zənginləşmişdir. Bu sıraya son vaxtlar Fəxrəddin Salim, Nağdəli Zamanov, Adilə Nəzərova, Salman Balakişiyev kimi araşdı­rıcıların da qoşulmasına baxmayaraq, hələ də bu əzəmətli xəzinə tükənməz sərvəti ilə yeni tədqiqatlara mövzu olaraq qalır.

Aşıq Ələsgərin anadan olmasının 200 illiyi ilə bağlı yubileyin qeyd edilməsi haqqında Prezident sərəncamının həyata keçirilməsi bütün bölgələrdə ümumxalq bayramına çevrildi. Dədə Ələsgərə Bakıda heykəl qoyulması, adına ozan evi yaradıl­ması, gəmiyə onun adının verilməsi, əsər­lərinin akademik nəşrinin hazırlanması kimi məsələlərin gündəmə gəlməsi də bu fenomenin dəyərini və ondan istifadənin gərəkliyini ifadə edir. Bu sahədə “Qərbi Azərbaycan icması”nın, “Dədə Ələsgər ocağı ictimai birliyi”nin və hər birimizin üzərinə ciddi məsuliyyət düşür.

Aşıq Ələsgər şəxsiyyəti və yaradıcılığı Qurani Kərimin, Vətənin, dilimizin, milli adət-ənənələrimizin gözəlliklərini dərin­dən anlamaq üçün müasir dövrümüzdə də hər birimizin, xüsusilə gənclərimizin zeh­ni, ruhi, mənəvi, əxlaqi tərbiyəsində mü­hüm rol oynayan amillər kimi daim diqqət mərkəzində olmalıdır. Dədə Ələsgərin müqəddəs ruhu, vergili şəxsiyyəti, hikmət­li poeziyası və xalqımızın bu dəyərlərə də­rin bağlılığı ölkə Prezidentinin uzaqgörən siyasəti ilə aktuallaşmış Qərbi Azərbayca­na Qayıdış hərəkatına mənəvi dəstək qa­zandırır, soydaşlarımızın itirilmiş dədə-ba­ba yurdlarımıza qovuşacağına dərin inam və əminlik yaradır!

Ələddin ALLAHVERDİYEV,
professor 

Moskva



Sosial həyat