ABŞ Hindistan–Rusiya əlaqələrinin genişlənməsinə qarşıdır
ABŞ Maliyyə Nazirliyi Hindistan banklarına xəbərdarlıq edir ki, Vaşinqton Rusiya müdafiə sənayesi ilə məşğul olduqlarına görə onlara qarşı sanksiyalar tətbiq edə bilər. Hindistan Banklar Assosiasiyasına göndərilən müraciətdə bildirilir ki, ABŞ-nin maliyyə departamenti Yeni-Dehliyə Rusiya ilə hərbi-texniki əməkdaşlıq çərçivəsində əməliyyatlar həyata keçirən Hindistan banklarını ABŞ sanksiyaları təhlükəsindən uzaqlaşdırmaq üçün 30 gün vaxt verir. Hindistan banklarının ABŞ-nin maliyyə sisteminə çıxışını itirmək riski ilə bağlı xəbərdarlıq bu ölkənin baş naziri Narendra Modinin Moskvaya səfərindən sonra atılan ilk belə addımdır və buna cavab olaraq ABŞ Rusiya-Hindistan tərəfdaşlığına qarşı çıxacaqlarını vəd edirlər.
Çərşənbə günü sənədin mətnini əldə edən “Reuters” agentliyi ABŞ maliyyə nazirinin müavini Uolli Adeyemo tərəfindən Hindistan Banklar Assosiasiyasının rəhbərliyinə göndərilmiş məktubu dərc edib. ABŞ Maliyyə Nazirliyinin bəyanatında deyilir ki, Vaşinqton Rusiya ordusunun kritik məhsulların, o cümlədən dəzgahların və mikroelektronikanın idxalına arxalandığı və onların bu əməliyyatlarla görə dəstək almaq üçün xarici maliyyə institutlarına müraciət etdiklərini bilir. Bununla əlaqədar olaraq, departament assosiasiyanı Hindistan banklarını ABŞ sanksiyalarının tətbiqinin mümkünlüyü barədə məlumatlandırmağa çağırır. Hindistan bankları bu xəbərdarlığa məhəl qoymasalar, o zaman sənəddən göründüyü kimi, Amerikada əməliyyat apara bilməyəcəklər. “Rusiyanın müdafiə sənayesi ilə məşğul olan hər hansı xarici maliyyə qurumu sanksiyalara məruz qala bilər və ABŞ-nin maliyyə sisteminə və ehtimal ki, digər maliyyə sistemlərinə çıxışını itirə bilər”, – cənab Adeyemo xəbərdarlıq edir.
ABŞ Xəzinədarlığından gələn məktubda Hindistan banklarına qarşı konkret şikayətlər yoxdur, ancaq Vaşinqtonun fikrincə, Amerikanın tərəfdaş ölkələrinin Rusiyanı “maddi və maliyyə alətlərindən” məhrum etmək üçün necə davranmalı olduğuna dair ümumi təlimatlar var. Bununla belə, Vaşinqtondan gələn xəbərdarlığın çox sərt və ultimatum kimi görünməməsi üçün məktubda Uolli Adeyemo bildirir ki, Birləşmiş Ştatlar Hindistanı aparıcı ticarət tərəfdaşlarından biri hesab edərək, onunla iqtisadi əməkdaşlığı inkişaf etdirməyə çalışır. Yeni-Dehli ilə işgüzar qarşılıqlı əlaqələrin vacibliyini vurğulayan ABŞ maliyyə nazirinin müavini son on ildə iki ölkə arasında ticarətin 110 faiz artdığını xatırladır.
Rusiya KİV-i yazır ki, Amerika Maliyyə Departamentinin Dehliyə göndərdiyi məktub ABŞ Prezidenti Co Baydenin ötən ilin dekabrında imzaladığı və Rusiyaya qarşı sanksiyaları sərtləşdirmək üçün nəzərdə tutulmuş fərmana əsaslanır. Ağ ev rəhbərinin Hindistan və digər ölkələri birbaşa qeyd etməyən sərəncamı Rusiya müdafiə sənayesinin maraqları naminə əməliyyatlar həyata keçirən üçüncü ölkələrin maliyyə institutlarına qarşı məhdudiyyətlərin tətbiqi imkanını nəzərdə tutur.
Bu, ilk dəfə deyil ki, Vaşinqton açıq şəkildə Yeni-Dehliyə Rusiya ilə əlaqələrinə görə narazılığını bildirir. Oxşar narazılıq Hindistanın baş naziri Narendra Modinin iyulun 8-9-da Moskvada olduğu və Rusiya Prezidenti Vladimir Putinlə görüşdüyü zaman da səsləndirilmişdi. ABŞ dövlət katibinin müavini Kurt Kempbellin o zaman demişdi ki, Hindistanın Rusiya ilə əlaqələri ABŞ–Hindistan texnoloji əməkdaşlığına mane olur. Amerikalı diplomatın sözlərinə görə, o, ABŞ-nin milli təhlükəsizlik müşaviri Ceyk Sullivanla birlikdə ölkəyə son səfəri zamanı Dehlidəki rəsmilər ilə, ilk növbədə, texnoloji və hərbi məsələləri müzakirə etmişdi.
Bununla belə, bəzi mütəxəssislər Hindistan banklarına qarşı tammiqyaslı cəza tədbirlərinin tətbiqi ehtimalına şübhə ilə yanaşırlar. Mütəxəssislərin fikrincə, bu, böyük ölçüdə Vaşinqtonun psixoloji təzyiq elementidir və ABŞ Hindistanı Çinin regionda təsir dairəsinin genişlənməsinə qarşı balanslaşdırılmış güc kimi nəzərdən keçirir. Buna görə də, total sanksiyaların tətbiqi Vaşinqton üçün bumeranq effekti verə bilər. Ancaq istənilən halda bundan sonra Hindistan bankları addımlarında daha ehtiyatlı davranmağa məcbur olacaqlar.
S.ELAY
XQ