Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Cəfər Namiq Kamal “XQ”nin suallarını cavablandırır.
– Cəfər müəllim, bugünədək səhnədə yüzlərlə obraz yaratmısınız. Amma tamaşaçıların yadında daha çox “Qız atası” teletamaşasındakı Yarik rolu ilə qalmışınız.
– “Qız atası” teletamaşası 1978-ci ildə Əfqan Əsgərovun eyniadlı pyesi əsasında hazırlanmışdı. O vaxt hamının gözü ölkənin tək telekanalı Azərbaycan Televiziyasında idi. Yəni teleekrana düşdünsə, bütün ölkədə tanınırdın. İnanın, küçəyə çıxa bilmirdim, böyüklü-kiçikli hamı mənə Yarik deyirdi. Bir dəfə çarşablı qadının yanımdan keçərkən mənə “Yarik!” deməsi heç yadımdan çıxmır. Onda o ki var gülmüşdüm.
Hələ tələbə ikən Azərbaycan Dövlət Televiziyasında rejissor köməkçisi işləyirdim. Həmin telesəhnəcik “Komediyalar aləminə səyahət” verilişində nümayiş olunub. Sonra 25 il Gənc Tamaşaçılar Teatrında işlədim. Artıq 27 ildir Akademik Milli Dram Teatrında çalışıram.
– Elçin Əfəndiyevin “Ah, Paris, Paris!..” əsərində Eynşteyn, “Mənim ərim dəlidir”də Dost, İlyas Əfəndiyevin “Dəlilər və ağıllılar”ında Əbhəm Tağıyev, M.F.Axundovun “Lənkəran xanının vəziri”ndə Vəzir Mirzə Həbib, C.Məmmədquluzadənin “Ölülər”ində Şeyx Əhməd kimi kaloritli obrazlarınız var. Bu siyahıya daha kimləri əlavə edərdiniz?
– Əli Əmirlinin “Köhnə ev” tamaşasındakı Kamran Qızılsəsi. Həm əsər, həm də rejissor işi baxımından gözəl tamaşa idi. Bəhram Osmanov quruluş vermişdi. Yaradıcı heyət istedadlı aktyorlardan təşkil olunmuşdu. Əsas tərəf müqabilim Şükufə Yusipova ilə qəmli bir eşq hekayəsi canlandırmışdıq. Həqiqətən tragikomediya idi. “Köhnə ev” Eldəniz Zeynalov və Səfurə İbrahimova üçün son tamaşaları oldu. Eldəniz müəllim başqa tamaşalarda, adətən, məşqə gecikərdi, amma bu tamaşanın məşqlərinə hamıdan tez gəlib paltarını dəyişər, məşqin başlanmasını gözləyərdi. Sanki sonuncu obrazını oynadığını hiss eləmişdi.
– Dediyiniz kimi, qəhrəmanlarınızın çoxu tragikomediyalardan gəlir. Bu, öz istəyinizdir, yoxsa rejissorlar sizi bu obrazda görürlər?
– Qəhrəmanımın dərdi-səri olmasa da, orda bir dərd, ya da yumoru olmayanda komediya tapıram. Düzdür, çox dərd də ziyandır, sevinc də. Gərək aralarında balansı gözləyəsən. “Qatarın altına atılan qadın” tamaşası başdan-ayağa qəmli hekayədir. Gözəl keçmişi olan populyar aktrisa indi dəmir yolu vağzalında gecələyir. Nakam taleyini tərəf müqabilinə – mənə danışır. Ağlayır, mən də ona qoşulub ağlayıram. Tamaşanın rejissoruna dedim ki, ay Mehriban xanım, (Mehriban Ələkbərzadə –red.) o zarıyacaq, mən də zarıyacağam, axı tamaşaçının nə günahı var? Soruşdu nə etmək istəyirsən? Dedim özümdən improvizə edəcəyəm, çox olarsa, deyərsiniz, yığışdıraram. Obrazın xarakterinə bəzi əlavələr etdim, əsərin müəllifi Afaq Məsudun da çox xoşuna gəldi.
– Kinematoqrafiyada da bir çox işləriniz olub. Bəs yaratdığınız hansı obraza görə sizə kino aktyoru deyə bilərik?
