Şuşa Forumunda Qərbi Azərbaycan reallığı

post-img

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə iyulun 20-22-də «Yalan məlumatların iflası:Dezinformasiyaya qarşı mübarizə» mövzusunda keçirilmiş 2-ci Şuşa Qlobal Media Forumu bütün dünya üçün mühüm əhəmiyyət kəsb edən problemlərin, o cümlədən COP 29-la bağlı müzakirəsi ilə yadda qaldı. Bu aktual problemlər «Dezinformasiyaya qarşı daha davamlı cəmiyyət qurmaq üçün siyasət və təşəbbüslər», «Təsirin qiymətləndirilməsi dezinformasiyanın əhatə dairəsini müəyyənləşdirmək», «İqlim hərəkəti və media», «Süni intellektin reallığa, mediaya və dezinformasiyaya təsiri: Media savadlılığının təşviqi» adlı dörd panel sessiyada araşdırma predmeti olmuşdur. Təbii ki, Forumun ən yadda qalan hissəsi Prezident İlham Əliyevin iştirakı və çoxsaylı sualları hər bir azərbaycanlıda sonsuz qürur hissi doğuracaq səviyyədə aydın, səlis, siyasi və məntiqi baxımdan yüksək, tarixi həqiqətlərə əsaslanan və eyni zamanda bəşəri maraqları ehtiva edən, milli mənafe ilə sıx uzlaşan regional və beynəlxalq çalarları üzv surətdə əks etdirən cavablarla müşayiəti hesab edilə bilər.

Bu fikirlər Qərbi Azərbaycan İcmasının Nəzarət-təftiş Komissiyasının sədri, professor Vahid Novruzov “Şuşa Forumunda Qərbi Azərbaycan” sərlövhəli məqaləsində yer alıb.

AZƏRTAc məqaləni təqdim edir: “Qısacada olsa, dezinformasiya anlayışına nəzər salsaq görərik ki, o insanları, ilk növbədə rəqibləri, düşmənləri və işgüzar tərəfdaşları aldatmaq üçün qəsdən yayılan yalan məlumatdır. Yarımçıq, təhrif olunmuş və gecikdirməklə verilən məlumatlar da dezinformasiya olmaqla qarşı tərəfi istədiyin kimi səmtləşdirməyə zəmin yaradır ki, bu da bir çox arzuolunmaz sonluqla nəticələnir. Başqa sözlə desək, dezinformasiya informasiya müharibəsinin ən təhlükəli, dağıdıcı və çətin cilovlanan alətlərindən biri olaraq böyük təhlükə mənbəyi kimi dəyərləndirilə bilər. Məhz bu baxımdan 2-ci Şuşa Qlobal Media Forumu müstəsna əhəmiyyət daşıyır.

Dezinformasiyanın təhlükəsi dahi Çörçillin belə bir kəlamı dəqiq açıqlayır ki, “Həqiqət geyinənədək yalan yarım dünyanı dolaşar”. Eyni zamanda, dezinformasiya və yalana qarşı fəal olmağın vacibliyi isə “Qartallar susanda bayquşlar ulaşar” kəlamında real əksini tapmışdır.

Forum iştirakçılarının suallarını cavablandırarkən ölkə Prezidenti tamamilə haqlı olaraq bildirdi ki, dezinformasiya təkcə ölkənin nüfuzunu ləkələmir. Bu ölkənin biznes potensialını, sərmayə imkanlarını azaldır. Bu beynəlxalq ictimaiyyətin əsas məsələlərdən diqqətini yayındırır və tamamilə qeyri-realist ssenarilər üzərinə yönəldir.

Biz etnik təmizləmənin, işğalın qurbanı olmuşuq. Bu hal 30 il davam edib. Ancaq bizi dünyada təcavüzkar kimi təqdim edirdilər və medianın bu məsələni işıqlandırması, siyasi motivlərə söykənən mesajlar və qərarlar nəticəsində biz beynəlxalq sanksiyalara məruz qaldıq. ABŞ 1992-ci ildə Azərbaycana qarşı sanksiyalar tətbiq edibdir. Biz işğalın və təcavüzün qurbanı olmuşuq və o zaman konqresin ermənipərəst nümayəndərlərinin səyləri nəticəsində bizə qarşı sanksiyalar tətbiq edildi. Yəni, bu, absurd bir vəziyyətdir ki, humanitar böhrana məruz qalan, bir milyon qaçqını olan, işğal edilmiş əraziləri tamamilə dağıdılan bir ölkə sanksiyalara məruz qalmışdır.

Dövlətimizin başçısının Forumun açılışında dünyaya verdiyi mesajların bir çoxu ölkəmizin sülhsevər siyasətinin bir daha bəyan olunması ilə əlaqədardır.

