“Açıq kitabxana”

post-img

Azərbaycan Milli Kitabxanasının nəzdində fəaliyyət göstərən “Açıq kitabxana”ya dahi şairimiz Nizami Gəncəvinin məşhur misralarını xatırlaya-xatırlaya daxil oldum:

Dünyada nə qədər kitab var belə, 

Çalışıb, əlləşib gətirdim ələ.

Oxudum, oxudum, sonra da vardım,

Hər gizli xəznədən bir dürr çıxardım...

Kitabxananın işıqlı guşələrinə nəzər saldıqca deyilənlərin həqiqə­tinə bir daha vardım. Qəribə, xoş bir aura idi. Kitab aləminin işığı elə bil sifətlərə çökmüşdü. Kitablar oxucu­ların simasında yeni bir doğmalıq hücrəsi, oxucularsa burada çalışan insanları özlərinə yeni dost, sirdaş tapmışdı elə bil...

“Açıq kitabxana” 2016-cı ilin iyul ayında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Milli Kitabxanasının birgə layihəsi əsasında yaradılıb. Fa­siləsiz və sərbəst mütaliə imkanları məqsədinə xidmət edən kitabxana 24 saat fəaliyyət göstərir.

Bizimlə söhbətində “Açıq kitab-xana – sərbəst mütaliə” bölməsinin müdiri Lalə Salahova qeyd etdi ki, kitabxana bütün yaş kateqoriyaların­dan olan oxucular üçün açıqdır və heç bir məhdudiyyət yoxdur. 

– Burada “Uşaq guşəsi”, “Mən oxudum, sən də oxu”, “Dövri mətbu­at” və “Milli musiqi” guşələri fəaliy­yət göstərir. “Uşaq guşəsi”nə məktə­bəqədər və məktəbyaşlı uşaqlar öz valideynləri ilə birgə gəlir, kitablar və jurnallar, milli nəşriyyatların çap etdiyi, eləcə də oxucular və müəl­liflər tərəfindən Milli Kitabxanaya hədiyyə olunan əsərlərlə tanış olur­lar. Yerli və xarici müəlliflərin sehrli nağılları, müxtəlif süjetli hekayələr, “Hökmdarlar və sərkərdələr”, “Pre­zidentlər və dövlət xadimləri”, “Ta­rixi şəxsiyyətlər” və s. seriyalarla çap olunmuş silsilə kitablar kiçik yaşlı oxucularımızın marağına səbəb olur.

Kitabxanada “Mən oxudum, sən də oxu” devizi altında “Kitabı kitaba dəyişmə” guşəsi də fəaliyyət göstərir. Burada həm ictimai-siya­si məzmunlu ədəbiyyat, həm milli ədəbi nümunələr, həm də dünya ədə­biyyatının görkəmli nümayəndələri­nin əsərləri toplanıb. “Kitabı kitaba dəyişmə” guşəsi vasitəsilə hər bir vətəndaş özünə məxsus olan kita­bı təhvil verməklə oxumadığı yeni bir kitab əldə edə bilir. Mübadilə nəşrləri kitabxananın sosial şəbəkə hesabında annotasiya ilə oxuculara təqdim olunur. 

“Dövri mətbuat guşəsi”ndə oxucular üçün maraqlı jurnallar və qəzetlər toplanmışdır. Burada “Azər­baycan”, “Azərbaycan xalçası”, “Yada düşdü”, “İrs”, “Yazı” ədəbiy­yat dərgisi, “Ulduz”, “Mədəniyyət”, “Baku”, “Port Baku”, “Forbes.Life” jurnallarının və bir sıra qəzetlərin yeni nömrələri müntəzəm olaraq təq­dim edilir. “Milli musiqi guşəsi”ndə isə Azərbaycan bəstəkarlarının əsər­ləri, musiqi ədəbiyyatı və jurnallar toplanıb.

Lalə Salahova həmçinin qeyd etdi ki, kitabxanada mütaliə axşamla­rı, ayrı-ayrı yazıçı və şairlərlə görüş­lər keçirilir, onların yeni kitablarının təqdimat mərasimləri, “İmza günlə­ri” təşkil olunur. Məlum oldu ki, bir neçə gün öncə “Açıq kitabxana”da Milli Kitabxananın və “Azərbaycan gənclərinin inkişaf hərəkatı” ictimai birliyinin nəzdində fəaliyyət göstərən Kitab klubunun təşkilatçılığı ilə “Ki­tabın sirri” layihəsi çərçivəsində iste­dadlı gənc yazıçı Elvin İlqaroğlunun “Sən qəribə adamsan” kitabının təq­dimatı keçirilib. Bundan başqa, yazı­çı-dramaturq, “Qobustan” dərgisinin baş redaktoru Pərvin Nurəliyeva ilə görüşü və Eldar Hüseynovun “Ruhu­mun çağırışları” kitabının təqdimatını da qeyd edə bilərik.

Çağdaş dövrdə cəmiyyətdə belə bir fikir formalaşıb ki, gənc­lərin mütaliəyə marağı azalıb. Amma Lalə Salahova bu fikirlə razılaşmır: 

– Gənclərin mütaliə marağı çox yüksəkdir, – deyə o bildirdi. – Yay fəsli olduğu üçün vətəndaşların ra­yonlara üz tutması səbəbindən bu gün oxucu sayında azalma müşahi­də oluna bilər. Bununla belə, “Açıq kitabxana” geniş oxucu kütləsinə sahibdir. Hava şəraitindən asılı ol­mayaraq çoxsaylı oxucularla rastlaşa bilərsiniz. 

Həqiqətən də elə idi. Oxucu­ların iki-bir, üç-bir, ya da tək-tək buraya gəldiyinin şahidi olduq. 

Aynur HİLALİ

Mədəniyyət