– Deməsələr yaxşıdır, çünki kinoda elə ciddi fəaliyyətim yoxdur, xırda rollarda çəkilmişəm. Eldar Quliyevin “Dərvişin qeydləri” filmində Xanın qardaşını canlandırmışam. Onu göstərib, kinoda olmuşam demək olar. Maraqlı obraz idi, kinoda gözəgəlimli işim odur. Əsasən, televiziyada maraqlı yaradıcılığım var. “Anamın kitabı”nda Rüstəm bəy, “Duel”də Əziz, “Yurd yeri” telefilmində Sədrəddin rollarına çəkilmişəm. “Azərbaycanfilm”də şıdırığı filmlər çəkilən vaxt Gənc Tamaşaçılar Teatrında işləyirdim, bina təmirə dayanmışdı. Düz 10 il ancaq qastrollarda, yəni, təkərlər üstündə olduq. Filmə dəvət ediləndə məlum olurdu ki, qastrola çıxmalıyam. “Nəsimi” filminə çəkilə bilərdim. Nəsimi olmasaydım da, dostlarından, düşmənlərindən birini oynayardım...
– Gənc Tamaşaçılar Teatrının səhnəsində “C.Məmmədquluzadənin “Danabaş kəndinin məktəbi” tamaşasında maraqlı bir obrazınız vardı – “uçitel” Həsənəov. Eyni fkiri Vaqif İbrahimoğlunun quruluşunda M.F.Axundovun “Lənkəran xanının vəziri” tamaşasında yaratdığınız Vəzir Mirzə Həbib obrazı barədə də demək olar.
– “Danabaş kəndinin məktəbi” tamaşasına Azər Nemətov quruluş vermişdi. Möhtəşəm tamaşa idi. Gürcüstanda da oynamışdıq, zalda tamaşaçılardan biri gülməkdən oturacaqdan yıxılmışdı. O ki qaldı, Vəzir Mirzə Həbib obrazına, ona yanaşmamız fərqli oldu. Bütün rejissorlar Vəziri qorxaq, müti göstərirdilər, hətta arvadı da onu döyürdü. Amma biz dedik kı, bu adam ölkənin ikinci adamıdır, belə bacarıqsız ola bilməz. Sadəcə olaraq, hiyləgərdir, bu da onun siyasətidir. Məmləkətin işi qalıb kənarda, Xan səyahətlərə çıxır, vəzir də eşqbazlıqla məşğuldur.
– 1996-cı ildən Akademik Milli Dram Teatrında çalışırsınız. Hansı dövr həm teatr, həm də şəxsi yaradıcılığınız baxımından daha məhsuldar olub?
– Həmişə cani-dildən çalışmışam, yola verməmişəm. Canlandırdığım obrazları sevə-sevə işləmişəm. Videotekada, arxivdə yaxşı işlərimin qalmasını istəmişəm. Fəxri ad dalınca da qaçmamışam, heç kimə minnətçi düşməmişəm. Əməkdar artist fəxri adını 52 yaşımda veriblər, Xalq artistini 63 yaşımda. Dil açandan bu sənətdəyəm.
– Sizcə, Xalq artisti fəxri adı aktyor üçün son pillədir, yoxsa ardı var?
– Can sağlığından qeyri heç nə istəmirəm. Bir də rejissorlar məni yeni obrazlarda görsünlər, mən də çalışacağam onların üzünü ağardım.
– Cəfər müəllim, Stanislavski deyirdi ki, rejissor səhnənin “komandanıdır” və aktyorlar onun əmrlərini sözsüz yerinə yetirməlidirlər. Amma Meyerhold aktyora sərbəstlik verməyin, improvizələrin tərəfdarı idi. Yəqin çoxillik sənət təcrübənizdə bu sualın cavabını tapmısınız…
– Aktyor robot deyil, əmrləri yerinə yetirsin. Sağ olsun rejissorlar, mənə robot kimi yanaşmayıblar. Heç vaxt rejissorun işinə qarışmamışam, çünki mən öz obrazımın rejissoru olmuşam. Öz variantlarımı təklif etmişəm, hansını bəyənibsə, onun üzərində işləmişik. Aktyor həmin obrazda, bir növ, yeni insan yaradır. Oynamaq sözünü leksikonumdan çıxarmışam. Aktyor oyunçu deyil, yaradandır, obraza can və ruh verəndir.
İndi Azdramaya təzə nəfəs gəlib. Bədii rəhbər Mehriban Ələkbərzadə yeni tamaşalar hazırlayır. Üç tamaşasında rol almışam. Sonuncusu “Əsrə bərabər gün” oldu. Yəqin, qarşıda bizi yeni tamaşalar gözləyir.
Bu il 75 yaşım tamam olacaq, amma bununla bağlı tədbir-filana ehtiyac duymuram. Yubileyimi yeni bir tamaşada fərqli obrazla qeyd etmək istərdim…
Söhbətləşdi:
Ramilə QURBANLI
XQ