Cənubi Qafqazın timsalında yeni reallıqlar zəminində bütün maraqlı tərəflərin birgə səyləri ona gətirib çıxaracaq ki, bu regionun xalqları özünü təhlükəsiz hiss edəcək, inteqrasiya olmasa da, ən azından müəyyən əməkdaşlıq, biz hesab edirik ki, uzunmüddətli sülh mümkündür və təbii, ona üstünlük veririk.

Çörçillin vaxtilə dediyi “Keçmişini unudan xalq öz gələcəyini itirir” kəlamı möhtərəm Prezidentimizin müasir reallıqlar şəraitində daha geniş anlamda və məntiqi uzaqgörənliklə siyasi ifadəsində əks olundu: “Sözsüz ki, biz heç bir zaman nə işğalı, nə fəsadları, nə verdiyimiz qurbanları, nə böyük Qələbəmizi unutmayacağıq. Biz və bizim gələcək nəsillərimiz bu Qələbə ilə fəxr edəcək. Lakin biz buna fokuslanmamalıyıq, biz bu mövzunu daimi istismar etməməliyik və onu daimi bir rəmzə çevirməməliyik, biz irəli getməliyik.

Bir Qərbi azərbaycanlı olaraq mənim üçün çox önəmli olan ikinci Şura Forumunda Qərbi Azərbaycan problemi xarici iştirakçılar tərəfindən müzakirə predmeti kimi ortaya qoyuldu və Prezident İlham Əliyev bir daha tarixi reallıqlar, ikili standartlar, milli düşmənçilik, dezinformasiya və yalan, möhtəkirlik və qarayaxma, beynəlxalq hüququn normalarına itaətsizlik və bir sıra digər amil və səbəblər fonunda Forum iştirakçılarına Qərbi Azərbaycanlıların haqq işinə münasibət bildirdi. Rusiya nümayəndəsi Maksim Şevçenkonun “Azərbaycanlılar öz vətənlərini – Qərbi Azərbaycanı görəcəklərmi?” sualına Prezident İlham Əliyevin cavabından sitat gətirmək istərdim: “Mən əminəm ki, həmin gün mütləq gələcək. Burada biz, əlbəttə ki, Ermənistan rəhbərliyinin siyasi iradəsinə, bəyan etdiyi demokratiya və qanunun aliliyi prinsiplərinə sadiqliyinə ümid bəsləyirik”.

“Biz onlardan açıq-aydın bəyanat gözləyirik ki, bugünkü Ermənistan ərazisindən, Qərbi Azərbaycandan qovulmuş azərbaycanlılar, yaxud oradan didərgin salınanların övladları və nəsilləri öz tarixi torpaqlarına necə qayıda və həmin yerlərə gedə bilərlər, yaxud həmin torpaqlarda necə yaşaya bilərlər”, “Biz oraya tanklarla yox, avtomobillərlə gələcəyik. Mən bunu indi də deyirəm. Düşünürəm ki, bu mesaj, bugünkü erməni rejiminin sponsorlarının, xüsusən Parisdə və digər Qərb paytaxtlarındakıların onlara çox aydın şəkildə çatdırmalı olduğu ismarıclardan biridir”.

Vaşinqton Bey Atlantik Universitetinin təmsilçisi professor Paulo Lieble Fon Şirakın fikirləri də diqqətə layiqdir: “Qərbi Azərbaycan məsələsinə toxunmaq istəyirəm. Biz Vaşinqtonda bir neçə gün öncə Qərbi Azərbaycan İcmasının nümayəndəsi ilə də görüşdük, bunu ətraflı müzakirə etdik. Biz bilirik ki, bu məsələ ilə bağlı necə qərəzli işıqlandırma var. Üç yüz min azərbaycanlının oradan didərgin salınması ilə bağlı heç kəsdə məlumat yoxdur. Burada hər hansı kompensasiya edilməyib, bunun hər hansı bir əsaslandırılması olmayıb, təqdim edilməyib. Mən şadam ki, belə bir görüş keçirildi və biz məlumatlandırıldıq”.

Bu qısa şərhimi “Berliner Zeitung” qəzetinin nümayəndəsi Holqer Fridrixin Azərbaycanla bağlı natamam, qeyri-dəqiq və manipulyasiya edilmiş Hesabatlara münasibətlə bağlı suala dövlətimizin başçısının cavabı ilə yekunlaşdırmaq istərdim: “Əvvəllər biz təəccüblənirdik, sonra məyus olurduq, indi isə buna çox biganə yanaşırıq. Bizim üçün fərq etməz, çünki burada əsas qərar sahibi Azərbaycan xalqıdır və hökumətin fəaliyyəti məhz xalqın mənafeyi naminədir».

Bu məqamda yenə dahi Çörçillin bir deyimini xatırladım: “Əgər hər hürən itə siz dayanıb daş atsanız, nəzərdə tutduğunuz yerə heç vaxt gedib çata bilməzsiniz”.

Müsahibə