Gürcüstan “ikinci cəbhə”yə çevriləcək
2024-cü ilin payızında keçiriləcək parlament seçkilərində müxalifətdəki “Vahid Milli Hərəkat”ın qələbəsi Gürcüstanı bir neçə gündən sonra “ikinci cəbhə”yə çevirəcək. Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.
O, aparıcı müxalifət partiyalarını və onların tərəfdarlarını “radikal müxalifət” adlandırıb. İ.Kobaxidzenin sözlərinə görə, müxalifət Gürcüstanda vəziyyəti gərginləşdirməklə, inqilab təşkil etməklə hakimiyyət dəyişikliyinə çalışır. Bu isə ölkəni müharibəyə sürükləyəcək: “Nəzəri olaraq, “Vahid Milli Hərəkat”ın seçkilərdən sonra hakimiyyətə gələcəyini təsəvvür etsək, mən sizə zəmanət verirəm ki, bir neçə aydan sonra deyil, bir neçə gündən sonra Gürcüstan “ikinci cəbhə”yə çevriləcək”.
Baş nazir qeyd edib ki, o, əlində olan məlumatlara əsaslanaraq buna zəmanət verir, bu barədə isə ictimaiyyətə danışa bilməz: “Təəssüf ki, ictimaiyyət məlumatların çox azını bilir. Biz müəyyən məlumatları açıq şəkildə paylaşmırıq. Hazırkı reallığa, münasibətlərə diqqət yetirmək hələ də vacibdir. Bu səbəbdən müəyyən məlumatları, o cümlədən bəzi görüşlər barədə açıqlama vermirik”.
İ. Kobaxidze ölkədə proseslərin analoji şəkildə inkişaf etməyəcəyinə əmindir: “Oktyabrın 26-da keçiriləcək seçkilər müharibə ilə sülh, liberal faşizmlə ənənəvi dəyərlər, Gürcüstanın qaranlıq keçmişi ilə ölkənin parlaq, Avropa gələcəyi arasında bir növ referendum olacaq. Biz əminik ki, “Gürcü arzusu” seçicilərin, təxminən, 60 faizinin dəstəyini qazanacaq. Bu səbəbdən də müxalifətin seçkilərdə qalib gəlmək şansı yoxdur. Çünki gürcü xalqı, ilk növbədə, ölkənin maraqlarını müdafiə etməyə sadiqdir”.
Baş nazir ABŞ Konqresinin Gürcüstan hakimiyyətini “xarici agentlər” haqqında qanunun qəbuluna görə tənqidinə də münasibət bildirib: “Konqresdə belə bir qiymətləndirmə Gürcüstanla bağlı praqmatik mövqenin hələ formalaşmadığını göstərir. Biz Gürcüstan dövlətinə qarşı ədalətsiz hücumlar gördük. Konqresdə səslənən tənqidlərin heç bir əsası yoxdur. Amerikalı tərəfdaşlarımıza fərqli gündəm təklif etmək istəyirik, bu, sıfırlama deməkdir. Bunun fonunda gürcü-amerikan münasibətləri yenidən qurulmalıdır”.
Kobaxidzenin fikrincə, münasibətləri bərpa etmək üçün, ilk növbədə, ədalətli yanaşma lazımdır. Gürcüstan bunun üçün lazım olan maksimum sayda addımı atacaq. Əsas odur ki, ABŞ hakimiyyətinin nümayəndələri də belə addımlar atsınlar. Onun sözlərinə görə, Avropa İttifaqı (Aİ) da yaxın gələcəkdə Gürcüstanın bu quruma üzvlüyü ilə bağlı danışıqlardan imtina etməyəcək.
Hazırda Gürcüstan Aİ-yə üzv olmağa namizəd ölkədir. Ölkə bu statusu 2023-cü ilin dekabrında, Ukrayna və Moldovadan bir il sonra alıb. Gürcüstana həmçinin Aİ-yə daxil olmaq üzrə danışıqlar mərhələsinə keçmək üçün 9 şərt verilib. Onların arasında qütbləşmənin aradan qaldırılması, oliqarxsızlaşma, azad və rəqabətli seçkilərin təmin edilməsi və s. var. “Bu, gürcü xalqı ilə bağlı verilən qərardır, yəni, gürcü xalqına namizəd statusu veriblər. Mən əminəm ki, onlar danışıqlara başlamaqdan imtina etməyəcəklər. Əgər başqa cür olarsa, o zaman məlum olur ki, gürcü xalqına qarşı yanlış münasibət var. Məsələn, Moldova siyasi və media plüralizmi sıfır olan MDB üzvüdür. Demokratiya, korrupsiya baxımından ciddi problemləri var. Belə bir vəziyyətdə Moldova ilə danışıqlar davam edir. Amma bizimlə yox, bu, böyük ədalətsizlikdir”, – Kobaxidze bildirib.
Onun sözlərinə görə, belə ədalətsizliyi Aİ və Gürcüstanın fərqli maraqları ilə izah etmək olar. “Maraqlar dəyişən kimi, Gürcüstana yanaşma da dəyişəcək və danışıqlar açılacaq”. Gürcüstanın Baş naziri əmin olduğunu bildirib ki, 2030-cu ilə qədər namizəd ölkələr arasında Gürcüstan Aİ-yə inteqrasiyaya ən yaxşı şəkildə hazır olacaq və bu istiqamətdə addımlar atmağa davam edəcək.
İ.Kobaxidze daha sonra bildirib ki, Aİ və ABŞ-nin özünün oliqarxsızlaşmaya ehtiyacı var. Eyni zamanda, baş nazir qeyd edib ki, Gürcüstan hakimiyyəti son iki-üç il ərzində Qərb tərəfdaşlarının – Avropa və Amerika institutlarının gürcü xalqının gözündə müsbət imicini qorumaq üçün mümkün olan hər şeyi edib.
Xatırladaq ki, Gürcüstanın Aİ ilə münasibətləri 2024-cü ilin yayından pisləşməyə başlayıb. İyulun 9-da Aİ səfiri Pavel Qerçinski bəyan edib ki, Aİ liderləri Gürcüstan Müdafiə Nazirliyi üçün ayrılan pulu verməyəcək. Üstəlik, hökumətə birbaşa maliyyə dəstəyini azaldacaq. Həmin vəsait isə QHT və mediaya yönəldiləcək. O, bu qərarı Gürcüstanda “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbulu və anti-Qərb ritorikası ilə izah edib. Bundan əlavə, Aİ Gürcüstanın birliyə qoşulması prosesini dayandırmaq qərarına gəlib.
Bu arada Gürcüstanla bağlı daha bir xəbər mətbuatın marağına səbəb olub. Məlumatda bildirilir ki, “Gürcü Arzusu” partiyasının qurucusu Bidzina İvanişvilinin prezidentliyə namizədliyi irəli sürülə bilər. Bunu jurnalistlərə açıqlamasında ədliyyə naziri Rati Breqadze deyib. “Əgər İvanişvili prezidentliyə namizədliyini irəli sürməyə qərar verərsə, əminəm ki, o, Gürcüstan tarixində ən yaxşı prezident olacaq”.
Qeyd edək ki, parlamentar respublika olan Gürcüstanda prezident xalq tərəfindən birbaşa seçilmir. Oktyabrda keçiriləcək parlament seçkilərindən sonra yeni prezident 300 nəfərdən ibarət parlament üzvləri və regionların təmsilçiləri tərəfindən seçiləcək.
Pünhan ƏFƏNDİYEV